Yuxarı

Supergüclər arasında sanksiya savaşı

Supergüclər arasında sanksiya savaşı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Rusiyaya qarşı təqbiq etdiyi sanksiyaların əhatə dairəsi genişlənməyə başlayıb. Bu günlərdə yayılan məlumatlara görə artıq Britaniya hökuməti də Rusiyaya qarşı müəyyən addımlar atmağa başlayıb. Belə ki, Böyük Britaniyanın cinayətkarlıqla milli mübarizə agentliyi ölkədəki rusiyalılara qarşı istintaqın əhatəsini genişləndirə və onların aktivləri dondurula bilər. Bu haqda "Britaniyanın məşhur "Sandi tayms” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə söhbət Rusiya prezidenti Vladimir Putinlə bağlı olan oliqarxlar, milyonçulardan gedir və bura 130 nəfərin adı daxildir.

Maraqlı məqam ondadır ki, Britaniya hökuməti ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləmədiyini və bunun bütün Avropaya zərər verdiyini bəyan etmişdi. Xüsusilə də iri Avropa şirkətlərinin Rusiya ilə əməkdaşlığına son verilməsi Britaniya hökumətini qane etmirdi. Ancaq indi Britaniyanın belə bir addım atması Rusiyaya qarşı açılan daha bir cəbhənin olduğunu göstərdi. Qeyd edək ki, bir neçə gün öncə Rusiya da ABŞ şirkətlərinə sanksiyalar tətbiq etdi və onun Rusiya ərazisində fəaliyyətini məhdudlaşdıracaq qərarlar verildi. Britaniyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi isə geosiyasi vəziyyəti daha da gərginləşdirəcək.

Maraqlıdır, proseslərin gedişatı geosiyasi mənzərəyə necə təsir göstərəcək?

Politoloq Elşən Manafov "Cümhuriyət” qəzetinə şərhində bildirib ki, Britaniyada başlayan anti-Rusiya ovqatı Amerika Birləşmiş Ştatları və Rusiya arasında yaşanan gərginlik baxımından diqqətləri cəlb edir:

"Britaniyada Rusiyaya qarşı gedən təbliğatın əsası rusiyalı kəşfiyyatçı və sonradan elə Rusiya tərəfindən ifşa olunan şəxsin və qızının zəhərlənməsi ilə qoyuldu. Sonradan da aparılan tədqiqatlar göstəridi ki, bu Rusiyaya qarşı sanksiyaların tətbiq olunması üçün düşünülmüş mexanizm idi. Bu baxımdan düşünürəm ki, Britanıyada Rusiya əleyhinə güclənməkdə olan təbliğatın arxasında bu amil dayanır. Digər tərəfdən, həm də Britaniya ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara da dəstək vermək niyyətindədir. Amma onu da qeyd etmək lazımdır ki, Britaniyanın baş naziri Tereza Mey ABŞ prezidenti Trampla görüşündə Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ayrı-ayrı Avropa ölkələrinin transmilli şirkətlərinin maraqlarına cavab vermir.

Baxmayaraq ki, Britaniya özü Avropa Birliyindən çıxmaq üçün konkret mövqe sərgiləyib. Düşünürəm ki, Rusiyanın özünün də adekvat qərarlar qəbul etmək imkanları var. Ötən gün Putinin Rusiyada işləyən və əməkdaşlıq edən ABŞ şirkətlərinə tətbiq etdiyi sanksiya göstərir ki, Moskva da geri çəkilmək fikrində deyil. Prezident Putinin hansı şəraitdə Krımı qaytara bilər sualına bunun heç bir halda mümkün olmayacağı deməsi onu göstərir ki, Rusiya iqtidarı güzəştə getmək istəmir. Hesab edirəm ki, Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar lazımi səmərəni vermir. Bu sanksiyalar münasibətdə gərginlik yaradır, ancaq Avropa ölkələri bütünlükdə sanksiyalara qoşulmayana qədər Rusiya ətrafında gerçəkdən gərginlik yaratmaq mümkün olmayacaq. 

Xüsusilə, Rusiyanı Ukrayna və Suriyadan çıxarmaq üçün edilən cəhdlər, Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi üçün atılan addımlar və sair hələ ki, effekt vermir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları