Yuxarı

Paşinyandan Kremlə "silahlı mesaj”: Müharibə hazırlığı, yoxsa...?

Paşinyandan Kremlə

Paşinyandan Kremlə

Ermənistan ordusu işğal etdiyi Dağlıq Qarabağda istehsal olunan silahları tədarük etməyi planlaşdırır. 

Belə bir açıqlama ilə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Artak Davtyan çıxış edib. Erməni hərbçi qeyd edib ki, yeni ildə ölkənin Müdafiə Nazirliyi Dağlıq Qarabağda istehsal olunan silahların alışını artıracaq:

"Bərabər şərtlərdə biz üstünlüyü birmənalı olaraq yerli istehsalçıya verəcəyik. Dağlıq Qarabağda bəzi hərbi sənaye növləri inkişaf edir və biz onlardan müəyyən vasitələri silahlı qüvvələrimiz üçün də alırıq".

Onun sözlərinə görə, söhbət rabitə, optik qurğularından, termal görüntülərdən və müxtəlif çaplı silahlardan gedir. Artak Davtyan qısa müddətdə bəzi silah növlərinin, məsələn, minomyotların kütləvi istehsalına keçiləcəyinin də anonsunu verib. Davtyan əlavə edib ki, hərbi geyim və çəkmə istehsalı da uğurla inkişaf edir. 

Maraqlıdır, Ermənistanın mövcud iqtisadiyyatı silah istehsalına vəsait yatırmağa adekvatdırmı?

Dünya iqtisadiyyatında yaşanan təlatümlər Ermənistanda da böyük narahatlıqlara səbəb olub. Məlumdur ki, Ermənistanın xarici yardımlar olmadan dövlət kimi mövcudluğunu davam etdirməsi mümkünsüzdür. İqtisadiyyatı sürətlə məhvə doğru gedən və gündən-günə zəifləyən Ermənistanın əhalisinin sosial vəziyyəti də acınacaqlıdır. Son illərdə Ermənistana daha ciddi təsir etməyə başlayan böhranın bu dövləti  çıxılmaz vəziyyətə salıb. Vəziyyət o həddə çatıb ki, ölkənin nüfuzlu şəxsləri uşaq alverinə görə həbs olunur. Belə ki, bu günlərdə paytaxt İrəvanda tanınmış doğum mütəxəssisi Razmik Abramyan, uşaq evinin direktoru və digər yüksək vəzifəli şəxslər "körpə mafiyası ilə əməkdaşlıqda” ittiham olunaraq həbs olunması, ölkə gündəmində geniş əks-səda doğurub. Fakta əlaqədar olaraq hazırda İrəvan rəhbərliyi ölkədə övladlığa götürmə prosesini dayandırıb. Uşaqları mafiya qurbanı olan gənc anaların hüquqlarını müdafiə edən vəkilin sözlərinə görə, ölkədə körpə alveri şəbəkəsi narkotik mafiyasından daha güclüdür. Ermənistan Təhlükəsizlik Müdirliyi cari ilin noyabr ayında 30-dan çox körpəni İtaliyaya satan bir dəstənin çökdürdüyün elan etmişdi. Aydın məsələdir ki, belə bir vəziyyətdə olan ölkənin silah istehsalına başlaması absurd bəyanatdan başqa bir şey deyil. Analitiklər hesab edir ki, silah istehsalı barədə deyilənlər müharibəyə hesablanmış boş açıqlamadır.

1991-ci ildə Ermənistanda əhalinin sayı 3.511.912 nəfər ikən, 2014-cü ildən etibarən 3.006.154 nəfərə düşmüşdür. Ayrıca, hər il təqribən 60.000 nəfərə yaxın şəxs ölkədən köç etməkdədir. Təhsilli erməni gəncləri əsasən qərbə köç etmək istədiyi halda, yaşlı əhali təbəqəsi isə şimala yəni Rusiyaya və ya köhnə Sovet İttifaqı ölkələrinə üz tuturlar. Ermənistanda əhalinin azalmasının üzümüzə gələn dövrlərdə daha da təhlükəli bir hal alacağı ehtimalı yüksəkdir. Birləşmiş Millətlər tərəfindən həyata keçirilən əhali proqnozlarına görə, 2100-cü ilədək Ermənistanda əhalinin təbii artım sürətinin müsbətdən mənfiyə keçəcəyi və bu azalmanın artaraq davam edəcəyi gözlənilir. Qeyd olunan hesabata görə, Ermənistanın əhalisinin 2030-2050 və 2100-cü illərdə sıra ilə 2.993 - 2.729 - 1.793 (milyon) olacağı proqnozlaşdırılır.

Mövzunu "Cümhuriyət” qəzetinə şərh edən politoloq Nəzakət Məmmədova bildirib ki, Ermənistanın istehsal potensialı ümumiyyətlə, çox zəifdir:

"Ölkə silah istehsal etmək iqtidarında deyil. Ermənistanın bu cür cəfəng ideyalar irəli sürməsinin bir sıra səbəbləri var. İlk olaraq Rusiyanın Ermənistana əsas silah satan dövlət olduğunu nəzərə alsaq, rəsmi Yerevanın silah istehsal edəcəyini bəyan etməklə Rusiyanın iradəsinə qarşı çıxdığını söyləmək olar. Məqsəd Rusiyaya meydan oxumaq, onun regionda söz sahibi olmasına son qoymağa cəhd, danışıqlar prosesini pozmaq, indiki status-kvonun əsas qarantı olan Rusiyaya təzyiq göstərmək və onu diskreditasiya etməklə, Qarabağ məsələsində proseslərdə müdafiə mövqeyinə çəkilməyə məcbur etməkdir. Ermənistan Azərbaycanı müharibəyə təhrik etməklə danışıqlar prosesində Rusiyanın müəyyən etdiyi indiki nə hərb, nə sülh vəziyyətini dəyişməyi, status-kvoya zərbə endirməyi planlaşdırır. Ermənistan hər zaman olduğu kimi bu məsələdə də böyük güclərin satelliti rolunda çıxış edir. Hətta silah istehsal etməyə başlasa belə, müharibə olarsa, Ermənistanın uduzacağı məlumdur. Bununla regionda Rusiyanın yaratdığı status-kvo pozulur, Qarabağ klanının nəzarətində olan Ermənistan ordusu məğlub olur və Paşinyan daxili rəqibləri ilə haqq-hesab çəkmək üçün ikinci Aprel məğlubiyyəti sindromu əldə etmiş olur”.

Analitik onu da vurğulayıb ki, dünya o qədər qloballaşıb ki, bir bölgədə baş verən münaqişə bu və ya digər formada bütün beynəlxalq münasibətlər sisteminə təsir edir: 

"Cənubi Qafqaz regionunun böyük dövlətlərin geostrateji planlarında yer alması, Atlantizm və Avrasiyaçılıq arasında ziddiyyətlərin toqquşduğu məkanlardan biri olması, Orta Şərq və Mərkəzi Asiyaya yaxın bölgə olaraq dünyanın diqqət mərkəzində olan bölgələrdən biri olması, buradakı proseslərin tək bölgə xalqlarına və dövlətlərinə deyil, bütün dünyaya və xüsusilə də burada marağı olan böyük dövlətlərin siyasətinə təsirsiz ötüşməməsini labüd edir. Qarabağ münaqişəsi kimi bir problem öz ədalətli həllini tapmayınca, heç bir böyük güc mərkəzi regionda öz maraqlarını sabit və etibarlı şəkildə təmin edə bilməz. Ermənistan silah istehsal edəcəyini bəyan etməklə növbəti dəfə öz gücündən artıq işlərə cəhd etdiyini, regional sabitliyə qəsd etdiyini göstərmiş olur. Üstəlik, bunu işğal olunmuş ərazilərdə həyata keçirmək istəməsi, birbaşa beynəlxalq hüququn norma və prinsipləri pozulması, danışıqlar prosesinə növbəti zərbədir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları