Yuxarı

Qarabağ üçün təhlükəli plan

Qarabağ üçün təhlükəli plan

Nəzakət Məmmədova: "Məcburi köçkünlərin qaytarılması müqabilində yaxşı heç nə gözləmirəm”



"ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrinin açıqlamalarında dəfələrlə göstərilib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi planı bütün məcburi köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu təmin etməlidir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Onun sözlərinə görə, ATƏT Minsk qrupunun həmsədr ölkələrinin bəyanatlarında dəfələrlə vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması planı bütün qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerinə qayıtmaq hüququnu nəzərdə tutmalıdır.

Danışıqların formatına gəldikdə isə, M.Zaxarova bildirib ki, bu sual tərəflərə yönəldilməlidir: "Onlar iştirakçıların tərkibini müəyyənləşdirməli və razılaşdırmalıdır. Bildiyiniz kimi, indi danışıqlar prosesi Azərbaycan və Ermənistan rəhbərlikləri səviyyəsindədir və iki paytaxt, iki dövlət arasında müvafiq razılaşmalar və ya hər hansı bir razılaşma əldə olunsa, biz öz tərəfimizdən bu razılaşmaları dəstəkləyəcəyik. Təkrar edirəm, iki dövlət arasında razılaşmaları”.

Mariya Zaxarova azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmasının vacibliyini qeyd etsə də, onun mexanizmini göstərməyib. Yəni Rusiya XİN-in sözçüsü Ermənistanın işğal etdiyi əraziləri boaşlatmağın vacibliyindən söz açmayıb. Halbuki, Dağlıq Qarabağ probleminin həllinə dair həm "Madrid prinsipləri” həm də Rusiyanın vasitəçiliyi ilə qəbuil olunmuş "Kazan formulu” adlanan sənədlərdə məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ən vacib şərtlərdən biri kimi qoyulur.

Politloq Nəzakət Məmmədova hesab edir ki, M.Zaxarovanın sözləri ilk baxışdan Azərbaycanın maraqlarına uyğun görünsə də əslində, Rusiyanın münaqişənin həllinə yanaşmasında təhlükəli planlarından xəbər verir:

"Zaxarovanın niyə məhz məcburi köçkünlərin qayıtması məsələsini qabartması diqqəti cəlb edir. Təbii ki, işğal olunmuş ərazilərdən, o cümlədən Dağlıq Qarabağdan qovulanlar ermənilər deyil, azərbaycanlı əhalidir. Söhbət də münaqişənin həlli zamanı azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasından gedir. Ona görə də Zaxarovanın açıqlaması münaqişənin həlli istiqamətində ilk baxışdan müsbət jest kimi qəbul oluna bilər. Çünki yerli əhalinin öz evlərinə dönməsi münaqişənin həlli perspektivindən xəbər verir. Amma ola bilsin ki, Rusiya Dağlıq Qarabağada referendum keçirilməsi məsələsinə görə bu məsələni qabardır. Sergey Lavrov da Dağlıq Qarabağın yerli əhalisi arasında referendumun keçirilməsinin vaciblyini demişdi. Ona görə də Mariya Zaxarovanın fikirlərinin iki tərəfi ola bilər. Yəni bir tərəfdən məcburi köçkünlərin qayıtması barədə dedikləri ümidverici məqamlardır. Amma təhlükəli tərəfi ondan ibarətdir ki, məcburi köçkünlərin qayıtmasından Rusiya Dağlıq Qarabağda referendumun keçirilməsini legitimləşdirmək üçün istifadə edə bilər. Dağlıq Qarabağda əhali nisbəti azərbaycanlı icmasının xeyrinə deyil. Referenduma qanuni don geyindirmək Rusiyanın diplomatiyasında xüsusi yer tutur. Rusiya ən qeyri-qanuni fəaliyyətinə də qanuni don geyindirməyə çalışır. ABŞ isə Rusiyadan fərqli olaraq, hüquqa deyil, öz maraqlarına üstünlük verir. Rusiyanın Dağlıq Qarabağda referendum keçirmək planı çox təhlükəlidir. Əvvəla, bu referendumun harada keçiriləcəyinə aydınlıq gətirilməlidir. Ermənilər referendumun keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində keçirilməsini istəyir. Ətraf rayonlara azərbaycanlı məcburi köçkünlərin qayıtması müqabilində Dağlıq Qarabağada referendumun keçirilməsi Dağlıq Qarabağın birbaşa itirilməsi deməkdir. Çünki Dağlıq Qarabağda erməni icması sayca üstünlük təşkil edir. Referendum isə ətraf rayonları əhatə etməyəcək. Belə olan təqdirdə, ermənilər Dağlıq Qarabağın müstəqilliynə səs verəcəklər ki, bu da Azərbaycan torpaqlarının birdəfəlik itirilməsi və ona legitimlik donu geyindirilməsi deməkdir. Məcburi köçkünlər istənilən halda qayıtmalıdır. Amma Rusiya bunu nəyin müqabilində təklif edir? Mən bunun qarşılığında yaxşı heç nə gözləmirəm”.

Xanım Zaxarovanın bəyanatında digər ziddiyyətli məqam Azərbaycan və Ermənistan arasında keçirilən danışıqların format ilə bağlı mübahisəli vəziyyətin yaranması ilə ilə bağlıdır. Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10-11-də İrəvana səfəri zamanı Dağlıq Qarabağ ermənilərinin üçüncü tərəf kimi danışıqlarda iştirakına dair Ermənistan rəhbərliyinin şərtini dəstəkləyib. Mariya Zaxarova isə bu məsələnin Azərbaycan və Ermənistan arasında razılaşdırılmalı olduğunu, Rusiyanın tərəflərin gələ biləcəyi qərara dəstək verəcəyini iddia edir. Yəni Rusiya bu məsələdə neytral mövqe sərgiləyirsə, o halda Sergey Lavrov Ermənistanda sözügedən bəyanatı verməməli idi. Əgər rəsmi Moskvanın mövqeyində dəyişiklik etmək qərarına gəlibsə, o halda, M.Zaxarova Rusiya XİN adından S.Lavrovun fikirlərini təkzib etməlidir. Əks təqdirdə, XİN-nin sözçüsünün açıqlaması Lavrovun qalmaqala səbəb olmuş məlum fikirlərini siyasi cəhətdən pərdələmək cəhdi kimi başa düşülə bilər.

 Nəzakət Məmmədova bildirdi ki, danışıqların format məsələsində Azərbaycan Ermənistana güzəştə getməyəcək: "Dağlıq Qarabağdakı qondarma rejimin üçüncü tərəf kimi danışıqlarda iştirak etməsini təklif etsələr də Azərbaycan buna müqavimət göstərir. Azərbaycanın həmin təklifi qəbul edəcəyi də inandırıcı görünmür. Sadəcə olaraq, Rusiya bu məsələdən istifadə edib Azərbaycana təzyiq göstərir. Məqsəd Azərbaycanı təzyiq altında saxlamaqla regionda vəziyyətə nəzarət etməkdir”.

Müşfiq Abdulla