Yuxarı

Bakıdan İrəvana xəbərdarlıq

Bakıdan İrəvana xəbərdarlıq

Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın yeni rəhbərliyinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində real addımlara atacağına ümid etdiyini bildirib.

"Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq, münaqişənin tezliklə həlli üçün ciddi işlər görəcək və imitasiya xarakteri daşımayan real danışıqlar başlanacaq. Bu baxımdan, məsələ öz həllini tapar və Qafqazda sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik. Bizim buna haqqımız var. Ümid edirik ki, hazırkı məsələ tezliklə danışıqlar yolu ilə nizamlanmaya nail olmaqdır”. 

Ermənistanın baş naziri Nikol Paşinyan da iyunun 7-də parlamentə təqdim etrdiyi hökumət proqramında Dağlıq Qarabağ probleminin həllinə yer ayırıb. Sənədin təqdimatı zamanı N.Paşinyan ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycanla danışıqları davam etdirməyin tərəfdarı olduğunu deyib.

"Müzakirələrin səmərəliliyinin artırılması baxımından keçmişdə əldə edilmiş razılaşmaları həyata keçirmək lazımdır. Əvvəlki razılaşmalar yerinə yetirilməyənə qədər yeniləri ətrafında danışıqlar aparmaq çətindir"-deyə Paşinyan bildirib. Buna baxmayaraq, Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının danışıqlarda iştirak etməsi ilə bağlı şərtini hökumət proqramına da daxil edib. O, qeyd edib ki, "Dağlıq Qarabağ Respublikası”nın münaqişənin tamhüquqlu tərəfi kimi iştirak etmədiyi danışıqlar dolğun və səmərəli hesab oluna bilməz. Paşinyanın sözlərinə görə, 1994-cü ilin Budapeşt sammitində Dağlıq Qarabağın iştirakı təmin olunub. Lakin 1998-ci ildən başlayaraq, Ermənistan rəhbərləri Dağlıq Qarabağın adından çıxış ediblər. 

Ermənistanın baş naziri bildirib ki, Dağlıq Qarabağ erməniləri danışıqlarda ayrıca səsə malik olmalıdır. Təbii ki, Ermənistanın bu şərtləri qarşılığında münaqişənin nizamlanmasına dair müzakirələrin baş tutacağı inandırıcı görünmür. Çünki Azərbaycan heç bir halda Dağlıq Qarabağ separatçıları ilə bir masa arxasında əyləşməyə razılıq verməz. Rəsmi İrəvanın bu mövqeyi danışıqlar prosesinin dalandan çıxacağına şübhə yaradır. Ona görə də cəbhə xəttində gərginliyin artacağı istisna olunmur.

 

Politoloq Elşən Manafov hesab edir ki, suveren dövlətə daxil olmaq istəməyən separatçı rejimlə bərabərhüquqlu tərəf kimi danışıqlara getmək beynəlxalq münasibətlər sistemində nonsensdir: "Əslində söhbət Ermənistana havadarlıq edən böyük dövlətlərin Azərbaycana qarşı təzyiq və təhdid siyasətindən, Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı təcavüz siyasəıtinin nəticələrindən getməlidir. Hazırda dünyanın heç bir yerində terrorçularla və suveren dövlətə tabe olmaq istəməyən bu və ya digər rejimlə danışıqlar masası arxasında oturmurlar.

Bu mənada Azərbaycanın uzun illərdir ATƏT-in vasitəçiliyi ilə mövcud problemi məhz danışıqlar yolu ilə həll etmək əzmi həm region dövlətlərinin maraqlarını nəzərə almaqla, eləcə də Azərbaycan dövlətinin güc işlətməməklə, dinc yolla tənzimləmək istəyindən irəli gəlir. Təəssüflər olsun ki, bu müddət ərzində Ermənistanın qeyri-konstruktiv mövqeyi və ona beynəlxalq miqyasda dəstəyin verilməsi danışıqların dalana dirənməsinin mühüm səbəblərindən biri olub.

Paşinyanın hakimiyyət başına gəlməsindən sonra müəyyən siyasətçilər Dağlıq Qarabağ probleminin həllində buz qatının əriyə biləcəyi ilə bağlı müəyyən ehtimallar söyləyirdilər. Lakin hələ ilk günlərdə onun bu məsələ ilə bağlı baxışları, Dağlıq Qarabağa səfər etməsi və Bako Saakyanla apardığı danışıqlar Paşinyanın bu problemin həllinə hazır olan siyasətçi təsiri bağışlamadığını göstərdi. 

Ermənistanda Rusiyanın dəstəyi ilə hakimiyyətə gələn Serj Sarkisyan rejimi devrilib. Amma Paşinyan hökumətinin müstəqil olmadığını görürük. Ermənistan hökuməti koalisyon əsaslarla fəaliyyət göstərir və Sarkisyanın hakimiyyəti dövründə vəzifəyə təyin olunmuş məmurlar hələ də söz sahibidir. Digər tərəfdən Paşinyan əvvəllər müxalifət lideri kimi keçirdiyi aksiyalarda Ermənistanın gələcəyi ilə bağlı, o cümlədən, Rusiya ilə münasibətlərin formasına dair daha fərqli mövqe sərgiləyirdi. Lakin dövlət idarəçilyinin müvafiq yükü altına keçdikdən sonra real və praqmatik addımlar atılmalı olduğunun zəruriliyini anladı.

Yəni Rusiyanın bölgədəki maraqları və tamamilə hakimiyyətdən kənarlaşdırılmamış Qarabağ klanının mənafeyini nəzərə almadan nə Ermənistanın sosial-iqtisadi problemlərini, nə də Dağlıq Qarabağ münaqişəsinin həllində erməni xalqının istəyinə uyğun lazımi addımlar atmaq mümkün olmayacağını başa düşdü.

Bunun üçün Paşinyana müəyyən zaman lazımdır. Həmin vaxt isə çox azdır. Hətta mən Paşinyanın və onun tərəfdarlarının növbədənkənar parlament seçkilərində məğlub olacağını istisna etmirəm. Üstəlik, Paşinyanın Xankəndində baş verən hadisələrə çağırışlarla münasibət bildirməsi onun Dağlıq Qarabağda söz və nüfuz sahibi olmadığını göstərdi. 

Güman edirəm ki, artıq Azərbaycan danışıqları Ermənistanla deyil, Rusiya ilə aparmalıdır. Bu zaman Rusiyanın bölgədəki maraqları da nəzərə alına bilər. Qərb bölgədən çox uzaqdır və münaqişənin həllinə təsir göstərmir. Doğrudur, Rusiyanı sanksiyalarla küncə sıxmaq istəyirlər. Amma Putin rejimi yıxılmayana qədər bu mümkün deyil. Azərbaycanda isə daha güclü siyasi sistem yaratmaq, ordunu gücləndirmək, fəal demokratik islahatlar aparmaq lazımdır. Bu halda biz Dağlıq Qarabağ probleminin Azərbaycanın xeyrinə həlli üçün konkret addımların atıldığını görəcəyik”.

Elşən Manafovun sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərindən sonra danışıqlar prosesi dalana dirənib. Ona görə də Azərbaycan dövlətinin hərbi gücünü çox incə və təmkinlə anlatmaq lazımdır. Eyni zamanda, Azərbaycan Dağlıq Qarabağda yaranmış böhranlı situasiyadan istifadə etməlidir. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları