Yuxarı

Namizədlərin sosial şəbəkə marağı - Yarışdan geri çəkilənlər MSK-nın marağında deyil

Namizədlərin sosial şəbəkə marağı - Yarışdan geri çəkilənlər  MSK-nın marağında deyil

Yarışdan geri çəkilən namizədlər: Onlar MSK-nın da marağında deyil - KATİB

Xəbər verildiyi kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deputatlığa namizədlərə müraciət edərək onları sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə uyğun davranmağa və o tələblərə əməl etməyə çağırıb. Müşahidələr göstərir ki, namizədlərin böyük əksəriyyəti təbliğatı sosial şəbəkələrdə aparır. Qanunvericilikdə sosial şəbəkələrdə təbliğatın aparılması ilə bağlı hansısa şərt və ya tələblər varmı?

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov Cebhe.info-ya deyib ki, sosial şəbəkələrdə təşviqat kampaniyasını aparan namizədlər bir sıra qaydalara əməl etməlidirlər: "Sosial şəbəkələrlə bağlı qanunvericiliyin bir tələbi yoxdur. Amma biz sosial şəbəkələri kütləvi informasiya vasitəsinin tərkib hissəsi kimi qəbul ediriksə və orada təşviqat kampaniyasını aparırıqsa, Seçki Məcəlləsinin Kütləvi İnformasiya Vasitələri ilə təşviqat kampaniyası aparılması ilə bağlı hissəsinə əməl olunması vacibdir. Seçki Məcəlləsində mətbuat haqqında konkret müddəalar var ki, bunlar tənzimlənib”.

Həmsöhbətimiz sosial şəbəkələrdə təşviqat kampaniyası aparan namizədlərin əməl etməli olduğu məqamları sadalayıb: "Seçki kampaniyalarını təbliğat-təşviqat kampaniyası dövründə aparsalar yaxşıdır. Bu kampaniyaların təbliğat-təşviqat kampaniyası dövründən daha əvvəl başladılması Azərbaycan vətəndaşının nəzərində qanun pozuntusu kimi qiymətləndirilə bilər. Əgər təşviqat prosesi dövründə, yəni yanvarın 17-dən fevralın 8-nə kimi olan müddətdə namizəd bu proseslərə qoşulubsa və sosial şəbəkələrdə təbliğat kampaniyası aparıbsa, yenə də Seçki Məcəlləsinin müəyyən etdiyi qaydalar çərçivəsində aparmalıdır. Yəni milli, etik, əxlaqi normalara riayət etməlidir. Namizədin haqqında onların şəxsiyyətini alçaldan və ya yalan informasiyalar yaymamalıdır və s. Əgər bunları edirsə, bizim seçicilərimiz tərəfindən Azərbaycan qanunlarına hörmətsizlik kimi dəyərləndirilə bilər. Sosial şəbəkə elə bir virtual aləmdir ki, onu izləmək və qiymətləndirmək də kifayət qədər çətindir. Seçki Məcəlləsində bu gün onu izləməyin qaydaları müəyyənləşdirilməyib. Tutaq ki, "Facebook”da biri nəsə şərh yazır və ya şəkil paylaşır və bir neçə saatdan sonra paylaşımını silir. Onların hamısını izləmək çox mürəkkəb məsələdir. O baxımdan, bizim namizədlərimiz diqqətli olmalıdırlar. Namizədlərimiz qanunlar çərçivəsində kampaniya aparmağa borcludurlar”.

MSK katibi sosial şəbəkə sahəsində müəyyən tənzimləmələrə ehtiyacın olduğunu da deyib: "Bu sahədə müəyyən tənzimləmələrə ehtiyac var. Əgər bu ictimailəşərsə və Azərbaycan ictimaiyyəti belə bir tənzimlənməyə ehtiyac olduğunu parlament səviyyəsinə qaldıra bilərsə, yəqin ki, parlament müvafiq qanunvericilikdə müəyyən dəyişiklik edə bilər. Amma bunun nə zaman mümkün olacağını proqnozlaşdırmaq çətindir”.



Parlamentdə qadınların sayı artacaq? - Deputat olmaq istəyənlər arasında faiz fərqi

 

Fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin 79 faizini kişilər, 21 faizini isə qadınlar təşkil edir. Bu barədə məlumatı Cebhe.info-ya Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov verib. MSK rəsmisinin sözlərinə görə, qeyd olunan rəqəm hər gün dəyişə bilir: "Bu, elə bir prosesdir ki, kimsə kiminsə xeyrinə namizədliyini geri götürür. Kimsə perspektiv görməyib, geri çəkilir. Yəni bu, hələ bir neçə gün ərzində də dəyişə bilən rəqəmdir. Ona görə də konkretləşdirmək çətindir. Hesab edirəm ki, 2015-ci illə müqayisə etsək, budəfəki seçkilərdə qadın iddiaçı namizədlərimizin sayı daha çoxdur”. Qeyd edək ki, fevralın 9-na təyin edilmiş növbədənkənar seçkilərdə iştirak etmək üçün 1447 nəfər deputatlığa namizəd kimi qeydə alınıb.

 

Yarışdan geri çəkilən

namizədlər: Onlar MSK-nın da marağında deyil

 

Növbədənkənar parlament seçkilərinə iki həftəyə yaxın vaxt qalıb. Seçkiqabağı bəzi namizədlər prosesə qatılmaqdan imtina edir. Seçki prosesinin sonuna doğru yaxınlaşdıqca, bəzi namizədlər geri çəkildiklərini elan edir. Bunun real səbəbləri açıqlanmasa da, məsələ bir çox aspektdən izah edilir. Namizəd rəqiblərinə baxır, güclü və zəif olduğunu ölçüb-biçir, müqayisə aparır və qalib gəlmək perspektivini dəyərləndirir. Bütün bunları süzgəcdən keçirdikdən sonra şansının olmadığını anlayıb geriyə çəkilmək qərarı verir. Hətta gəldiyi prosesə qədər boş yerə pul xərclədiyini və vaxt itkisini də gözə alır. Məlumat üçün qeyd edək ki, parlament seçkilərində iştirak etməyəcək V çağırış Milli Məclis deputatlarının sayı 31-ə çatıb. Namizədliklərini geri götürən deputatlardan 18-i Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 11-i bitərəf, 2-i isə partiya sədridir. Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov Cebhe.info-ya açıqlamasında prosesdən imtinanın real səbəblərindən danışıb: "Real səbəbləri müəyyənləşdirə bilmərik. Bu, seçki prosesidir. Qiymətləndirə bilmərik ki, kim nədən namizədliyini irəli sürüb, kim nə səbəbdən namizədliyini geri götürüb. Siz mənə sual verə bilərsiz ki, bu 1500 nəfər niyə namizədliyini irəli sürüb? Adamlar hesab edir ki, iştirak etmək hüquqları var və bu hüquqları gerçəkləşdirə bilər. Bir namizəd bura qədər gəlir və hansısa səbəbdən geri çəkilir. Digəri daha perspektivli namizədin lehinə namizədliyini geri götürür. Bu, elə bir prosesdir ki, onu tənzimləmək və birmənalı söz demək mümkün deyil. Həm də bunu öyrənmək bizim marağımızda deyil”.

 

Meqafonla təbliğat aparmaq olarmı?

 

Bir neçə gündür ki, fevralın 9-u keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir. Namizədlər namizəd olduqları dairədə, sosial şəbəkələrdə təbliğat şansından maksimum istifadə edirlər. Onların sırasında məhəllələrdə səsgücləndiricilərlə görüş keçirənlər də, maşınlarla platformasını seçicilərinə çatdırmağa çalışanlar da var. Bu metodlardan istifadə edərək təbliğat aparmaq Seçki Məcəlləsinə uyğundur və namizədlər bu hərəkətlərlə Məcəllənin tələblərini pozmurlar. Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov Cebhe.info-ya açıqlamasında bildirib ki, namizədlər Dairə Seçki Komissiyasını məlumatlandırmaqla görüşlərin keçirilməsində sərbəstdirlər.

Amma bunu kütləvi tədbir kimi yox, ayrı-ayrı seçki qrupları ilə keçirə bilərlər: "Namizədlərin seçicilərlə görüşmək hüququ vardır. Ümumi dairə üzrə kütləvi tədbirlərin keçirilməsi üçün həm açıq havada, həm də qapalı məkanda görüş yerləri nəzərdə tutulub. Bunlardan istifadə etsələr, daha effektiv olar. Səsgücləndiricilərə gəldikdə isə istifadə etməmələri gərəkdir. Başqalarının hüquqlarını pozan hərəkətlərə imkan verməməlidirlər. Mənə elə gəlir ki, qanunvericiliyi pozan namizədlər yaxşı dəstəyə ümid edə bilməzlər. Vətəndaşların onların hüquqlarını pozan hərəkətləri törədən namizədlərə dəstək olması heç real deyil. Narahat olacaqları halda, bu, nəticədə öz əksini tapacaq. Hesab edirəm ki, əksər namizədlərimiz bu vasitələrdən istifadə etməməklə təşviqatlarını aparırlar. Digər vasitələr onların seçkilərdə qeyri-adekvat reaksiyalarına səbəb ola bilər, nəticədə hərəkətləri seçkidə arzuolunmaz qiymətləndirilər. Lakin səsgücləndirici ilə bağlı xüsusi bir qadağa yoxdur, ona görə də bunu vətəndaşlar qiymətləndirə bilər”.

Alçina Amilqızı

Səyad Həsənli

Əli Bədir 





Həftənin ən çox oxunanları