Yuxarı

"Yurd”un əklil siyasəti

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev və partiya rəhbərliyinə daxil olan şəxslər, fəallar Fəxri xiyabanda Əbülfəz Elçibəyin məzarını ziyarət edib, böyük öndərin abidəsi önünə əklil qoyublar.

Lakin siyasi etikadan uzaq bəzi öyrədilmiş şəxslər AXCP-nin qoyduğu əklilə qarşı hörmətsizlik ediblər.

AXCP-nin məsələ ilə bağlı yaydığı bəyanatda baş verən hadisə Əbülfəz Elçibəyə qarşı hörmətsizlik kimi qiymətləndirilib:

"AXCP sədr Razi Nurullayevin rəhbərliyi ilə Milli Azadlıq Hərəkatının mərhum lideri, eks-prezident, Xalq Cəbhəsi Partiyasının qurucusu və sədri Əbülfəz Elçibəyin məzarını ziyarət etdi. Partiya və sədr adından Elçibəyin məzarına gül çələngi qoyuldu. Az bir müddətdən sonra məzarı ziyarət edən bir şəxsin çəkib paylaşdığı fotodan məlum oldu ki, əklil üzərindəki xatirə yazısı ("partiya” və "Razi Nurullayev” yazılan hissə) qoparılıb. AXCP bu hadisəni və yanaşmanı qəti şəkildə pisləyir və bəyan edir ki, bu mübarizə deyil, vandallıqdır, vəhşilikdir. Siyasi opponentlərə qarşı bu üsullarla mübarizə aparmaq olmaz”.

AXCP sədrinin müavini Mehriban Sadıqova məsələni araşdırmaq üçün Fəxri Xiyabana gedib, baş verən hadisəni yerində araşdırıb. M.Sadıqova "Cümhuriyət” qəzetinə açıqlamasında hadisənin kim tərəfindən törədildiyi ilə bağlı heç bir fakta rast gələ bilmədiyini deyib: "AXCP olaraq Fəxri Xiyabanda Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin doğum günündə onu ziyarətə getmişdik. Partiya sədri Razi Nurullayev və funksionerlərlə Elçibəyi yad etdik və məzarına əkilil qoyduq. AXCP sədrinə, eləcə də böyük liderə qarşı olan məlum hörmətsizlik olayı ilə bağlı Fəxri Xiyabanın mühafizə xidmətində oldum. Xidmətin əməkdaşları Fəxri Xiyabanda nəzarət kameralarının yerləşdirilməsinin mümkün olmadığını dedilər. Bununla bərabər xiyabanda olan təmizlik işçiləri ilə də söhbət apardılar. Onlar da diqqətçəkən məqamla üzləşmədiklərini bildirdilər. Buna baxmayaraq texniki heyət 23-24 iyun tarixinlərdə zibil qutularının hələ boşaldılmadığını dedi. Qutular mühafizəçilərin nəzarəti ilə boşaldıldı, lakin, çələngin üzərindən qoparılmış hissə tapılmadı. Mühafizə xidmətindən ötən il buna oxşar olayla Azadlıq hərəkatının öncüllərindən, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun da qarşılaşdığını dedilər. Bunlar faktiki görülməsi mümkün olan proseslər idi. Görülməyən tərəf isə vicdan məfhumudur”.

Məsələnin maraqlı tərəfi bu cür hərəkətin kimə "şərəf” gətirməsidir. Əbülfəz Elçibəy adına hörmətsizlik etməklə hansı amala, nəyə xidmət etdiklərini öz ağalarına göstərmək istəyirlər. Ümumiyyətlə, Əblüfəz Elçibəyin sağlığında da ona qarşı hörmətsizlik, liderə qarşı sədaqətsizlik göstərən "yurd”çular hələ də köhnə adətlərindən xilas ola bilməyiblər. Görünən odur ki, onlar Əbülfəz Elçibəylə ölümündən sonra belə çirkin mübarizə aparmaqda davam edirlər.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları