Yuxarı

İran rejiminin "onurğa sütunu” sındırılır

İran rejiminin

İran rejiminin

İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) "Qüds” qanadının komandanı general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-la İran arasında gərginlik daha da artdı. 

Hər iki tərəfdən qarşılıqlı təhdidlər başladı, ardınca İran ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri endirdi.

Qeyd edək ki, Qasım Süleymani yanvarın 3-də ABŞ Prezidenti Donald Trampın əmri ilə öldürülüb. Yanvarın 22-də isə SEPAH-ın "Bəsic” qolunun komandirlərindən olan Əbdülhüseyn Mücəddəmi evinin qarşısında qətlə yetirilib. 

Bütün bunlar ABŞ təzyiqindən başqa İranın öz daxilində də qarşıdurmaların olmasında xəbər verir. 

Cebhe.info-ya açıqlamasında "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan son qətllə bağlı müxtəlif ehtimalların olduğunu deyib:

"İranda hakimiyyətdaxili münasibət birmənalı deyil. Ölkədə rejimin içində iki qüvvə var. Onlardan biri şərti olaraq mühafizəkarlar, digəri isə islahatçılar adlanır. Bu iki  siyasi xətt arasında mübarizə 40 ildir davam edir. Yəni "İslam inqilabı” baş verəndən indiyə kimi bu siyasi xətlər arasında mübarizə gedir. Son hadisələr, yəni istər Qasım Süleymaninin qətlə yetirilməsi, istərsə də  Əbdülhüseyn Mücəddəminin öldürülməsi rejimdaxili münasibətlərin təzahürüdür. Ola bilər ki, bunu başqa qüvvələr başqa yollarla həyata keçirsinlər. Bütün hallarda baş verənlər hakimiyyətin daxilindəki münaqişələrin nəticəsidir. Çünki İranda islahat xətti tərəfdarları Avropa və Amerika ilə danışıqlara meyilli görünürlər. Mühafizəkarlar da Qərblə danışıqlara meyillidirlər. Amma Mühafizəkarların bəzi bəzi şərtləri var. Mühafizəkarlar istəyir ki, nüvə obyektlərini beynəlxalq müşahidəçilərin üzünə açmasın, ballistik raketlərin sınağını dayandırmasınlar. ABŞ-ın İranla bağlı marağı açıqdır. O, İranın ən böyük hərbi qüvvəsi sayılan və İranın bütün sahələrinə nəzarət edən İslam İnqilabı Keşikçiləri Qvardiyasının terrorçu elan edib. Belə olduğu halda Amerikanın bu təşkilata qarşı apardığı mübarizə və müharibə ABŞ üçün təbii və qanunidir. Ona görə də general Qasım Süleymaninin öldürülməsi də bu əsasla ABŞ üçün qanuni sayılır. Elə bil ki, ABŞ üçün Qasım Süleymani də hər hansı bir terrorçudur. Yəni ABŞ üçün PKK ilə İslam İnqilabı Keşikçiləri Qvardiyasının arasında heç bir fərq yoxdur. Birləşmiş Ştatlar üçün bunlar ikisi də terrorçu təşkilatdır. "Bəsic”ə gəldikdə isə o, İslam İnqilabı Keşikçiləri Qvardiyasının əsas sosial bazasıdır. "Bəsic” İranda ictimai proseslərə nəzarət edir. Bəsicilərdən ən çox ictimai etirazları yatırmaqda istifadə olunur. Ən çox bunlardan rejimin müxtəlif ölkədaxili məqsədləri üçün istifadə olunur. Bu baxımdan "Bəsic”in komandanının da öldürülməsi İran hakimiyyətinin yürütdüyü siyasətin məntiqi nəticəsi idi”. 

Siyasi şərhçi deyir ki, Əbdülhüseyn Mücəddəminin ölümünün müxtəlif səbəbləri ola bilər. Onu Xuzistanda hansısa xarici qüvvələr də öldürə bilər. İkinci tərəfdən isə islahatçılar ideyalarını, planlarını həyata keçirmək üçün zəif bir hakimiyyət istəyirlər. Ona görə də İslam İnqilabı Keşikçiləri Qvardiyasının və "Bəsic”in zəifləməsi islahatçıların əlinə oynayır. O baxımdan ehtimal etmək olar ki, Əbdülhüseyn Mücəddəmini hakimiyyətdaxili qüvvələr öz maraqlarının toqquşması nəticəsində zərərsizləşdiriblər ki, İnqilab Keşikçiləri Qvardiyasının və "Bəsic”i zəiflətsinlər. Çünki bu qüvvələrin zəifləməsi İranda rejimin zəifləməsi deməkdir. Bu isə hakimiyyətdəki mühafizəkarların zəifləməsi və islahatçıların güclənərək önə çıxmasına şərait yaradır”

Ekspert hesab edir ki, İdanda dəyişiklik hakimiyyətdaxili getməlidir: 

"İranda mövcud rejimin yerinə keçə biləcək alternativ yoxdur. Ona görə İranda sakit şəkildə, bölgə üçün problem yaratmayacaq dəyişiklik hakimiyyətiçi getməlidir. Yəni ya mühafizəkarların yerini islahatçılar tutmalıdır, ya da mühafizəkarlar özləri islah olunmalıdırlar. Bu islahatlar isə inqilabi səviyyədə aparılmalıdır. Yəni bu inqilabi islahat İranın konstitusiyasının dəyişdirilməsindən xarici siyasətin yürüdülməsinə qədər bütün məsələləri əhatə etməlidir. 

Keçən il Xuzistanda hərbi paradda partlayış baş vermişdi. Xuzistanda da ərəblər yaşayır. Xuzistan ərəbləri də İran rejiminin təzyiqlərindən əziyyət çəkən insanlardır. Bundan başqa bir neçə il əvvəl də Bəlucistanda sabiq prezident Mahmud Əhmədinejadın maşın karvanına hücum olunmuşdu. "Bəsic” liderinin Xuzistanda öldürülməsi heç də təsadüfi deyil. Ola bilər ki, bu ərəblərin hərəkatına bir təkan verə bilər. Yəni İranda bu cür hadisələr təsadüfi sayılmır. Həm Xuzistanda, həm də Bəlucistanda yaşayanlar İran rejimindən xeyli əziyyətlər görmüş narazı təbəqələrdir. Bəlucistanda təriqət ayrı-seçkiliyi tətbiq olunur. Xuzistanda karbohidrogen yataqlarının zəngin olmasına baxmayaraq, əhalinin yaşayış səviyyəsi  çox aşağıdır. Bu da həm bəlucların, həm də ərəblərin İranda milli ayrı-seçkiliyə məruz qalmasının göstəricisidir. Qasım Sülüymaninin və  Əbdülhüseyn Mücəddəminin ölümü bir-biri ilə əlaqəli məsələlərdir. Bu ölümlər ölkədəki adi sosial vəziyyətdən tutmuş, ölkədəki daxili və xarici siyasətlə əlaqəlidir”.

Politoloq deyib ki, Qasım Süleymaninin və Əbdülhüseyn Mücəddəminin öldürülməsi İranda hərbi elitaya bir hücumdur: 

"Sözügedən bu iki ölüm hadisəsi İranda hərbi elitaya hücumdur. Bu hərbi elitaya hücum isə hakimiyyətin dayaqlarının laxlaması deməkdir. Çünki İrandakı rejim hərbi rejimdir. İranda aksiyaları "Bəsic” qüvvələri yatırır. İranda benzinin qiymətinin qalxması zamanı "Bəsic” qüvvələrinin etirazları vəhşicəsinə yatırması və indi də "Bəsic” liderinin öldürülməsi üst-üstə düşdüyü üçün Əbdülhüseyn Mücəddəminin qisas zəmnində öldürülməsi versiyası daha məntiqlidir. Yəni ola bilər ki, bu İran əhalisinin və ya kənar qüvvələrin İran hakimiyyətindən qisasıdır. Bu ölüm İranın xalqın etirazlarına etinasız yanaşmasının nəticəsidir. Amma bu ölüm yalnız qisas məsələsi ilə məhdudlaşmır. Bu bütövlükdə rejimin dayağı olan İnqilab Keşikçiləri Qvardiyası və onun sosial bazası olan "Bəsic”ə qarşı hücumdur. Bu qüvvələr zəifləməsə İranda heç bir dəyişiklik baş verməyəcək. 

Çünki bu 25 milyonluq qüvvələr İranda A-dan Z-yə hər şeyə nəzarət edirlər və rejimin əsas dayağıdır. Bu qüvvələr zəifləməlidir ki, əhalinin İnqilab Keşikçiləri Qvardiyasının və "Bəsic”dən qorxu xofu aradan qalxsın. Hakimiyyətə gələn yeni qüvvələr isə əhaliyə qarşı daha mülayim olsunlar”.

Əli Bədir





Həftənin ən çox oxunanları