Yuxarı

Razi Nurullayev hökumətə səsləndi: "İnsanlara ləyaqətli həyat vermək üçün zaman çox azdır”

Razi Nurullayev hökumətə səsləndi:

"Ölkədə çox sayda kasıb əhali var. Faizini bilmirəm, amma bildiyim həqiqət budur ki, kasıblar çoxdur. Bu kasıbların fonunda qeyri-qanuni yollarla varlanan, biznes quran, dövlət vəzifəsindən sui -istifadə edib varidat yığanlar var. Dövlətin sosial gücü var, fəxr edirik ki, kredit alan ölkədən kredit verən ölkəyə çevrilmişik. Neft də günü-gündən bahalaşır, Azərbaycan qaz ixracından da milyardlar qazanmağa başlayacaq. Bəs xalq nə zaman normal və xoşbəxt yaşaya biləcək?”

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib. 

Partiya sədrinin sözlərinə görə, bütün bunların fonunda əzilənlər, evsiz-eşiksizlər, əlillik almaq üçün haqsızlığa uğrayanlar, sosial müavinət almaq üçün qapılar döyənlər saysız-hesabsızdır: "Bu adamların çoxu varlı insanlara müraciət edirlər ki, onlara yardım etsinlər. Ağır xəstəsi olanlar yalvarır ki, onun əzizinin həyatını xilas etsinlər. On minlərlə insan var ki, günlərlə, aylarla həkim reseptini cibində gəzdirir, dərman ala bilmir.

Bizlər çox təkliflər vermişik və verməkdəyik. Əfsuslar olsun ki, hələlik nəzərə alınmır. Sosial bərabərsizlik, haqsızlıq, məmur özbaşınalığı, vəzifə məsuliyyətsizliyi isə davam edir. Vəzifəyə pul qazanmaq kimi baxış tüğyan etməkdədir. Hərçənd ki, vəzifə xalqa xidmət üçündür, zülm etmək üçün yox”.

R.Nurullayev deyib ki, işləyən təbəqə də aldığı əmək haqqı ilə dolana bilmir: "Ümumiyyətlə, Azərbaycanın ən böyük sosial problemlərindən biri əmək haqqının az olması, işçilərin hüquqlarının tapdalanması, tibbi sığortasının olmaması, rəqabətli iş yerlərinin azlığıdır. Əgər bir insan işləyirsə və deməliyəm ki, bəzən qul kimi 14-16 saat işlədirlər, amma aldıqları bu aydan o biri aya yetmir. İnsan ömrü boyu nökər işləyir, alçalır və gələcəyə ümidi də olmur. Hökumət bilməlidir ki, insanlara ləyaqətli həyat vermək üçün zamanı çox azdır. Vətəndaşlar daha bir neçə onillik gözləyə bilməz ki, ağ günə çıxacaqlar.

Biz "Hər ailəyə öz biznesini qurmaq üçün on min manat verilsin” deyəndə bu problemləri kökündən həll etmək istəyi ilə danışırdıq. Ölkədə iş yerləri açmaq, məhsul istehsal etmək üçün ailə biznesini genişləndirmək məqsədimiz idi. Bu gün kəndlinin 3-5, maksimum 7%-lik bank kreditinə çıxışı olmalıdır. Əgər kəndliyə kiçik faizli kreditlər verilməsə, nə kənd təsərrüfatı inkişaf edə bilər, nə də iş yerləri açılar. Ölkədə olan kütləvi işsizliyi həll etmək üçün kiçik sahibkarlıq vacibdir. Bu isə kreditsiz mümkün deyil. Bankların təklif etdiyi 30-40 faizlik kredit kəndlinin komasını yıxmaqdır, evini və ailəsini dağıtmaqdır. İnzibati yollarla inkişafa nail olmaq çox çətin olacaq, bazar liberallaşmalı, Rəqabət Məcəlləsi Milli Məclis tərəfindən, nəhayət ki, qəbul olunmalı və Ümumdünya Ticarət Təşkilatına üzvlük gerçəkləşməlidir.

Biz gözləyirik ki, verdiyimiz təkliflər müzakirə edilsin və həyata keçirilsin. Bi istəyirik ki, xalqın problemləri, hiss və emosiyaları üzərində siyasət qurmayaq. Hədəfimiz xalqın güzaranının yaxşılaşdırılmasıdır. Lakin hər bir siyasətin, hər bir prosesin həddi var. Hədd keçiləndə, xaos yaranır. Bu xaosdan istifadə edənlər isə fürsətçilərdir. Bax, Azərbaycanda aparılan ləng islahatlar və siyasi çatışmazlıqlar bu fürsətçilər üçün gözəl plasdarm yaradıb. Allah qorusun! İndi özünüz düşünün!”

Cebhe.info





Həftənin ən çox oxunanları