Yuxarı

Yeni Qarabağ planının gizlinləri

Yeni Qarabağ planının gizlinləri

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı Dağlıq Qarabağ probleminin həlli ilə bağlı sərt bəyanatlar verib.

O, münaqişənin həlli üçün Dağlıq Qarabağ separatçılarının müstəqil ayrıca subyekt kimi danışıqlarda iştirak etməsini təklif edib: "Əgər beynəlxalq ictimaiyyət, Azərbaycan Qarabağ münaqişəsini həll etmək istəyirsə, danışıqların hazırkı formatda aparılması məntiqə uyğun deyil. Əsas tərəflərdən biri müzakirələrdə iştirak etmədən münaqişəni necə həll etmək olar?”-Paşinyan belə deyib. 

"Dağlıq Qarabağın adından bu respublikanın hakimiyyəti (Qondarma DQR-ın separatçı rejimi nəzərdə tutulur-red.), Ermənistanın adından isə bu ölkənin hökuməti danışa bilər. Ermənistan da münaqişənin tərəflərindən biri kimi öz adından danışacaq. Mən bu danışıqlara hazıram. Ermənistan tərəfi Azərbaycanın aqressiv çağırışlardan istifadə etməsinə baxmayaraq, münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Hesab edirəm ki, məsələnin həllinin əsas amili formatın düzgün olmasından ibarətdir”.

Danışıqlar prosesinin separatçı rejimin rəhbərliyinin iştirakı olmadan yetərli sayılmadığını vurğulayan N.Paşinyan Dağlıq Qarabağ probleminin həllinə dair Azərbaycan prezidenti İlham Əliyevlə müzakirələr aparmağa hazır olduğunu deyib. 

Ermənistanın baş naziri Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasına yönəlik səyləri artırmağın lazım olduğunu bildirib. Ermənistan-Azərbaycan münaqişəsinin baş nazir Paşinyanın təklif etdiyi formatda həlli təbii ki, rəsmi Bakı tərəfindən qəbul oluna bilməz. Çünki Dağlıq Qarabağ beynəlxalq hüquqda Azərbaycanın ərazisi kimi tanınıb. Bu səbəbdən Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycan dövləti ilə bərabərhüquqlu statusa malik tərəf kimi danışıqlarda iştirak edə bilməz. Danışıqları aparmaq mandatı 1994-cü ildə ATƏT-in Minsk Qrupu tərəfindən Azərbaycana və Ermənistana verilib.

Çünki Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyindən münaqişədə əsas tərəf kimi iştirak edir. Bu isə BMT-nin, ATƏT Parlament Assambleyasının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, eləcə də digər dövlətlərin qəbul etdiyi qətnamələrdə öz əksini tapıb. Dağlıq Ancaq Dağlıq Qarabağdakı qondarma rejim beynəlxalq hüququn subyekti kimi tanınmır. Ona görə də Paşinyanın danışıqlar formatını dəyişdirmək təklifi münaqişənin nizamlanması prosesi ətrafında vəziyyəti dəyişə bilər. Yəni Nikol Paşinyanın Dağlıq Qarabağ ermənilərini danışıqlarda iştiraka qoşmaq səyləri rəsmi Bakı tərəfindən qəbul edilmədiyindən cəbhə xəttində vəziyyətin gərginləşməsinə, hətta hərbi əməliyyatların yenidən başlanmasına gətirib çıxara bilər. Ona görə də Paşinyanın "yeni format” axtarışı çox güman ki, beynəlxalq vasitəçilər, o cümlədən. Rusiya tərəfindən qəbul edilməyəcək. 

Lakin Nikol Paşinyanın Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirak etmək cəhdlərinin digər diplomatik izahları da var. Əgər Ermənistanın baş naziri danışıqların üçlük formatında aparılmasını təklif edirsə, qeyd edildiyi kimi bunun baş tutması tamamilə reallıqdan uzaq səslənir. Bu səbəbdən də N.Paşinyan ilk növbədə, irəli sürdüyü yeni formatın tərkibində Ermənistanın yerini dəqiq göstərməlidir. Belə ki, Ermənistanın iştirak etdiyi danışıqlar prosesində Dağlıq Qarabağın erməni icması təmsil oluna bilməz. İkincisi, müzakirələrdə Dağlıq Qarabağın erməni icması ilə yanaşı azərbaycanlı icması da iştirak etməlidir.

Ancaq bu danışıqlar yalnız Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxdıqdan sonra mümkün ola bilər. Rəsmi Bakı da dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycan ərazilərindən öz silahlı qüvvələrini çıxartdıqdan sonra Dağlıq Qarabağın erməni icması ilə yekun statusu müzakirə etməyə hazırdır. Lakin həmin danışıqlarda Qarabağın azərbaycanlı icması da təmsil olunmalıdır. Üstəlik, Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşı olduğundan danışıqlar prosesində suveren və bərabərhüququlu dövlət kimi təmsil olunmaq hüququna malik deyil.

Ermənistan isə sözügedən danışıqlarda Azərbaycanın daxili işlərinə qarışmadan erməni icmasının müvəkkili və ya vasitəçi qismində iştirak edə bilər. Nikol Paşinyan kompromisə getməkdə maraqlı olarsa, onun açıqlamasını Ermənistanın münaqişədən geri çəkilməsi, ətraf rayonları qaytarmaq müqabilində danışıqları Azərbaycanla Dağlıq Qarabağın erməni icması müstəvisinə keçirmək niyyəti kimi başa düşmək olar. Yəni problemin nizamlanmasında birbaşa güzəştə getməyin böyük siyasi risk olduğunu anlayan N.Paşinyan danışıqların Dağlıq Qarabağla Azərbaycan arasında keçirilməsinin vacibliyini irəli sürməklə Ermənistanın "oyundan çıxması” üçün diplomatik jest edir. Paşinyan hökuməti bu halda Ermənistan qoşunlarını Azərbaycan ərazisindən çıxartmağın müqabilində danışıqların Dağlıq Qarabağın erməni icması ilə Azərbaycan arasında davam etdirilməsini təklif edə bilər. Əgər Dağlıq Qarabağın erməni icması suveren, müstəqil tərəf kimi bir masa arxasında əyləşməkdən imtina edərsə, rəsmi Bakının bu təklifə razılıq verəcəyini söyləmək olar. Ona görə də N.Paşinyanın ilk baxışdan, sərt, radikal görünən bəyanatını əslində, kompromisə hazırlıq mesajı kimi də dəyərləndirmək olar. 

Nikol Paşinyanın Dağlıq Qarabağ ermənilərini münaqişənin nizamlanmasında iştirak etməsi barədə təklifi ictimai rəyə hesablanmış siyasi gediş də sayıla bilər. Hakimiyyətdə hələ oturuşmamış və siyasi komandasını formalaşdırmamış Nikol Paşinyanın fəaliyyəti hazırda ölkədəki bütün klanların dəstəyini almağa yönəlib. Sərt bəyanatlar indiki situasiyada N.Paşinyana payızda Ermənistanda keçiriləcək parlament seçkilərində qalib gəlmək üçün lazımdır.

Yeni baş nazir "məxməri inqilab”dan sonra Ermənistanda ən nüfuzlu siyasi lider sayılır və onun populyarlığı ölkə daxilində 82 faizə yüksəlib. Buna baxmayaraq, Paşinyanın Qarabağ klanının dəstəyini əldə etmək niyyəti açıq hiss olunur. Çünki Qarabağ klanına parlamentdə çoxluğu təşkil edən və Serj Sarkisyanın liderlik etdiyi Ermənistan Respublika Partiyasının təsiri daha yüksəkdir. Belə vəziyyətdə N.Paşinyanın Qarabağ klanı ilə daha dərin qarşıdurmaya getməsi və ya Azərbaycanla komromisə can atması onun hələ qurulmamış hökumətinin siyasi iflasına gətirib çıxara bilər. Ona görə də N.Paşinyanın Xankəndinə və Şuşaya səfəri fonunda verdiyi açıqlamaları ehtimal ki, seçkilərdə Respublika Partiyasının elektoratının səslərini qazanmaq, eləcə də S.Sarkisyana yaxınlığı ilə seçilən radikal siyasi qüvvələri neytrallaşdırılmaq məqsədi daşıyır.

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları