Yuxarı

Ağ Evə "İncirlik” təhdidi: NƏYİ DƏYİŞƏCƏK?

Ağ Evə

Ağ Evə

Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyəyə qarşı mövqeyini getdikcə daha sərtləşdirir. 

ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları gündəmə gətirməsi vəziyyəti kritikləşdirib. Bundan başqa ABŞ Konqresinin qondarma erməni soyqırımı haqqında qərar qəbul etməsi Türkiyəyə qarşı təzyiq mexanizmi kimi qiymətləndirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ tutduğu mövqeyə qarşı sərt münasibət bildirib.

Ərdoğan İncirlik hərbi bazasını ABŞ-ın üzünə bağlamaqla təhdid edib. Türkiyə prezidenti qeyd edib ki, əgər rəsmi Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq etsə, Türkiyə bu hərbi bazanı Birləşmiş Ştatlara bağlayacaq. Qeyd edək ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirimişdi ki, ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq edərsə, İncirlikdəki, Kürəcikdəki hərbi bazalar bağlana bilər: 

"ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq edərsə, o zaman İncirlik də, Kürəcik də bağlanar. Hər şey olar. Hipotezlər üzərində danışmaq istəməzdim. Bizim üçün bu məsələdə Konqresin qəbul edəcəyi qərar deyil, hakimiyyətin addımı əhəmiyyətlidir. Ən pis ssenariləri dəyərləndirib qərar verəcəyik. "F-35” və "S-400” arasında hüquqi və siyasi bir bağlılıq yoxdur. ABŞ təkliflərimizə "Xeyr” deyir. ABŞ məsələyə müsbət yanaşarsa, biz də eyni qarşılığı verərik. "S-400” hücum deyil, müdafiə sistemidir. "F-35” almasaq, aletnativlərə baxacağıq. Bu, Rusiya bazarı, başqa bazarlar da ola bilər".

Xatırladaq ki, ABŞ Türkiyəyə qarşı tətbiq etmək istədiyi sanksiyalara səbəb isə Türkiyənin Rusiyadan aldığı "S-400” hava hücumundan müdafiə sistemləridir. Artıq sanksiyalar ilk mərhələdə qəbul olunub. Qeyd edək ki, dekabrın 11-də Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Xarici Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiyaları tətbiq edən qanun layihəsini qəbul edib. "ABŞ-ın milli təhlükəsizliyinə Təşviq və İŞİD-in canlanmasının qarşısının alınması" adlı layihə 18 lehinə, 4 əleyhinə səslə təsdiq edilib. Səsvermədən əvvəl çıxış edən respublikaçı senator, Xarici Əlaqələr Komitəsinin rəhbəri Cim Riş bildirib ki, S-400-lər Türkiyə torpaqlarında olduğu müddətcə F-35-ləri ala bilməyəcək. Ərdoğanı seçimlərinə yenidən nəzər salmağa çağırırıq". Qanun layihəsinin əleyhinə səs verən senator Rand Pol Türkiyə haqqında alınacaq hər bir sanksiya qərarında diqqətli olmağın vacibliyini vurğulayıb: 

"Sanksiya tərs reaksiya yaradaraq qərarın Türkiyəni Rusiyanın orbitinə itələyə bilər”.

Qanun layihəsini respublikaçı senatorla bilikdə komitəyə təqdim edən demokrat senator Bob Menendez bildirib ki, "Xarici siyasətimizin Türkiyə tərəfindən girov alınması ilə bağlı narahatlıqlarımız var. Tramp Ərdoğanın Suriyaya olan tələbinə göz yumdu. İstədiklərini əldə etdilər". Göründüyü kimi, Ərdoğan ABŞ-ı sanksiyalara görə hədələyib.

Maraqlıdır, Türkiyə İncirlik hərbi bazasını ABŞ-ın üzünə bağlayarsa, münasibətlər hansı həddə qədər gərginləşdirə bilər?

Politoloq Fikrət Sadıqov "Cümhuriyət” qəzetinə şərhində Türkiyənin İncirliyi bağlamaq hüququ olduğunu deyib:

"Həqiqətən də, ABŞ-Türkiyə qarşısıdurması artıq göz qabağındadır. Bu, illər ərzində olan geosiyasi qarşıdurmanın nəticəsidir. Türkiyənin isə təbii ki, burada heç bir günahı yoxdur. Çünki Türkiyə dəfələrlə ABŞ-dan xaiş edib ki, "Patriot” raketlərini ona satsın. 

Amma ABŞ bunu etməyib. Digər tərəfdən, Türkiyənin Rusiyadan "S-400” havadan müdafiə raket sistemlərini alması ABŞ-ı qıcıqlandırır. Türkiyə faktiki olaraq terror qruplaşmalarına qarşı mübarizə aparır, öz sərhədlərini qoruyur, təhlükəsizliyini təmin edir. Bununla bağlı Türkiyənin öz müstəqil yanaşması var. ABŞ Konqresi isə hətta buna qarşı olaraq "erməni soyqırımı” ilə bağlı qərar qəbul edir. Bu, təbii ki, Türkiyə üçün dözülməz bir vəziyyətdir. Buna cavab addımı olaraq isə Türkiyənin "İncirlik” hərbi bazasını bağlamağa tam hüququ var”.

F.Sadıqov bildirib ki, bu proses çox uzunmüddətli ola bilər: 

"Çünki bu, perspektivli məsələdir. Amma ABŞ-da fikirləşməlidir ki, əgər Türkiyəni vacib müttəfiq kimi qəbul edirlərsə, onda onun müstəqil siyasətinə hörmətlə yanaşmalıdırlar. Yox, əgər onlar Türkiyəni üçüncü dərəcəli ölkə hesab edirlərsə, düşünürlər ki, ona sanksiya tətbiq edə bilərlər, "erməni soyqırımı” ilə bağlı Konqresdə qəbul edərlər, o zaman Türkiyə bazalardan imtina edə bilər. Amma bu, heç də o demək deyil ki, Türkiyə NATO üzvlüyündən çıxacaq və məsafə saxlayacaq. Demək olar ki, vəziyyət həqiqətən də çox gərgindir. Bu məsələdə təbii ki, gərginlik davam edəcək. Bir çox məsələlər isə siyasi dairələrdən, daha çox da Ağ Evin özündən asılıdır. Ağ Ev düşünməli və bu məsələdən düzgün nəticə çıxarmalıdır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları