Yuxarı

İslahat növbəsində dayanan gömrük

İslahat növbəsində dayanan gömrük

Dövlət Gömrük Komitəsinin işi daim tənqid olunub. Gömrük keçid-mətəqələrində baş verən problemlər, insanların saatlarla gözlədilməsi, bürokratik əngəllərin baş verməsi adi hala çevrilmişdi. Prezident seçkilərindən sonra məhz bu sahələrdə ciddi dəyişikliklərin olacağı istisna edilmirdi. Əslində gözlənilən də oldu.

Yeni hökumətdə yer alan yüksək vəzifəli məmurlara bu problemlərin həllində böyük ümidlər bəslənilir. Dövlət Miqrasiya Xidmətində rəhbər dəyişikliyindən sonra artıq görüləcək işlərin ilk işartıları bəlli olur. Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov artıq islahatlara başlayıb. Belə ki, Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov tutduqları vəzifələrdən azad ediliblər. İşdən çıxarılanlar arasında həmçinin daxili təhlükəsizlik idarəsinin rəisi və müavini, Qanunsuz miqrantların saxlanılması mərkəzinin rəisi və 2 əməkdaşı da var. Görünən odur ki, bu sahənin şəffaflaşdırılması üçün ilk proses elə dövlətin giriş qapısından başlanılıb. 

Vüsal Hüseynovun bacarığı, düşüncəsi, prezidentin tapşırığı və Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevin təqdimatı zamanı işlətdiyi ifadələr bunu deməyə əsas verir. R.Mehdiyev Dövlət Miqrasiya Xidmətini dövlətin giriş qapısı adlandırdı. Bəs ölkənin digər giriş qapıları necə olacaq? 

Yuxarıda da qeyd olunduğu kimi, gömrük keçid-məntəqələrində kifayət qədər ciddi problemlər var. Xarici ölkəyə gedənlər, ölkəyə gələnlər saatlarla gömrük məntəqələrində gözlədilir. Bu da əhali arasında ciddi narazılıq yaradır. Yenə də eyni hallar yaşanacaqmı?

Yeni hökumətin formalaşmasında Dövlət Gömrük Komitəsinin sabiq rəhbəri Aydın Əliyevin yerinə gömrük xidməti general-leytenantı Səfər Mehdiyev təyin edilib. Ümumiyyətlə, yeni hökumətdə yer alan kadrlara böyük etimadlar bəslənilir. Artıq Səfər Mehdiyev də kadr islahatlarına başlayıb. Belə ki, hava nəqliyyatında baş gömrük idarəsinin rəisi gömrük xidməti general-mayoru Sadiq Abduyev Dövlət Gömrük Komitəsi Tibbi xidmət idarəsinin rəisi, tibb xidməti general-mayoru Fikrət Qədiməliyev vəzifəsindən azad edilib. Qeyd edək ki, mətbuatın yazdığına görə hər iki generalın adı ölkəyə qanunsuz dərman preparatlarının keçirilməsində hallanırdı.

Görünən odur ki, yeni təyinat alan kadrlara ən yüksək səviyyədə konkret tapşırıqlar verilib. Bu da dövlətin giriş qaplarında olan neqativ halların, problemlərin qarşısının alınacağına ümidləri artırır. Xüsusilə də gömrük xidmətində dəyişiklikləyə ciddi ehtiyac duyulur ki, bunun da yaxın zamanda reallaşacağı gözlənilir. Ehtimal olunur ki, Vüsal Hüseynov dövlətin giriş qapısı adlanan Miqrasiya Komitəsində İnam Kərimovun "ASAN” Xidmətə gətirdiyi sistemi gətirəcək. Ona verilən tapşırıqlar da konkret olaraq bu yöndədir. Miqrasiyada olan süni əngəllər aradan qaldırılacaq. Bu istiqamətdə Vüsal Hüseynova böyük ümidlər bəslənilir. Ehtimal olunur ki, Vüsal Hüseynov ona bəslənən ümidləri ən yüksək səviyyədə doğruldacaq.

Qeyd edək ki, artıq hər iki qurum haqqında yayılan məlumatlardan görünür ki, prosesə başlanılıb. Yaxın zamanlarda atılan addımların konkret nəticələri də bəlli olacaq.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları