Yuxarı

Rəqabətə açılan qapı: İdxalı istehsala necə çevirmək olar?

Rəqabətə açılan qapı: İdxalı istehsala necə çevirmək olar?

Rəqabətə açılan qapı: İdxalı istehsala necə çevirmək olar?

2019-cu ilin 11 ayı ərzində Azərbaycanın ən çox ixrac və idxal etdiyi malların siyahısı açıqlanıb. 

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 11 ayda cəmi idxalın dəyəri 12 milyard 384 milyon 740 min 210 dollar olub. Yeyinti məhsulları üzrə 46 min 298.52 ton ət idxal olunub ki, bunun da statistik dəyəri 71 milyon 662 min 630 dollar olub. İdxalda ikinci məhsul süd olub ki, bu da 8 min 31.09 ton, statistik dəyəri isə 13 milyon 28 min 100 dollar olub. Kərə yağı və süddən hazırlanmış digər yağlar isə 12 min 462.69 ton, statistik dəyəri 63 milyon 601 min 210 dollar olub. 

İdxalda meyvə-tərəvəz isə 308 min 411.43 ton olub ki, bunun da dəyəri 171 milyon 443 min 530 dollar edir. İdxalda çay 12 min 540.85 ton, statistik dəyəri isə 48 milyon 963 min 440 dollar olub. Buğda 1 milyon 487 min 718.80 ton, statistik dəyəri isə 319 milyon 693 min 450 dollar təşkil edib. Düyü 44 milyon 740.70 ton, statistik dəyəri 36 milyon 195 min 550 dollar. Bitki və heyvan mənşəli piylər və yağlar 145 min 238.07 ton, statistik dəyəri isə 122 milyon 280 min 140 dollar olub.

Siyahını daha sonra tütün və tütün məmulatları, əczaçılıq məhsulları, gübrələr, plastmassa və onlardan hazırlanan məmulatlar, oduncaq və ondan hazırlanan məmulatlar, eləcə də geyim əşyaları və geyim üçün ləvazimatları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələr, həmçinin nəqliyyat vasitələri və onların hissələri, mebel və onun hissələri və digər mal məhsullar davam etdirir.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 11 ayda cəmi ixracın dəyəri 18 milyard 303 milyon 415 min 20 dollar olub. İxracın əsasını xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları, neft məhsulları, təbii qaz, elektrik enerjisi və meyvə-tərəvəz təşkil edib. İxracı daha sonra tomat, meşə fındığı, alma, xurma, çay, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alkoqollu və alkoqolsuz içkilər və sirkə, kimya sənayesi məhsulları, plastmasa və onlardan hazırlanan məmulatlar, pambıq lifi, pambıq iplik, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar və digər məhsullar davam etdirib.

Qeyd edək ki, car ilin 11 ayında ixrac idxalı cəmi 5 milyard 918 milyon 644 min 810 dollar üstələyib. Siyahıdan da göründüyü kimi, ölkəmiz bəzi idxal mallarını ixrac da edir. Ölkələrin istehsal amilləri fərqlidir. Bu fərqlilik malların miqdarı, qiyməti və keyfiyyətindəki dəyişikliyə yol açır. Bu səbəbdən ölkələr qiymət və keyfiyyət baxımından fərqli olan malları xaricdən alma ehtiyacı hiss edir. Bu vəziyyət xarici ticarətə səbəb olur. Xarici ticarət, idxal və ixrac əməliyyatları ödəniş balansı içərisində önəmli yerə sahibdir. İdxal - inkişaf etməkdə olan ölkələrin inkişaf sürətlərini artırır, inkişaf etmiş ölkələrin də davamlı böyüməsini təmin etmək üçün seçilmiş bir vasitədir. Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün idxal və ixrac üzərinə qoyulan vergilər vacib bir gəlir mənbəyidir. Bu gün idxal siyasət alətləri digər ölkələrlə bağlanmış müqavilələrə əsasən formalaşır.

Maraqlıdır, Azərbaycanın idxal etdiyi məhsulları 100 faiz ölkə daxilində istehsal etmə potensialı varmı?

İqtisadçı-ekspert Vüsalə Əhmədova "Cümhuriyət” qəzetinə bildirib ki, bütün inkişaf etməkdə olan ölkələr kimi, ölkəmizin də ixracı qısa müddətdə artıra bilməyəcəyi bir həqiqətdir:

"İstehsal edilə biləcək idxal əvəzləyici məhsulların çoxunun ölkə daxilində istehsal edilməsi mümkündür. İdxal əvəzləyici istehsal xarici kəsiri azaltmaqla birgə, valyutaya qənaəti də təmin edir. Qənaət edilmiş valyuta ehtiyatları ilə də ölkə daxilində istehsalı mümkün olmayan məhsulların xaricdən satın alınması həyata keçirilə bilər. Ümumiyyətlə, öncədən idxal əvəzləyici olaraq qurulan bir istehsal sahəsi ölkə daxili tələbatı ödədikdən sonra ixrac da həyata keçirməyə başlayacaq. Məsələn, Türkiyədə tekstil, şəkər, süd, pambıq, dəmir-metal və onlarla digər sənaye sahələri demək olar ki, bu formada qurulub. Beləcə, həm də zəruri istehsal xərclərinin maliyyələşdirilməsi təmin edilmiş olur. Danılmaz faktdır ki, bütün böyük ölkələr beynəlxalq ticarətdən daha çox pay almaqdadırlar, yəni sistem inkişaf etmiş ölkələrin xeyrinə işləyir desək, yanılmarıq. Belə bir vəziyyətdə ölkəmizin idxal əvəzləyici istehsal sahəsi yaratmaqdan başqa çarəsi qalmır. İllərdir qeyri-neft sektorunda ixracın artırılmasından bəhs edilir. Nəticədə nə qeyri-neft sektoru üzrə irəliləyişin əldə olunduğunu, nə də idxal əvəzləyici məhsulların istehsalında artım olduğunu gördük”.

"İdxal əvəzləyici siyasətlə rəqabət etməkdən daha rahatdır”

İqtisadçı hesab edir ki, ölkəmizin ixrac etdiyi xammalın və bəzi kənd təsərrüfatı məhsullarının gəlir və qiymət elastikliyi zəif olduğundan, bu malların ixracına əsaslanaraq iqtisadi inkişafı təmin etmək mümkünsüzdür: 

"Digər tərəfdən, inkişaf etmiş ölkələr qoruyucu siyasət tətbiq edərək, ölkələrindəki istehsalın tələbdən daha çox artmasını təmin ediblər. İxrac edilən bu mallar da dünya bazarındakı qiymətlərin enməsinə səbəb olmaqdadır. Beləcə, idxal əvəzləyici siyasətin, xarici bazarlarda rəqabət etməkdən daha rahat olduğunu görürük. İdxal əvəzləyici siyasətə müraciət etməzdən əvvəl bunun hansı sənaye sahələri üzrə həyata keçiriləcəyi də dəqiqləşdirilməlidir. Dəqiq desək, bu sahənin valyutaya qənaəti təmin edib etmədiyinə baxılmalıdır. Yəni yerli istehsal üçün tələb olunan xarici valyuta miqdarının, malların idxalı zamanı tələb olunan xarici valyutadan az olması önəmlidir”.

"İqtisadi inkişafın idxal əvəzləyici siyasətlə təmin edilməsi ən etibarlı strategiyadır”

Vüsalə Əhmədova onu da vurğulayıb ki, idxal əvəzləyici siyasət bəzən iqtisadi inkişaf üçün zəruri olmayan sənaye sahələrinin qurulmasına yol aça bilməkdədir:

"Hesab edirəm ki, idxal əvəzləyici siyasət xüsusilə inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafa xidmət etməlidir. İqtisadi inkişafın idxal əvəzləyici siyasətlə təmin edilməsi ən etibarlı strategiyadır. Hər şeydən öncə, idxal əvəzləyici siyasətin iki mərhələli olaraq həyata keçirilməsi məqsədəuyğundur. İlkin mərhələdə, qısa müddət üçün istehlak mallarının istehsalı və daxili bazarın genişlənməsi təmin oluna bilər. İkinci mərhələdə isə, uzun müddətdə iqtisadi strukturu dəyişdirəcək, sənayenin xaricdən asılılığını azaldacaq və dinamik müqayisəli üstünlüklərə əsaslanan ixraca yönəlmək tələb olunur. İlk mərhələdə statistik göstəricilərdə də qeyd olunduğu kimi ət, süd və süd məhsulları, meyvə-tərəvəz, çay, buğda, düyü, bitki yağları, tütün, gübrə kimi sadə və əsasən də daxili bazara hesablanmış idxal əvəzləyici malların istehsalı həyata keçirilə bilər. Beləcə, zəruri istehlak malları ölkə daxilində istehsal edilməklə, qıt valyuta ehtiyatları investisiya mallarının idxalına yönəldilərək məhsuldarlığın qısa müddətdə artırılması hədəflənə bilər. Şübhəsiz ki, bu halda, istehlak malları istehsal edən sənaye sahələri istehlakçı tələbinin gəlir elastikliyini də nəzərə almalıdır. Hansı istehlak mallarının istehsal olunacağını bir tərəfdən nisbi qiymətlər, digər tərəfdən də istehlakçı tələbi müəyyən edir. İkinci mərhələdə isə, iqtisadi inkişafa mane olan iqtisadi quruluşu dəyişdirmək və xarici mənbələrdən asılılığı azaldacaq bir sənaye sektoru yaratmaq üçün xammal, ara mallar və investisiya mallarının istehsalının həyata keçirilməsi mütləqdir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları