Yuxarı

Əli Kərimlinin mühacir biznesində yeni oyunçular

Əli Kərimlinin mühacir biznesində yeni oyunçular

Və ya Bonnda "Yurd” sədrinə azadlıq deyə qışqıranlar kimlərdir? 

Azərbaycana qarşı şəbəkənin yeni oyunu başlayıb. Əslində oyun da yeni deyil, vasitəçilər də, amma tez-tez oyunçular dəyişir. Fərqli olan bir də zamanlamadır, bu dəfə AŞPA-dakı məlum olaylardan sonra (Səməd Seyidovun mandatının dondurulması-müəllif) yaranan vəziyyəti fürsət bilib Azərbaycana qarşı daha bir kampaniyaya start verilib. Yenə ssenari müəllifləri kölgədə, vasitəçilər ortalıqda, oyunçular meydanda. Ssenari necə yazılıbsa, vasitəçilərin diktəsi ilə oyunçular can-başla yerinə yetirməyə çalışırlar... 

Almaniyanın Bonn şəhərində bir qrup qaçqın statusu almaq üçün növbəyə dayanıb gözləyən şəxs "aksiya” keçirib. Bayraqlara bürünüb, siyasi məhbus hesab etdikləri şəxslərin fotolarını götürüb, küçəyə çıxıblar. Siyasəti Almaniyada sığınacaq almaq arzusu ilə birgə xatırlayan bu qrup nə etsə yaxşıdır? Bax, burası çox maraqlıdır. Onlar BMT vasitəsilə beynəlxalq təşkilatlardan Azərbaycanla əlaqələri dayandırmağı tələb ediblər. "Sərt tədbir görün” deyərək Azərbaycanla əlaqələrə son qoyulmasını istəyiblər. Bu insanlar hər halda güman etmir ki, qaçqın statusu almaq istəyən bir neçə nəfərin toplaşaraq bir neçə dəqiqəlik aksiyası beynəlxalq təşkilatların və dövlətlərin xarici siyasətini müəyyən edir. Yaxud da onları buna inandırmayıblar. Onlara Əli Kərimli və onun tərəfdarları tərəfindən sadəcə bu yolun status almaq üçün indiki halda yaxşı vasitələrdən biri olduğu deyilib, onlara digər zəruri sənədlər də verilib. 

Aksiyanın təşkilatçısı kimi Rəşad Bağırov adlı şəxs önə çıxıb. "Facebook” paylaşımlarına baxanda yan-yörəsində status almaq üçün əldən gedən Elşən Abdullayev, Fuad Əkbər adlı şəxslər görünür. "Kimdirlər, nəçidirlər, Azərbaycanda hansı fəaliyyətləri olub, siyasi mübarizədə harda dayanıblar?” deyə soruşmuruq. Çünki veriləcək cavab yoxdur. İndi BMT-nin binası qarşısındadırlar və nə üçün tərk etdikləri bəlli olmayan vətəni satmağa çalışır, ona xəyanət edirlər. 20 faiz torpağın işğal altında olmasıya bağlı qətnamə çıxaran bir qurumdan bu qətnamələrin icrasını yox, Azərbaycanla əlaqələri dayandırmağı tələb edirlər. Tam bir Əli Kərimli dəst-xətti.  Gözləmək olardı ki, soydaşlarımız BMT-nin Bonndakı inzibati binası qarşısına toplaşaraq bu qurumun Qarabağla bağlı qətnamələrinin icrasını tələb etsinlər, yaxud 18 mayda Laçının işğalının ildönümünü qeyd edib xarici təşkilatların diqqətini işğal faktına çəksinlər. Amma bunlar qaçqın statusu almaq imkanı vermir axi. Qarabağın işğalına etiraza görə adama Avropada oturum verməzlər ki, həm də vətəni bir statusa satan şəxs vətəndaşı olduğu ölkənin təəssübünü çəkə bilməz. Üstəlik belə işlərə görə nəinki oturum verməzlər, hətta oturumu ləğv edərlər. Oturumu özünü siyasi mübariz kimi göstərib bir az da barıtını çox edib təqiblərə məruz qaldığını iddia etməklə almaq olar. Əgər qohum-əqrəbana təzyiq olduğuna inandıra bilsən lap yaxşı. İşin daha asan olacaq. 

Ondan sonra ver əlini Avropanın qaçqın düşərgələri. Üstəlik öz dilləri ilə desək "aksiyaya” toplaşanların başqa tələbi də olub. Almaniyada olan qaçqınların Azərbaycana qaytarılması təcrübəsinə son qoyulmasını tələb ediblər. Çünki bu aqibətin sabah özlərini də gözləyə biləcəyini düşünürlər. 

Bir -iki ağız da siyasi məhbus hesab etdikləri şəxslərin azad etməyə çağırıblar. Hətta deyilənə görə, biri daha da irəli gedib onları bu tədbirlərə istiqamətləndirən "Əli Kərimliyə azadlıq” şüari da qışqırıb. Sonradan xatırladıblar ki, Əli Kərimli siyasi məhbus yox, ümumiyyətlə heç vaxt nə siyasi, nə də məhbus olub. Bu ikisi bir arada isə "Yurd” sədrinin xarakterinə ümumiyyətlə yaddır. Kərimlinin favoriti həbs edilmək yox, həbs etdirməkdir. Siyasi məhbus ifadəsi Əli Kərimlinin tərcümeyi- halı üçün qara ləkə olardı. Ömürlərində ancaq bir dəfə xaricə mühacirət üçün dəstək məktubu verəndə "Yurd” sədrinin adını eşidən "aksiyaçılar” ünvanı yanılıblar...

Ərtoğrul Süleyman





Həftənin ən çox oxunanları