Yuxarı

Generaldan sonrakı İran - Molla rejimini təhlükə gözləyir

Generaldan sonrakı İran - Molla rejimini təhlükə gözləyir

Müharibəyə sədd çəkəcək görüş: Tehran yenidən qarışacaq? - Şərh

Vüqar Zifəroğlu: "Tərəflər prinsipial məqamlarda olmasa da müəyyən məqamlarda razılığa gələ bilər”

"Şərtlər uyğun olsa”, ABŞ prezidenti Donald Tramp İranın dövlət başçısı Həsən Ruhani ilə görüş keçirməyə hazırdır. Ağ Evin rəhbəri avqustun 26-ı "Böyük yeddiliy”in Biaris sammitinin yekunlarına həsr olunmuş, prezident Emmanuel Makronla birgə mətbuat konfransında bildirib.

Öz növbəsində, Fransa lideri "G7” sammitində baş tutan danışıqların ABŞ prezidenti Donald Tramp və İran prezidenti Həsən Ruhani arasında görüş, eyni zamanda saziş üçün şərait yaratdığını vurğulayıb. O, görüşün yaxın həftələrdə təşkil ediləcəyinə ümid etdiyini bildirib.

"Trampla Ruhaninin görüşü üçün artıq şərait hazırdır və bu görüşün baş tutması üçün danışıqlar aparılır. Ümid edirəm ki, biz gələn həftələrdə bu görüşün baş tutmasının şahidi olacağıq. Biz, G-7 toplantısında İran məsələsini müzakirə etmişik. Bizim üçün əsas iki şey çox önəm daşıyır: İran heç vaxt nüvə silahına yiyələnməməli və mövcud şəraitdə hər hansı bir vasitə ilə bölgənin sabitliyini təhdid etməməlidir.

Bütün bunlara baxmayaraq, deyə bilərəm ki, hələlik heç bir şey qəti deyil. Vəziyyət hələ də kövrəkdir. Lakin məsələnin texniki detalları barədə danışıqlara başlanılıb və danışıqlarda müəyyən irəliləyişlər də olub” –deyə Fransa prezidenti əlavə edib.

Mətbuat konfransında həmçinin ABŞ prezidenti çıxış edərək gələn bir neçə həftə ərzində İran prezidenti Həsən Ruhani ilə görüşü real hesab etdiyini deyib: "Mənim yaxşı bir hissim var. Əgər dediklərimi başa düşsəniz, onlar oyunu yaxşı oynamalıdır. Lakin onlar artıq etmək istədiklərini bir daha həyata keçirə bilməyəcək. Çünki əgər bunu etsələr, həqiqətən də çox qəzəbli bir güclə qarşılaşacaqlar. Məhz buna görə də hesab edirəm ki, onlar oyunu yaxşı oynamalıdırlar”-deyə prezidenti Tramp bəyan edib.

Lakin məsələyə münasibət bildirən İran prezidenti danışıqların baş tutması üçün ilkin şərt irəli sürüb. "ABŞ sanksiyaladan imtina etmədən və onlar seçdikləri yanlış yoldan çəkilmədən heç bir müsbət dəyişiklik görməyəcəyik”-Həsən Ruhani belə deyib.

Görüşün baş tutması barədə ilkin razılıq əldə olunsa da İran prezidentinin bəyanatı danışıqların müsbət nəticə verəcəyinə şübhə yaradır.

Məsələni Cebhe.info-ya şərh edən "Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, ABŞ və İran prezidentləri arasında görüş prinsip etibarı ilə baş tuta bilər. Amma bu görüş zamanı tərəflərin razılığa gələcəyi barədə fikir irəli sürmək hələ tezdir:

"Görüşün baş tutması həm ABŞ-a həm də İrana lazımdır. Fransanın özünün vasitəçilik missiyasını öz üzərinə götürməsi, ümumiyyətlə ABŞ-la İranın danışıqlar masasına oturması barədə təkliflə çıxış etməsi göstərir ki, bu iki dövlətin münasibətlərindəki gərginlikdən həm də Avropa narahatdır. Bununla bağlı Almaniya rəsmilərinin də açıqlamaları var idi. Bütün bunlar isə ABŞ-İran münasibətlərinin gərginləşməsində Avropanın maraqlı olmadığını göstərir. Ona görə də Avropanın aparıcı dövlətləri bu iki tərəfin tam olmasa da müəyyən qədər razılığa gəlməsinə cəhd göstərmək niyyətindədir. Ümumiyyətlə, ABŞ və İran prezidentlərinin danışıqlar masasına oturması realdır. Amma bu görüşdən maksimum nəticələr gözləmək inandırıcı görünmür. İstər ABŞ-da, istər İranda bu münasibətlərin müharibə həddinə qədər çatmasında maraqlı olan mühafizəkar qüvvələr var. Eyni zamanda, hər iki tərəfdə barışıq tərəfdarları mövcuddur. Yəni burada yalnız ABŞ-İran münaqişəsindən söhbət getmir. Məsələ həm də ABŞ-ın və İranın öz daxili auditoriyasındakı dialoq tərəfdarı olmayan, müharibə istəyən qüvvələrlə, sülh tərəfdarları arasındakı fikir ayrılığı ilə bağlıdır. Buna baxmayaraq, görüşün baş tutması faktı münasibətlərdəki gərginliyi azalda bilər və proseslərdə yumşalma yaratmış olar. Bu mənada hesab edirəm ki, prezidentlərin görüşü təşəbbüsü çox yaxşı haldır. Tərəflər prinsipial məqamlarda olmasa da müəyyən məqamlarda razılığa gələ bilər. Lakin hazırkı mərhələdə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan imtina edəcəyi ehtimalı yoxdur. ABŞ İrana qarşı təzyiq aləti kimi sanksiyaları davam etdirəcək”.

Qeyd edək ki, İran prezidenti yalnız İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyinin razılığı olmadan ABŞ prezidenti ilə görüşə gedə bilməz. İran liderinin məsələyə münasibəti isə hələ məlum olmadığından danışıqların baş tutacağına dair fikir yürütmək çətindir.

Vüqar Zifəroğlunun sözlərinə görə, Fransanın təşəbbüsündən sonra səsləndirilən loyal rəylər hələ görüşün baş tutacağı anlamına gəlmir. Bu baxımdan, həm İranın, həm də ABŞ-ın daxilindəki mühafizəkar qüvvələr də danışıqların baş tutmasında maraqlı olmalıdr:

"İranın islahatçı qanadı ABŞ-la danışıqlara gedərsə, bu görüşün nəticəsinə görə məsuliyyətini öz üzərinə götürmüş olacaq. 2018-ci ildə ABŞ İranın nüvə proqramına dair Vyana razılaşmasından çıxdığı zaman, İranın mühafizəkar qanadı və hərbi elita islahatçıları bu sazişi imzaladığına görə ittiham etmişdi. İndi növbəti mərhələdə islahatçılar ABŞ-la belə bir danışıqlara gedərsə, məsuliyyəti təkbaşına bölüşməmək üçün onun şərtlərini mühafizəkarlarla razılaşdırmağa çalışacaq. Əks təqdirdə, İranda gələn il keçiriləcək seçkilərdə islahatçı qanadın mövqeləri laxlaya bilər”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları