Yuxarı

Neft bazarı milyonlar itirir: 40 dollara qədər ucuzlaşarsa…

Neft bazarı milyonlar itirir: 40 dollara qədər ucuzlaşarsa…

Neft bazarı milyonlar itirir: 40 dollara qədər ucuzlaşarsa…

Dünya iqtisadiyyatına təsir edən koronavirus Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) da ziyan vurub.

Neftə olan tələbatın aşağı düşməsi ilə əlaqədar təşkilat çətin günlər keçirir. Buna son vaxtlar Çində yayılan ölümcül koronavirusun səbəb olduğu deyilir. Neft tədarükünü azaltmaqdan başqa həll yolu tapa bilməyən təşkilat bu siyasətin mart ayına qədər uzadılmasını müzakirə edəcək. OPEC və qeyri-OPEC ölkələrin Birgə Texniki Komitəsi (JTC) Çində yayılan koronavirusun neft tələbatına təsirini qiymətləndirmək üçün fevralın 4-6-da Vyanada toplantı keçirməyi planlaşdırır.

Gündəlik neft istehlakında 4,6 milyon barel azalma...

Koronavirusun yaratdığı qorxu atmosferi neft istehlakını kəskin dərəcədə azaldıb. "SP Global Ratings” beynəlxalq reytinq agentliyinin açıqladığı məlumatlara görə, gündəlik neft istehlakı 2,6 milyon barel azalıb. Virus böhranının artacağı təqdirdə bu rəqəmə fevral ayında 2 milyon barelə də əlavə ola bilər. OPEC+ mənbələrinin verdiyi məlumata görə, texniki komitə neft hasilatının azaldılmasına dair hazırkı sazişin müddətinin mart ayından sonrakı dövrü əhatə edib-etməyəcəyi ilə bağlı olacaq. Daha yüksək miqdarda kəsintilər də tətbiq edilə bilər. Məlumat üçün bildirək ki, 2019-cu ildə dünyada ən çox neft idxal edən ölkə Çin olub. Ölkə ötən il 506 milyon ton və ya sutka ərzində 10,12 milyon barel neft idxal edib. Qeyd edək ki, Çin 2003-cü ildən etibarən dünya neft istehlakçıları arasında liderlik edir. 2019-cu ilin dekabr ayında bu göstərici 45,76 milyon ton təşkil edib. Yəni dünyanın iqtisadi nəhəngi sutka ərzində 10,78 milyon barel "qara qızıl” alıb. Çin sutkalıq 11,13 milyon barel neft idxalı ilə noyabr ayında rekord səviyyəyə çatıb. 2019-cu ildə Çinin təbii qaz idxalı da 6,9 faiz artaraq 96, 56 milyon tona çatıb.

Lakin artım tempi 2018-ci illə müqayisədə 31,9 faiz aşağı düşüb. Ötən il təbii qaz istehlakının azalması ilə əlaqədar rəsmi Pekinin kömürdən "mavi yanacağa” keçid proqramı zəifləyib.

Son məlumatlara görə, koronavirusun yayılması səbəbindən Çində neftə tələbat gündə 3 milyon barel azalıb ki, bu da istehlakın 20 faizini təşkil edir. Tələbatın azalması ilin bu dövrü üçün normal istehlak səviyyələrinə nisbətən hesablanır. Ənənəvi olaraq Aysal təqvimində (Avropa üslubunda) Yeni il qeyd edilərkən, daha aktiv turizm şəraitində reaktiv yanacaq istehlakının artması ilə əlaqədar olaraq, neftə tələbat artır. Hazırkı tələbat azlığı 2008-2009-cu illərdəki maliyyə böhranından və ABŞ-da 11 sentyabr 2001-ci ildə baş vermiş terror hadisələrindən bu yana ən güclü iqtisadi şok hesab olunur. Qeyd edək ki, "brent” neftinin bir bareli hazırda Londonun ICE birjasında 56,22 dollara, "light” markalı xam neftin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 51,44 dollara satılır. Ümumilikdə neft qiymətləri son iki həftədə təxminən 12 faiz, ilin əvvəlindən bəri isə 18 faiz düşüb. Analitiklər hesab edir ki, neft qiymətləri, ölümcül koronavirusun Çin iqtisadiyyatına mənfi təsir etməsi və bütün dünyada neftə tələbi azalda biləcəyi xofu ilə düşür. İnvestorlar dünyanın ən böyük idxalçısı Çinin neft tələbinin daha da azalacağını gözləyirlər. Hətta ölkənin neftayırma zavodlarının istehsalı azaldacağı və yaxud da bağlanacağı ehtimal olunur. Çindəki iqtisadi durum neft bazarında qısamüddətli də olsa, ucuzlaşma yaradacaq.

Maraqlıdır, Azərbaycan kimi neftdən asılı ölkələr bu təzyiqin qarşısında duruş gətirə biləcəkmi?

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət” qəzetinə deyib ki, Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 770 min bareldir:

"Bundan təxminən 650 min bareli ixrac edilir. Bu isə o deməkdir ki, qlobal bazarlarda neftin qiymətinin 1 dolları/barel ucuzlaşması halında Azərbaycanın neft ixracından gəlirləri 650 min ABŞ dollar azalır.

Koronavirusun təsiri ilə yanvarın 20-dən etibarən neftin qiyməti davamlı aşağı düşür. Belə ki, ötən 12 gün ərzində bir barel "brent” markalı neftin qiyməti 12 faiz yaxud 7.75 ABŞ dolları ucuzşlaşıb. Bu isə o deməkdir ki, hazırkı qiymətlərlə Azərbaycanın neftin ixracında daxilolmalar üzrə gündəlik itkiləri 5 milyon dollara yüksəlib. Virusun qısa zaman ərzində neytrallaşdırılmasının mümkün olmaması halında qlobal iqtisadi effektləri ilə bağlı proqnozlar çox bədbindir. Hətta bir sıra beynəlxalq reytinq agentlikləri artıq potensial riskləri 2008-ci ilin qlobal maliyyə böhranı ilə müqayisə etməyə başlayıblar. Bəzi pessimist ssenarilərə görə, neft 40 ABŞ dollarına qədər ucuzlaşa bilər. Bu halda, Azərbaycanın gündəlik itkiləri 17 milyon dollara yüksələ bilər. Bu isə mal və xidmətlərin idxalı üçün Azərbaycana lazım olan xarici valyutanın 57 faizinə bərabərdir. Qeyd edək ki, monetar qızıl idxalını nəzərə almasaq hazırda bir günlük idxal üçün orta hesabla 30 milyon dollar ekvivalentində xarici valyuta lazımdır".

Rəşad Həsənov idxalın azaldılması istiqamətində hərəkətə keçməyin vacibliyini vurğulayıb:

"Mərkəzi Bank hesab edir ki, beynəlxalq konyunktura Azərbaycan üçün əlverişli olaraq qalır. Amma məncə bu belə deyil və təcili qərarların qəbul edilməsi üçün ciddi əsaslar yaranmaqdadır. İlk olaraq idxalın azaldılması istiqamətində hərəkətə keçmək lazımdır. Bunun üçün xüsusi ilə 2017-ci ildə olduğu kimi dövlət vəsaitləri hesabına idxal məhdudlaşdırılmalıdır. Çünki son 2 ildə bu seqment üzrə idxal sürətlə artır. İkincisi isə banklarda açıq valyuta mövqeyinə tələblər sərtləşdirilə və nəzarət artırıla bilər. 2015-ci ildə mühüm problemlərdən biri də bu idi. Üçüncüsü, son illər neft və qeyri-neft sektorunda xarici investisiya qoyuluşlarının azalması məsələsi müzakirə edilməli, problemin aradan qaldırılması istiqamətində dövlət zəmanətinin gücləndirilməsi, məhkəmə sisteminin islahatı və s. istiqamətlərdə təcili tədbirlər görülməlidir. Repatriasiyanın sürətləndiyi bir dövrdə bu cari vəziyyət tədiyə balansında neqativ təzyiqləri daha da gücləndirir. Təəssüf ki, ötən 4 il ərzində iqtisadiyyatın şaxələndirilməsi və idxaldan asılılığın azaldılması istiqamətində qəbul edilən bu qədər qərarların, təsdiqlənən dövlət proqramlarının, yaradılan yeni mexanizmlərin real iqtisadiyyata transformasiyası çox zəif oldu. Yenə də bütün mənalarda xarici fluktasiyalara açığıq".

Yeganə Oqtayqızı