Yuxarı

AXCP sədrinin təklifi aktuallaşır

AXCP sədrinin təklifi aktuallaşır

20 ildir ki, Azərbaycanda ölüm hökmü ləğv edilib. Ölüm hökmünün ləğvi təşəbbüsü ilə ilk dəfə mərhum prezident Heydər Əliyev 1998-ci il yanvarın 22-də çıxış edib. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərin həyatı bağışlanıb.

Buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə, ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib. Sabiq müdafiə naziri Rəhim Qazıyev, baş nazir Surət Hüseynov, sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölməsinin komandiri Elçin Əmiraslanov, özünü qondarma "Talış-Muğan Respublikası"nın rəhbəri elan etmiş Ələkrəm Hümbətov barəsində məhkəmənin qərarı ilə ölüm hökmü çıxarılsa da, sonradan onların cəzaları dəyişdirilib.

Ölüm cəzasının ləğv edilməsi nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu qurumun üzv dövlətlərin qarşısında müəyyənləşdirdiyi tələblərdən biri idi.  Qurumun 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı şəkildə əksini tapdı və çox keçmədən bu mühüm məsələ Azərbaycanın müstəqil Konstitusiyasında təsbit olundu.

Zaman-zaman bu məsələ siyasi və ictimai elitada təmsil olunan müxtəlif şəxslər tərəfindən gündəmə gətirilsə də, ölüm hökmünün Azərbaycanda yenidən bərpasının mümkünsüz olduğu qeyd edilib. Ona görə mümkünsüzdür ki, Azərbaycan Avropa Şurası qarşısında bu məsələnin öhdəliyini götürüb. Amma digər tərəfdən, ölüm hökmünün bərpasına haqq verən əsaslar da var. İlk növbədə ona görə ki, Azərbaycanda sosial ədalətin bərpası, xüsusi amansızlıq və qəddarlıqla qəsdən qətl törədənlərin cəzalandırılması yalnız ölüm hökümünün tətbiqindən keçir. 

Qeyd edək ki, AXCP sədri Razi Nurullayev də ölüm cəzasının Azərbaycanda tətbiqini dəstəkləmişdi. Onun fikrincə, Azərbaycanda ölüm hökmünün bu və digər şəxslərə tətbiq olunması ilə bağlı referendum keçirilə bilər: "Ölüm hökmünü geri qaytarmırıq, amma ağır cinayətlər törətmiş adamlar haqqında ölüm referendumu keçiririk. Bu vacibdir. Mən hakimiyyətə gəldiyim an heç düşünmədən bunun həyata keçirilməsi üçün əlimdən gələni edəcəyəm. Millətin təmizlənməsi və qanunlardan qorxması üçün bu lazımdır. Nəticə üçün qurban vermək lazımdır və bu qurbanlar verilməlidir” deyə Razi Nurullayev vurğulamışdı.

Bundan əlavə millət vəkili Fazil Mustafa "Cümhuriyət” qəzetinə açıqlamasında qeyd etmişdi ki,  Milli Məclisdə bu məsələ müzakirə olunub.

Qeyd olunub ki, xüsusi amansızlıqla uşaqların, hamilə qadınların öldürülməsinə görə ölüm cəzasının tətbiq olunması doğru olar. 

Azərbaycanda  atanın öz övladını zorlaması, övladın valideynlərini baltalaması, azyaşlıların seksual manyaklar tərəfindən cinsi təzyiqə məruz qalması halları bu gün də baş verir. Həmçinin dövlətə xəyanət maddələri ilə həbs edilmiş  insanlar da olub. Ekspertlər xüsusi amansızlıqla cinayət törədənlərin, azyaşlıları zorlayaraq qətlə yetirənlərin, eləcə də vətənə xəyanət edənlərin cəzalandırılması üçün ölüm hökmünün bərpa edilməsini doğru bilirlər. Onlar hesab edirlər ki, qeyd edilən cinayət hadisələrinin qarşısını almaq, bununla da sosial ədalətin bərpa olunaraq cəmiyyətin qismən də olsa, düzələcəyi istisna deyil. Çünki  törədilmiş qatı cinayətlərin motivi bəzən o qədər acımasız olur ki, buna başqa ad vermək mümkün olmur, insanın bədəndəki qanı donur. Həmin an istənilən fərd qətli törədən barəsində cəza olaraq yalnız onun ölümə məhkum olunmasına haqq verə bilər. 

Bu gün dünyada, xüsusən, Avropada ölüm hökmündən imtina edilib. Lakin  ölüm hökmündən imtina edən bir sıra ölkələr qərarları üzərində yenidən düşünməyə başlayıblar. Rusiya, Türkiyə, Pakistan ölüm hökmünə moratorium qoyub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Avropa Birliyinə mesaj ünvanlayıb ki, ölüm cəzasının tətbiqi bərpa oluna bilər. Eləcə də Pakistan...

Amma bir tərəfdən də R.T.Ərdoğan bəyan edib ki, bu, elə də sadə məsələ deyil. Ölüm hökmünün bərpası  təklifi ilə bu dəfə tanınmış hüquqşünas Əkrəm Həsənov çıxış edib.  O, uşaqlara və qadınlara qarşı törədilmiş zorakılıq halları, eləcə də xüsusi qəddarlıqla törədilmiş cinayətlərin ölümlə cəzalandırılmasını təklif edib. Bildirib ki, Azərbaycanda müəyyən cinayətlər üçün ölüm cəzasının bərpa olunmasının tərəfdarıdır. Hüquqşünasın sözlərinə görə elə cinayətlər var ki, məhz ölümlə cəzalandırılmalıdır. Ölüm cəzası bütün cinayətlərin qarşısını almasa da, müəyyən qism insanlar bu cəzadan qorxduğu üçün cinayət törətməyəcək. Ölkədə ölüm hökmünün tətbiqinə razılıq verənlərin sayı da az deyil. 

Milli Məclisin deputatı Elmira Axundova dəfələrlə Azərbaycanda ölüm hökmünün bərpa edilməsi təklifi ilə çıxış edib. Deputat qeyd edib ki, son günlər Azərbaycanda ağılasığmaz cinayətlərin statistikasında ciddi artım müşahidə olunur.  Belə cinayətlərin iştirakçıları olmuş qatillərə isə 10-15 il həbs cəzası verilir ki, bu da məqbul cəza növü deyil. İstənilən halda cəzasını başa vurmuş həmin qatil azadlığa buraxılır və rahat şəkildə həyatına davam edir. Bu səbəbdən arvadının başını kəsən, azyaşlıları zorlayıb qətlə yetirənlərə ölüm hökmünün bərpa edilməsinin vaxtıdır.

Siyasi şərhçi Vüqar Zifəroğlu da ölüm hökmünün bərpasının tərafdarlarından biridir. O, hesab edir ki, bu gün bir sıra ağır cinayətlər törədən şəxslərə ölüm hökmünün şamil edilməsi ədalətli olardı. Həm bu dünya, həm də o biri dünya üçün... 

Şərhçinin sözlərinə görə,  ölüm hökmünün olması onun icra edilməsi demək deyil. Yəni, ölüm hökmünün olması onun bir cəza növü kimi tədbiq ediləcəyi demək deyil. Bu, bir sıra faktlara münasibətdə psixoloji basqıdır. Bu mənada ölüm hökmünün olması əslində müsbət effekt verir.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları