Yuxarı

"Demokrat”ların Əbülfəz Elçibəy qısqanclığı

Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəy haqqında son zamanlar bilərəkdən yayılan bəzi məlumatlar, xüsusilə, müxalif düşərgədə olduğunu elan edib özünü demokrat adlandıranların mövqeyini şübhə altına qoyur. Xüsusilə, 4 iyun qiyamının ildönümü ərəfəsində başlayan müzakirələrin davamı olaraq Müsavat Partiyasında təmsil olunan bəzi şəxslərin, eləcə də özünü demokrat adlandıranların mövqeyi düşünmək üçün əsas verir. Əbülfəz Elçibəyə qarşı yönəlmiş bi mövqenin sərgilənməsində məqsəd nədir? Əbülfəz Elçibəy haqqında bu cür yalan, şər-böhtan dolu məlumatlar yaymaq onlara nə qazandırır?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Rafiq Daşdəmirli "Cümhuriyət” qəzetinə açıqlamasında Elçibəyə qarşı çıxanların zamanında ona xəyanət edənlər olduğunu deyib: "Azərbaycan Milli Azadlıq Hərakatının mərhum, unudulmaz lideri Əbülfəz Elçibəyə qarşı çıxanlar olub, bu gün də var. Kimdir bunlar? Əvvəla  Azərbaycanı istəməyən və sırf özlərinin maraqları naminə güya azərbaycançılıq istəyində olanlardır. Elçibəy ən böyük türk idi. Bu türklüyü istəməyənlər hər zaman Elçibəyə qarşı çıxıblar. Elçibəyin prezidentliyi dövründə, o az müddətdə gördüyü işlər onun siyasətini bəyənməyən böyük dövlətlər tərəfindən hər zaman tənqid olunurdu. Bu missiya həmin dövlətlərin ölkə daxilindəki emissarları tərəfindən daha açıq və kəskin tənqid, hətta təhqirə çevrilirdi.

Elçibəyin sağlığında ondan yararlananlar, sonrakı dönəmlərdə ona qarşı çıxanlar məhz zamanında ona xəyanət edənlərdir. Həyat dəyişir, elə zamana gəlmişik ki, dünən ona həqarət edənlər bu gün onun böyük insan olduğunu vurğulayaraq heykəlinin ucaldılmasını istəyirlər. Çox doğrudur ki, Elçibəyi xalq sevir, o, xalqın prezidenti olub. Çünki o da hər kəsi millətindən, düşüncəsindən asılı olmayaraq sevib. Onun böyüklüyü məhz bunda olub. Elçibəyə qarşı çıxanlar azərbaycançılığa qarşı, türkçülüyə qarşı çıxanlardır. Bu isə Musavat Partiyasında, digər partiyalarda da var. Belələri isə xalqın içinə sızmış kor yaradır, belələrinin cəzası kəsilib atılmaqdır”. 

R.Daşdəmirli əlavə edib ki, bu gün Elçibəyi təhqir edənlər sabah peşman olacaqlar: "Elçibəy Xalq Hərəkatının lideri olub. Xalq Hərəkatında da millyonların sevimlisinə çevrilmişdi. İkincisi, Elcibəy xalqın içindən seçilmiş, demokratik seçkinin qalibi olmuş bir prezident idi. Bu gün Elçibəy komandasının üzvləri parlamentdə təmsil olunur, izləri ölkə boyu hər yerdə görünür. İndi beş-üç nəfər Elçibəyə əli çatmayanların ona qarşı çıxmaları sadəcə, yelın qayadan apara biləcəyi qədərdir. Elçibəy bir məktəbdir, məktəbdə isə açılmayan məsələlər çox olar. Odur ki, etməsinlər. Hər zamanın öz hökmu var, zaman gələcək Elçıbəyə qarşı çıxanlar peşman olacaqlar”.

Elçibəyin müavini olmuş Zəlimxan Məmmədli də hesab edir ki, Əbülfəz Elçibəyi ittiham edənlər şəxsi maraqlar kontekstindən çıxış edirlər: "Əgər Azərbaycanın geosiyasi vəziyyətini, 200 illik imperiya nəzarəti altında olmasını nəzərə alsaq, bəziləri üçün 1 illik hakimiyyət müddətində bu bəlalardan xilas olmaq çox asan görünür. Əbülfəz Elçibəyin rəhbərliyində milli dəyərlərə, Azərbaycan, türk, islam dəyərlərinə söykənən dövlət qurulmağa başlanılıb. Aparılan islahatlar, kadrların şəffaf təyinatı, ola bilər ki, onların içində etimadı doğrultmayanlar da var idi, amma əksəriyyəti milli dövlət quruculuğu siyasətinə sadiq olublar. Artıq gördülər ki, Azərbaycan dövləti qurulur və bütün vasitələrlə bunun qarşısını almağa çalışdılar.

Bütün siyasi, iqtisadi, milli maraqlara xəyanətlər də o zaman oldu. O, zamankı ana müxalifət birbaşa olaraq qiyamın tərəfində dayandı. Bu da Rusiya və İranın Azərbaycanda Elçibəy hakimiyyətinin dəyişilməsinə hesablanmışdı. Qiyama rəhbərlik etmək üçün isə Surət Hüseynov tapıldı. Qiyam elə hazırlanmışdı ki, artıq hərbinin müəyyən bir hissəsi siyasiləşmişdi və proses dalğavarı gedirdi. İndi o prosesdə iştirak edənlərin belə danışmaları hesab edirəm ki, siyasi etika çərçivəsində deyil. Bu prosesə subyektiv mülahizələrlə yanaşmanın nəticəsidir. Və ya "Hakimiyyəti niyə verdilər?” prinsipi ilə regional faktorun axtarılmasıdır. Bu baxımdan, həmin insanların yanaşması subyektiv və əsassızdır. Əbülfəz Elçibəyə ən böyük dəyəri zaman-zaman Müsavat Partiyası adından İsa Qəmbər verib. 

Cəsarətlə deyirəm ki, Elçibəy kadrlarından ona ən böyük dəyər verən elə İsa Qəmbər olub. Təbii ki, mən də istəyərdim ki, qiyam yatırılsın. Amma o dövrün reallıqlarına uyğun olaraq Azərbaycan dövləti, bayrağı naminə hakimiyyətdən əl çəkildi. Bu qədər sadədir. Bu gün də o insanlar meydandadırlar, mübarizə aparırlar. Daha cəsarətli mübarizə aparsınlar, səfərbər olsunlar və hədəfə çatsınlar. Amma zaman-zaman Elçibəyi ittiham edən insanlar şəxsi maraqlara görə xırda məsələlərə diqqət ayrıraraq əsas hədəfdən yayınırlar. Bu məsələnin kökünü orada axtarmaq lazımdır. 

Əbülfəz Elçibəyin atdığı addımlar tarixidir. Bunlar zaman-zaman müzakirə olunacaq,  istəsək də qarşısını ala bilmərik. Amma buna real dəyər verə biləcək kifayət qədər insan var. Elçibəyi regionçuluqda, işbirliyində günahlandırmaq Rəsulzadə ideyalarını anlamamaqdır. Bu gün Azərbaycanda xalqın müəyyən kəsiminin xoşuna gəlməyən hökumət ola bilər, amma müstəqilliyimiz var, üçrəngli bayrağımız dalğalanır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları