Yuxarı

Kremldən xəbərdarlıq: İŞİD bu bölgəyə "köçür”

Kremldən xəbərdarlıq: İŞİD bu bölgəyə

Kremldən xəbərdarlıq: İŞİD bu bölgəyə

İŞİD terror qruplaşması Əfqanıstanda möhkəmlənməkdə davam edir və Orta Asiyaya hücum üçün özünə plasdarm hazırlayır. 

Burada artıq 2 mindən artıq İŞİD-çi var. O bildirib ki, İŞİD-çilərin əsas qüvvəsi Əfqanıstanın şimalında cəmləşməyə başlayıb. Onlar Türkmənistan və Tacikistan vasitəsilə Mərkəzi Asiyaya nüfuz etməyə cəhd edirlər.

Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İranın paytaxtı Tehran şəhərində keçirilən Əfqanıstan üzrə Təhlükəsizlik Şurası katiblərinin və milli təhlükəsizlik müşavirlərinin iclasında bildirib.

"Bir il əvvəl keçirilən son görüşümüzdən sonra Əfqanıstanda təhlükəsizlik sahəsində vəziyyət qeyri-sabit olaraq qalır və pisləşməyə doğru tendensiya müşahidə olunur. Ən böyük narahatlıq İŞİD-in güclənməsidir".

Onun sözlərinə görə, Əfqanıstanda 600-dən çox yaraqlının məhv edilməsi və ya tutulması ilə nəticələnən hökumət qüvvələrinin son əməliyyatlarına baxmayaraq, müxtəlif mənbələrə əsasən, ölkədə 2,5 - 4 min arası terrorçu qalmaqdadır. 

"İŞİD hazırda iki mindən çox hərbçinin cəmləşdiyi Əfqanıstanın şimalındakı mövcudluğunu gücləndirməkdədir. Bu, "Taliban” radikal qruplaşmasına qarşı mübarizə, eyni zamanda Tacikistan və Türkmənistan üzərindən Orta Asiya bölgəsinə qarşı hücumların təşkili məqsədilə edilir”,- deyə Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib.

O bildirib ki, İŞİD-çilərin son məqsədi "Böyük Xorasan” yaratmaqdır ki, bura Əfqanıstan və Mərkəzi Asiya daxildir. Patruşev hesab edir ki, İŞİD-in əsas qalası Əfqanıstanın şərqində yerləşir, Suriya və İraqdan bu ölkəyə yeni yaraqlılar gəlir:

"Əldə edilmiş məlumata görə, terror qruplaşmasının prioritet hədəfləri infrastruktur obyektləri, hüquq-mühafizə orqanları və diplomatik nümayəndəliklər, habelə xarici vətəndaşlar ola bilər".

Xatırladaq ki, sonuncu dəfə noyabrın 26-da 30 nəfərlik silahlı qrup Əfqanıstandan Tacikistana keçərək sərhədçilərə silahlı basqın etmişdi. Atışma zamanı 20 nəfər İŞİD-çi, 3 nəfər sərhədçi öldürülüb. 

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Mərkəzi Asiya ölkələri İŞİD təhlükəsinin qarşısını almaq iqtidarındadır. Ona görə də vəziyyət deyildiyi qədər təhlükəli deyil:

"Mərkəzi Asiya dövlətləri yüksək şəkildə özünümüdafiə qabiliyyətinə malikdir. Qazaxıstan isə bu dövlətlərin hamısından daha güclüdür. Eyni zamanda bu ölkələr ordusu ilə yanaşı, hərbi aviasiyaya, dronlara, artilleriyaya, raket qoşunlarına, xüsusi təyinatlı qüvvələr malikdir. Belə olan halda, 2500 nəfərlik yüngül silahlı dəstənin Mərkəzi Asiya ölkələri üçün böyük təhlükə olması inandırıcı görünmür. Əgər 2500 nəfərlik dəstə hücum edib Mərkəzi Asiyanı işğal etsə, o zaman həmin ölkələrin özünü müdafiə etmək qabiliyyətinə malik olmadığı qənaəti yaranır. Bu prosesin arxasında başqa dövlətin dayanması da istisna olunmur. İŞİD-in məkanlarını və silahlı qruplarını məhv etmək çətin deyil. İŞİD-i əfsanələşdirmək lazım deyil. O, bir terror qruplaşması kimi sıradan çıxarılıb. İŞİD-i tamamilə məhv etmək üçün ona qarşı müharibə elan etmək lazımdır. Yaxşı təlim görmüş nizami ordu və ya xüsusi təyinatlı dəstə, artilleriya və aviasiya qüvvələrinin köməyi ilə İŞİD-in mövcudluğuna son qoymaq olar. Mərkəzi Asiya dövlətləri də sərhədlərin mdafiəsini gücləndirməli, İŞİD və "Taliban” kimi terrorçu qruplaşmalara güclü hərbi əməliyyatlara başlamalıdır”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları