Yuxarı

"Seçkiyə müşahidə missiyalarının marağı prosesin azad, demokratik keçirilməsini şərtləndirən amildir"

Rəfail Becanov:"Seçkiyə müşahidə missiyalarının marağı prosesin azad, demokratik keçirilməsini şərtləndirən amildir"

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) seçki müşahidə missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı öz işinə başlayıb. Təşkilatın saytında yayılan məlumatda bildirilir ki, seçki müşahidə missiyasına ŞƏT baş katibinin müavini Sherali Saidamir Jonon rəhbərlik edir. Seçki müşahidə missiyasına ŞƏT-ə üzv dövlətlərin qanunverici, icra və seçki orqanlarının nümayəndələri, həmçinin, ŞƏT Katibliyinin rəsmiləri daxil edilib.

Onlar Bakı və Abşeron yarımadasında, Sumqayıt, Şirvan şəhərlərində, həmçinin, onlara yaxın ərazilərdə müşahidə aparacaqlar. Seçki müşahidə missiyası seçki məntəqələrinin hazırlığını öyrənəcək, səsvermə prosesinin monitorinqini aparacaq, seçki kampaniyasının təşkili, səslərin sayılması prosesini müşahidə edəcək, həmçinin, seçicilər, namizədlərin nümayəndələri və digər müşahidəçilərlə görüşəcəklər. ŞƏT müşahidə missiyası fevralın 10-na kimi Azərbaycanda olacaq.

Azərbaycanda keçirilən seçkilərin monitorinqini bir çox tanınmış qurum aparır. Ancaq Şanxay Əməkdaşlıq Təşkilatı bu missiyaya yeni qoşulub. Belə müşahidə missiyasının ölkəmizə göstərdiyi maraq nə ilə bağlı ola bilər?

Cebhe.info və "Cümhuriyət" qəzetinin baş redaktoru Rəfail Becanov "Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, bunun özü çox yaxşı göstərici sayıla bilər:

"Bilirsiniz ki, Azərbaycan müstəqil olandan sonra çoxlu sayda seçki keçirib. Həmin seçkilərin hamısında beynəlxalq müşahidəçilər iştirak ediblər. Avropada yerləşən təşkilatların böyük əksəriyyəti, o cümlədən, Azərbaycanın üzvü olduğu MDB-dən xeyli müşahidəçi ölkəmizdə keçirilən seçkiləri monitorinq edib. Şanxay Əməkdaşlıq Təşkilatının da bu müşahidə missiyasına qoşulmasını bir çox səbəblə izah etmək olar. Əvvəla bu, Azərbaycanın strateji əhəmiyyəti ilə bağlıdır. Çünki ölkəmiz Şərqlə Qərbin arasında Böyük İpək Yolunun astanasında yerləşir. Buna görə də ŞƏT-ə üzv olan ölkələrin Azərbaycana marağı çox böyükdür. Digər səbəblərdən biri Azərbaycanın iqtisadi inkişafı ilə əlaqəlidir. Məlumdur ki, ŞƏT-ə üzv olan ölkələrin demək olar ki, hamısının Azərbaycanla yaxşı siyasi və iqtisadi əlaqələri mövcuddur. Ölkədə keçirilən seçkilərə müxtəlif profilli müşahidə missiyalarının maraq göstərməsi maraqlı olmaqla yanaşı, həm də seçkilərin azad, demokratik keçirilməsini şərtləndirən amildir. ŞƏT-lə bu formada əməkdaşlıq həm ölkəmiz, həm də həmin təşkilat üçün böyük əhəmiyyət daşıyır və bunun hər iki tərəfə faydası var. Əlaqələrin daha da möhkəmlənməsinə, münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək addımdır. Bu baxımdan, belə ciddi qurumun bizdəki seçkiləri müşahidə etməsi həm də prosesin şəffaflığı üçün əhəmiyyətlidir. Eyni zamanda, seçkiyə olan böyük beynəlxalq marağın göstəricisidir”.





Həftənin ən çox oxunanları