Yuxarı

Əli Kərimlinin gecikmiş etirafı: Mitinqləri niyə keçirib?

Əli Kərimlinin gecikmiş etirafı: Mitinqləri niyə keçirib?

"Yurd” sədri Əli Kərimli və tərəfdarları ilə qarşı tərəf - Avropada yaşayan qrup arasında söz atışması yenidən alovlanıb. Bir müddət  hökm sürən sakitlik yenidən pozulub. Bu dəfə Əli Kərimlinin son günlər yayılan videoçıxışı sakitliyi pozub. Söhbət o videodan gedir ki, orada Əli Kərimli uzun illər sonra nəhayət  gücsüzlyünü və müxalifət adına iddiasının səbəbini açıqlayıb. 

Təbii ki, Əli Kərimli indiyə kimi etriaf etməsə də, biz bunu öncədən yazırdıq. Və nəhayət, Kərimli özü də etiraf etdi...

Söhbət ondan gedir ki, "Yurd” lideri azsaylı iştirakçının qatıldığı mitinqlərin hakimiyyətlə mübarizə üçün faydasız olduğunu  və hətta bu məqsədlə keçirilmədiyini artıq etiraf etməyə başlayib. Görünür, son aylarda mitinq keçirmək üçün Milli Şura adından müraciətlərin olmamasının da əsas səbəbi budur - Kərimlinin etirafı. Kərimli nəhayət ki, bizlərin dəfələrlə dediyi və özünün də bildiyi, amma etiraf etmədiyi, lakin çoxdan  dərk etdiyi həqiqəti dilə gətimək məcburiyyətində qalıb. Dəfələrlə yazmışdıq ki, mitinqlərin bu formada təşkili müxalifət cəbhəsinə və xalqa böyük zərbə vurur. Azsaylı iştirakçı ilə keçirilən bu "tamaşalar" xalqın kütləvi aksiyalara olan inamını azaldır. Amma Kərimli və yandaşları özlərini müdafiə etmək üçün hər dəfəsində bir bəhanə tapır, bunu deyənləri "xalq düşməni” elan edir, müxalifətdə onlara yer olmadığını bəyanlayır, növbəti askiyaya hazırlıq üçün "qollarını çırmalayırdlar”. Halbuki, onlar da bir neçə yüz nəfərin  "Məhsul” stadionuna toplaşıb bir- iki şüar səsləndirərək dağılaşması ilə nəsə dəyişikliyə nail olmağın mümkünsüzlüyünü yaxşı anlayırdılar. Ümidi sonda ölən həmin o yüzlərin də sayı getdikcə seyrəlirdi, insanların illərlə gözlədiyi olmayanda, mübarizə effekt verməyəndə ümid onları, onlar da "Məhsul”u tərk edirdilər. Beləliklə, növbəti aksiyaya daha az sayda iştirakçının gəlişi təmin edilir, müxalifətə, mübarizəyə inam ölür, başqa sözlə, Kərimli istədiyini alır və ya ona tapşırılan missiyanı uğurla yerinə yetirdiyindən şirniklənirdi. 

İndi isə "Yurd” sədri etiraf edir ki, mitinq adına "Məhsul” stadionundakı aksiyalarla hakimiyyəti dəyişməyin mümkün olmadığını özü də əvvəlcədən yaxşı bilib. Sadəcə, bunu etiraf etmək üçün ona nə az-nə çox 17 il lazım olub və sonunda Kərimli etiraf etmək qərarına gəlib. Etirafı isə o olub ki, bu günə qədər təşkil olunmuş mitinqlərin məqsədi hakimiyyəti dəyişmək olmayıb. Kərimli sadəcə hakimiyyətə "zor” göstərməyə cəhd edib - əgər buna zor demək mümkünsə... 

Bu zor deyilən isə ölkədə müxalifətin varlğını göstərmək cəhdi olub. Yəni, mən də varam. Bu "varlıq nümayişi” neçə-neçə insanın həbsi ilə nəticələnib, neçələrini mübarizədən usandırıb - bunlar Kərimlini narahat etməyib. Sadəcə və sadəcə öz mövcudluğunu qorumaq və müxalifət adına iddiasının təmini üçün hərbəndir bir qrup insanı aksiyaya çağırıb, eyni mətnləri söyləyib, eyni jestləri edib, sonrası ilə maraqlanmadan meydanı tərk edib. Bu qədər sadə... 

Və ya Əli Kərimlinin Avropadakı "rəqibi” Nahid Cəfərovun təbirincə desək, "Bütün bu qurbanlar ona görə verilib ki, biz müxalifət olaraq hakimiyyətə göstərək ki, ölkədə müxalifət var və hakimiyyət bir az da xalqı sıxsa xalq bu alternativdən istifadə edə bilər. 25 illik mübarizə məhz buna sərf olunub. Bunu gözucu ilə oxuyub üstündən keçmək lazım deyil. Bu, bir siyasi partiya rəhbərinin mitinq qərarı verərkən və insanların həyatını riskə atarkən beynində gedən hesablamalarimiş”. 

Əli Kərimli "həqiqəti" və "müxalifətçiliyi" bu qədər sadədir. Onun şəxsinə hesabladığı və hazırladığı "tamaşalar" isə neçə-neçə insanın həyatını, gələcəyini məhv edib. Ən əsası, xalqda dəyişikliyə olan ümidi tamamilə öldürüb. Özünə guya müxalifət imici formalaşdırmaq istəyən bir adamın hesablamalarının xalqın hesablamaları ilə üst-üstə düşmədiyini görənlərin sayı artdıqca da meydandakı insanların sayı azalıb. Başqa sözlə, Kərimlinin öz siyasi mövcudluğu üzərində qurulmuş mitinq ssenariləri dəyişiklik istəyən və buna can atan kəsimi də mübarizədən yayındırmaq üçün əla imkan yaradıb. 

Elnarə Kərimova