Yuxarı

Mövqe dəyişikliyindən Avropa nifrətinə qədər...

Mövqe dəyişikliyindən Avropa nifrətinə qədər...

Bu günlərdə müxalifətin radikal qanadında təmsil olunan sabiq deputat, hazırda Milli Şuranın fəal üzvü olan Gültəkin Hacıbəyli özünün də müdafiə etdiyi Avropanın "qurbanına” çevrilib.

Daim Avropa demokratiyasından dəm vuran sabiq deputat bu dəfə avropalıları ona qarşı qərəzli qərarda ittiham edib.

Qeyd edək ki, Gültəkin Hacıbəylinin Avropa Şurası və Parlament Assembleyasının (AŞPA) binalarına və tədbirlərinə girişinə ömürlük qadağa qoyulub. Bu barədə AŞPA-nın Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsi qərar qəbul edib.  Gültəkin Hacıbəyli vaxtı ilə Azərbaycanı AŞPA-da təmsil edən deputat olub. AŞPA üzvlərinin Korrupsiya İttihamları üzrə Müstəqil İstintaq Orqanının dərc olunan məruzəsinə əsasən, G.Hacıbəyli etik kodeksi pozduğuna görə ona sanksiya tətbiq olunub. Məruzədə qeyd olunub ki, ittihamlarla bağlı mövqeyini bildirməsi üçün G.Hacıbəyliyə müraciət olunsa da, o, bundan yayınıb. Nəticədə onun assambleyanın binalarına, tədbirlərinə girişi qadağan edilib. Digər bir neçə keçmiş xarici ölkə deputatlarına qarşı da oxşar sanksiya tətbiq olunub.

Müxalifətin radikal qanadında yer alandan sonra əməlli-başlı "demokrat” olan Gültəkin Hacıbəyli indi də Avropanın bu qərarına etiraz edir və qərarın qərəzli olduğunu sübut etməyə çalışır. G.Hacıbəyli statusu əlindən alınan kimi birdən-birə "demokrat” olanlardandır. Hələ Milli Məclisin üzvü olarkən  Gültəkin Hacıbəylinin deputat mandatı hesabına hansı qanunlara necə "hörmət” etdiyini  hər kəs bilir.

"Avropa demokratiyasını Azərbaycana biz gətirəcəyik” kimi fikirlərlə  radikal müxalifət mənsublarına ümidlər verən Gültəkin Hacıbəyli yəqin ki, bundan sonra daha fərqli cümlələr quracaq. Necə ki, deputat olanda müxalifətin ünvanına Azərbaycan folklorunun "incilərini” bir-bir sıralayırdı. İndi də hədəfi Avropadır. Maraqlıdır ki, sabiq deputat iddia edir ki, Avropa Şurası bu qərarı vermək üçün rüşvət alıb. Sabiq deputatın qısa aralarla səsləndirdiyi  fikirlərin bir-birinə nə qədər "uyğun” olduğunu görmək elə də çətin deyil. Çətin olan sabiq deputatı başa düşməkdir. Məsələn, AŞPA-nın qərarına sabiq deputat bu şəkildə cavab verir: "Azərbaycan hakimiyyətini sərt və ardıcıl tənqid etdiyim üçün belə bir dələduzluq faktı ilə, açıq təxribatla qarşılaşmağıma sevinən kəmfürsətlər, mübarizə aparmağa cəsarətləri çatmayıb bunu bacaranların üstünə yaranmış bircə saatlıq fürsətdən belə sevincək olub hakimiyyətdən betər saldıranlar, sizin hakimiyyətdən fərqiniz nə oldu?!”

Əslində sual maraqlıdır, amma ünvanı yanlış seçilib. Bu sualın ünvanı elə Gültəkin Hacıbəyli özüdür. Çünki həm hakimiyyətdə, həm də mandatı əlindən alındıqdan sonra radikal müxalifətdə təmsil olunan məhz Gültəkin xanım özü olub. Ona görə də sabiq deputat öyrənmək istədiyi fərqi ən yaxşı elə özü izah edə bilər. Hakimiyyətdə təmsil olunanda müxalifəti söymək necə hiss idi? Və yaxud indi radikal müxalifətin tribunasından hakimiyyəti, yəni, zamanında özünün olduğu yeri söymək necə hissdir?

Hər halda Avropanın qərarlarını Azərbaycan hakimiyyətinin icra etmək məcburiyyətində olduğunu dəfələrlə bəyan edən Gültəkin Hacıbəyli bütün hallarda AŞPA-nın onunla bağlı qərarını da "böyük demokrat” kimi qəbul etməlidir. Yox, əgər sabiq deputat Milli Şurasının tribuna atmosferinə düşənlərdəndirsə və o da səsləndirdiyi fikirləri vərəqdən oxuyubsa, sabiq deputatların fikirlərini başa düşmək olar. Çünki Milli Şuranın da mahiyyətini azdan-çoxdan hamı bilir.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları