Yuxarı

Seçici ilə partiyalar arasında uçurum: "Əhalinin böyük əksəriyyəti təkamülün tərəfdarıdır”- Rəfail Becanov

Seçici ilə partiyalar arasında uçurum:

Seçici ilə partiyalar arasında uçurum:

  • Növbədənkənar parlament seçkisində nəticələri maraqla izlənənlərdən biri- 15 saylı Yasamal 1-ci Seçki Dairəsində əsas mübarizə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Müsavat Partiyasının başqanı Arif Hacılı və həmin dairəni əvvəl Milli Məclisdə təmsil etmiş müstəqil namizəd Ülvi Quliyev arasında gedib.

YAP bu dairədən Rauf Nağıyevin namizədliyini irəli sürüb. Lakin lap əvvəldən hakim partiyanın bu namizədinin şansının çox olmadığı məlum idi.

Rəsmi nəticələrə görə, Ü.Quliyev 4071 səs topladığı halda, YAP-ın namizədi 614 səs, Arif Hacılı 291 səs, Sərdar Cəlaloğlu isə cəmi 218 səs yığıb. Bu dairədəki 31 məntəqədən ikisində S.Cəlaloğluya 0 səs, üçündə isə Arif Hacılıya cəmi 2 səs verilib.

Göründüyü kimi, rəsmi nəticələrdə müstəqil namizəd olan Ü.Quliyevin kifayət qədər tanınmış və az-çox təşkilatlanmış partiyaların sədrlərinin hər birindən ayrı-ayrılıqda 20 dəfə artıq səs topladığı göstərilir.

Müxalifəti təmsil edən tanınmış partiyaların sədrlərinin topladıqları səsin azlığını nə ilə izah etmək olar?

"Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının rəhbəri Rəfail Becanov "Bakı-Xəbər”ə açıqlamasında belə bir halın onu da dərindən maraqlandırdığını deyib:

"Bu məsələni bir qədər fərdiləşdirmək istəməzdim. Başqa müxalifət liderləri də var ki, elə bunabənzər səs toplayıblar. Bu, bir daha göstərdi ki, seçici ilə müxalifətdə olan siyasi partiyalar arasında uçurum var. Söhbət bəzi məntəqələrdə baş verən neqativ hallardan getmir. Problem bundadır ki, həmin partiyaların tərəfdarları seçkiyə gəlib, əsl seçki ajiotajını yarada bilmirlər. Bu da sosial bazaya bağlı olan məsələdir. Sosial bazası tamamilə zəifləmiş radikal müxalifət bunu son nəticələrdə də hiss etmiş oldu. Əhalinin böyük əksəriyyəti dinamikanın, təkamülün tərəfdarı olduğuna görə radikal düşüncəni dəstəkləmir. Biz bunun bir daha şahidi olduq. Müxalifət partiyalarının sədrlərinin olduğu dairələrdə seçki ajiotajı yaranmadı. Bu hal bütövlükdə siyasi partiya sisteminə təsir edən məsələdir. Düşünülməlidir ki, hansı siyasi xətlə inkişaf mümkündürsə, o yolla gedilsin. Yoxsa gələcək nəticələr bundan da pis olacaq”.

Cumhuriyyet.biz





Həftənin ən çox oxunanları