Yuxarı

Bir tədbirə sözardı: Elçibəyin kölgəsində əzilən Əli Kərimli

Bir tədbirə sözardı: Elçibəyin kölgəsində əzilən Əli Kərimli

"Yurd” sədri Əli Kərimli Milli Azadlıq Hərəkatının lideri, mərhum AXCP sədri, sabiq prezident Əbülfəz Elçibəyə bəslədiyi həqiqi "münasibəti” bir daha göstərdi. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Qeyd edək ki, Əbülfəz Elçibəyin 80 illik yubileyinin keçirilməsilə bağlı hələ fevralın 4-dən Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökumət təşkilatlarına, ictimai qurumlara, kütləvi informasiya vasitələrinə, aydınlara və ictimai-siyasi fəallara müraciət edilmişdi. Bununla bağlı mətbuatda və sosial şəbəkələrdə də kifayət qədər geniş məlumatlar verilmiş,  "Əbülfəz Elçibəy-80” yubiley tədbirlərinin hazırlanması və keçirilməsi üçün Təşkilat Komitəsi yaradılmışdı. Təşkilat komitəsinin sədri Əbülfəz Elçibəyin keçmiş mətbuat katibi və silahdaşı, professor Ədalət Tahirzadə, sədr müavini isə Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov idi.

Hazırlıqların yekunu olaraq 22 iyunda "Əbülfəz Elçibəy-80” tədbiri baş tutub. Yubiley tədbirinə şəxsi dəvət alanlardan biri də məhz "Yurd” sədri, Elçibəyin müaviniolmuş Əli Kərimli olub. Ancaq Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli tədbirə dəvətli olsalar da, iştirak etməyi özlərinə rəva görməyiblər. Hər dəfə pafoslu çıxışlarla Elçibəy ideyalarına, siyasi-xəttinə sadiq olduqlarını iddia edən Əli Kərimli və Cəmil Həsənli bir daha silahdaş, sadiqlik, ideologiya, millət, dövlət anlayışlarına münasibətlərini ortaya qoymuş oldular. Təbii ki, özlərinə xas tərzdə...

Əli Kərimlinin Elçibəy "sevgisi” əslində hər kəsə məlumdur. Görünür, Milli Şuranın keçirdiyi mövsümi mitinqlərdə odlu-alovlu çıxışlarla özünü"əvəzedilməz lider” hesab edən Əli Kərimli Elçibəy haqqında danışmağa yox, hətta danışılanları dinləməyə belə ehtiyac duymur. Əli Kərimli unudur ki, onun bu gün də siyasi səhnədə var  olması Elçibəyin adı ilə bağlıdır. Elçibəy adının kölgəsində olmaqla və ya özünü elə göstərməklə siyasi fəaliyyət göstərib və bu gün də davam etdirir. Minnətdarlıq duyğusunun qarşılığını isə Əli Kərimli elə özünə layiq tərzdə verir. Xəyanət, riyakarlıq "Yurd”un xarakteri və o təşkilat altında birləşənlərin yaşam prinsipidir.

Əli Kərimli 1 illik Elçibəy hakimiyyəti dönəmində dövlət katibi, Azərbaycan Xalq Cəbhəsi Partiyasında isə sədrin I müavin olub. Hələ o dövrlərdə partiya daxilində qrup yaradan, sədrlik iddiasına olan Əli Kərimli Elçibəyə qarşı qara piar aparmaqla məşğul idi. Özünün rəhbərlik etdiyi, nəzarətində saxladığı, yön verdiyi mətbuat orqanlarında  Elçibəy haqqında həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli məlumatlar yazdırması da unudulacaq qədər  uzaq keçmişdə qalmayıb və sirr deyil. Bütün bunlar bilinən həqiqətlərdir. Bu gün isə Əli Kərimli hələ də içindəki Elçibəy düşmənçiliyini bitirmədiyini bir daha göstərmiş oldu.

Xalq hərəkatında, Elçibəy komandasında təmsil olunan şəxslərin əksəriyyətinin qatıldığı "Əbülfəz Elçibəy-80” adlı tədbirdə Əli Kərimlinin görünməməsi əslində təəccüblə qarşılanmamalıdır. Əli Kərimlinin özü kimi, hər kəs qəbul etməlidir ki, o, Elçibəyin ölümündən sonra da onunla mübarizə aparır. Ancaq yenə də qalib gələ bilmir. Bundan sonra da qalib olmayacağını bildiyindən nifrətini püskürtmək üçün meydan axtaırır.

Nə qədər qəribə görünsə də, Əli Kərimli bu gün də AXCP addına iddia edir. Ancaq Azərbaycan xalqı AXCP-ni Elçibəy adına, ideyalarına, siyasi-xəttinə görə sevib, qəbul edib. Ona qarşı çıxmaqla bu partiyaya rəhbərlik etmək mümkün deyil. AXCP adına iddia etmək üçün gərək ilk növbədə Əbülfəz Elçibəy ucalığını qəbul edərək onun yolu ilə getdiyinə xalqı inandıra biləsən. Bu isə Əli Kərimli timsalında mümkün deyil. Çünki Əli Kərimli siyasi fəaliyyətinə "yurd”çu kimi başlayıb, elə də bitirəcək. Bütün siyasi fəaliyyətini Elçibəylə mübarizəyə sərf edib, bundan sonra da tutduğu yoldan çəkinməyəcək. Bütün zamanlarda Elçibəy adının kölgəsində daldalanıb, bundan sonra da o kölgənin böyüklüyündə əziləcək.

Çünki Əbülfəz Elçibəy Azərbaycan xalqının azadlıq simvoludur.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları