Yuxarı

Seçkidən sonrakı siyasət

Seçkidən sonrakı siyasət

Prezident seçkiləri bitdi və artıq nəticələr məlumdur. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev 86, 02 fazi  səs toplayaraq növbəti 7 il üçün ölkənin prezident seçildi. Ancaq seçkiyə ondan 7 namizəd qatılmışdı və seçkiqabağı təşviqat mərhələsində onlar müxətlif iddeya və təşəbbüslə çıxış etmişdilər. Bu ideyalar ölkədə ayrı-ayrı sahələrin inkişafı ilə bağlı idi. Keçmiş namizədlər bu ideyaları reallaşdırmaq üçün hansı addımları atacaqlar? 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, seçkilərdə namizəd kimi iştirak edən Razi Nurullayev proqramlarının həyata keçməsi üçün çalışacaqlarını deyib: "Qoy seçicilər düşünməsin ki, seçki qurtardı, vədlər bitdi. Biz söz verdiyimiz kimi fərqli yol ilə gedəcəyik. Əlimizdən gələn hər şeyi edəcəyik ki, dediyimiz proqramlar həyata keçsin. Yüksək məvacibli çoxlu iş yerləri açılsın, pensiyalar, sosial müavinətlər, əlillik üçün ödənişlər iki dəfə artsın, bütün ölkə boyu sosial evlər tikilsin. Biz kreslo üçün deyil, xalq üçün çalışırdıq və səylərimiz gecə-gündüz davam edəcək. Dəstəyinizi əskik etməyin. Hər evə səadət, xöşbəxtlik və bolluq arzulayıram!”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri və prezident seçkilərində namizədi Sərdar Cəlaloğlu isə onun təkliflərinin hökumət tərəfindən həyata keçirildiyini deyib: "Ötən prezident seçkilərində də qaldırdığım bir sıra məsələlər hökumət tərəfindən könüllü şəkildə icra olundu. Məsələn, ucuz evlər məsələsini qaldırmışdım ki, bu yoxsulluğun və kasıbçılığın aradan qaldırılması üçün hazırladığımız proqramın tərkib hissəsi idi. Azərbaycan hökuməti də artıq ucuz evlər kampaniyasını başladıb. Bu seçkidən sonra bir vətəndaş mənə yaxınlaşıb təşəkkürünü bildirdi ki, artıq banklar onların əmanətlərini qaytarmağa başlayıb. 

Yəni hökumətə verdiyim bütün təkliflərim icra olunur. Hətta qaldırdığım bir sıra məsələlərlə bağlı hökumət ciddi qərarlar verib. Amma ümumi şəkildə strateji, xarici siyasətlə bağlı məsələlər var ki, düşünmürəm hökumət onları icra etsin. Onun üçün bizim hakimiyyətə gəlməyimiz lazımdır. Amma bəzi sosial problemlər var ki, onların həll olunması mümkündür. Dəqiq məlumatlarım var ki, qaldırdığım sosial problemlərin həlli istiqamətində ciddi addımlar atırlar.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini,  prezidentliyə namizədi Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi olan Elçin Mirzəbəyli isə partiyanın seçki platformasının media orqanlarında yaydıqlarını deyib.

E.Mirzəbəyli əlavə olaraq hökumətə təkliflər verməyə ehtiyac görmədiklərini vurğulayıb: "Partiyanın platforması faktiki olaraq, əksər mətbuat orqanlarında dərc olunub. Seçki kampaniyası ərzində həm Qüdrət Həsənquliyev, həm də partiya funksionerləri seçki platformasında yer alan əsas prioritet olan məsələlər haqqında danışıblar, debatlarda çıxışlar olub. Hesab edirəm ki, xüsusi olaraq ayrıca təkliflər paketi hazırlamağa ehtiyac yoxdur. Çünki hər kəsin görə biləcəyi, əlinin çatacağı şəkildə mediada işıqlandırılıb. Çox güman ki, bundan sonra da Qüdrət Həsənquliyev parlament tribunasından ölkənin mənafeyi üçün gərəkli olan təklifləri səsləndirəcək. Eyni zamanda partiya olaraq mütəmadi olaraq ayrı-ayrı təkliflərlə bağlı fikirlərimizi bölüşəcəyik”.

V. Muxtar





Həftənin ən çox oxunanları