Yuxarı

Bank sektorunu çökdürən 6 milyard

Bank sektorunu çökdürən 6 milyard

May ayının sonuna banklarda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 710.8 milyon manat təşkil edib.

Mərkəzi Bank xəbər verir ki, aprelin sonunda bu məbləğ 1 milyard 708.8 milyon manat idi. Beləliklə, mayda problemli kreditlər 2 milyon manat artıb. Mayda aprel ayı ilə müqayisədə bankların müştərilərə verdikləri cəmi kreditlər 129,7 milyon manat artaraq 11 milyard 945.5 milyon manata yüksəlib. Mayın sonunda ödəmə vaxtı keçmiş kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 14.3 faiz təşkil edib. Aprelin sonunda bu nisbət 14.5 faiz idi.

2017-ci ilin sonunda banklarda ödəmə vaxtı keçmiş kreditlər 1 milyard 626.7 milyon manat təşkil etmişdi. Ötən 5 ayda problemli kreditlər 84,1 milyon manat artıb.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, əgər problemli kreditlərin həllinə dövlət səviyyəsində çözüm tapılmasa, bu həcm getdikcə artacaq: "Problemli kreditlərin üzərinə faiz gəlir. Hətta yeni problemli kredit yaranmasa belə, köhnə kreditlərin üzərinə gəlmiş faiz dərəcələri bu növ kreditlərin həcmini artırır. Vətəndaşların zamanında götürdüyü kreditləri geri qaytarmaq imkanı yoxdur. İki devalvasiyadan sonra dollarla olan kreditlər 2 dəfədən çox bahalaşdı. Bu, əslində vətəndaşın günahı deyil, hökumətin qəbul etdiyi devalvasiya qərarı idi. Həmin devalvasiyanın yükü fiziki və hüquqi şəxslərin çiyninə düşdü. Nəticədə bu da problemli kreditlərin həcmini artırır və bundan sonra da artmaqda davam edəcək. Çünki nə vətəndaşlar, nə kommersiya qurumları yeni məzənnə ilə kreditləri qaytarmaq iqtidarında deyillər”.

Ekspert onu da qeyd edib ki, hazırda Azərbaycan məhkəmələrində 60 faizə yaxın iş problemli kreditlərlə bağlıdır: "Vətəndaşlara qarşı minlərlə iş açılıb, amma nəticəyə bunun heç bir effekti yoxdur. Çünki vətəndaş ödəmə qabiliyyətini itirib. Hesab edirəm ki, sözügedən problemin həlli ya Mərkəzi Bank, ya da dövlət dəstəyi proqramı çərçivəsində mümkündür. Təqribən 5-6 milyard manata yaxın vəsait lazımdır ki, problemli kreditlər tənzimlənsin. Hökumət də belə bir addım atmaq istəmədiyi üçün problemli kreditlərin həcmi artır”.

Natiq Cəfərlinin qənaətincə, hazırda bankların əsas gəlirləri valyutadəyişmə əməliyyatlarındandır: "Banklar ayaqda qala bilmək üçün fəaliyyət göstərməlidir. Bu kommersiya qurumlarının əsas gəlir mənbəyi kredit müqavilələridir. Hazırda banklar böyük valyutadəyişmə məntəqəsi kimi fəaliyyət göstərirlər. Əsas gəlirləri valyutadəyişmə əməliyyatlarındandır. Bu da kiçik bir məbləğ olduğu üçün bankların dayanıqlı olması çətinləşir. Məcburən yeni kredit xətləri açır, bu da gələcəkdə problemli kreditlərin həcmini artıra bilər. Bank sektorunda və iqtisadiyyatda olan köklü problemlər həll olmadığından, bu gün verilən kreditlər bir müddət sonra problemli kateqoriyaya daxil olur. Getdikcə bu disbalansın artmasını müşahidə  edəcəyik. Hər ay problemli kreditlər artacaq, paralel olaraq banklar gəlir əldə etmək üçün kreditləri artıracaq. Kreditlərin artımı isə gələcəkdə daha çox problemli kreditlərin yaranmasına səbəb olacaq. Bu da bir müddət sonra ümumi bank sektorunun çökməsi ilə nəticələnə bilər”.

Yeganə Oqtayqızı







Həftənin ən çox oxunanları