Yuxarı

Suriya cəbhəsi: ABŞ Kremllə Türkiyənin əli ilə döyüşür - TƏHLİL

Suriya cəbhəsi: ABŞ Kremllə Türkiyənin əli ilə döyüşür - TƏHLİL

Suriya cəbhəsi: ABŞ Kremllə Türkiyənin əli ilə döyüşür - TƏHLİL

Türkiyə və Rusiya prezidentləri Suriyanın İdlib bölgəsində yaranmış gərginliyin azaldılması məsələsini müzakirə edib.

Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin bu məsələ ilə bağlı ilkin anlaşma əldə etdiyi xəbər verilir. Lakin bölgədən gələn xəbərlər Bəşər Əsəd rejiminə tabe olan silahlı qüvvələrin hərbi əməliyyatları davam etdirmək niyyətində olmadığını göstərir. Rusiyanın dəstəyi ilə hərəkət edən Suriya ordusu Türkiyə silahlı qüvvələrinin müşahidə məntəqələrini və mövqelərini atəşə tutur. Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriya ordusunun hər bir atəşinə dəfələrlə artıq zərbə endirmək əmrini verib.

Prezident Ərdoğan Əsəd hakimiyyətindən növbəti dəfə fevral ayının sonuna qədər İdlibdə sülhün bərpasına dair 2018-ci il sentyabrın 17-də Soçidə əldə edilmiş razılaşmanın şərtlərini yerinə yetirməyi tələb edib. Dövlət başçısı əks təqdirdə, Türkiyənin yerüstü və hava əməliyyatlarına başlayacağına dair xəbərdarlıq edib. Bu isə Türkiyə ilə Suriya arasında genişmiqyaslı müharibənin başlanması deməkdir. Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Soçi bəyannaməsinə əməl edilməsinin vacibliyini söyləsə də faktiki olaraq, buna əməl etmir. Sərakibdən hücuma keçən Əsəd ordusu 2012-ci ildən bəri ilk dəfə olaraq Hələb-Dəməşq yoluna nəzarəti tam ələ keçirib. Suriyanın şərqi ilə qərbini və cənubunu birləşdirən M4 və M5 magistral yollarına nəzarət uğrunda hazırda Suriya, Rusiya və Türkiyə arasında mübarizə gedir. Hələb-İdlib-Dəməşqi birləşdirən həmin magistral yollara sahib olan tərəf faktiki olaraq bütün Suriyaya nəzarət etmək imkanına malikdir. Ona görə də Bəşər Əsəd rejimi Sərmanı tutmaqla İdlibə gedən yolu bağlamaq, sonra isə ölkənin ən böyük vilayətini öz idarəçiliyi altına qaytarmağa çalışır. Noyabr ayında İdlibin cənubundakı Xan-Şeyxun şəhərinin ələ keçirilməsi ilə başlanan bu əməliyyatların hələ davam etməsi nə rəsmi Dəməşqin, nə də Rusiyanın prosesi dayandırmaq niyyətində olmadığını göstərir. Türkiyə hərbçilərinin müşahidə məntəqələrinə hücumların arxasında Rusiyanın dayandığını rəsmi Ankara da artıq açıq şəkildə bəyan edir.

Bu isə Suriya məsələsində 2016-cı ildən taktiki müttəfiqlik edən Rusiya və Türkiyənin yollarının ayrıldığını deməyə əsas verir. Əsəd rejiminin Türkiyəyə qarşı faktiki olaraq müharibə elan etməsi, eyni zamanda fevralın 10-11-də Rusiya nümayəndə heyətinin Ankarada apardığı danışıqların nəticəsiz başa çatması Rusiyanın bölgənin xəritəsini yenidən dəyişmək səylərini nümayiş etdirdi.

Bu planın ilk növbədə, Türkiyənin Suriyadan sıxışdırılmasına yönəldiyini söyləmək olar. ABŞ hərbi kontingentinin çıxması və "Sülh çeşməsi” anti-terror əməliyyatlarının keçirilməsindən sonra Türkiyənin Suriyadakı geosiyasi mövqeləri xeyli möhkəmlənib. Eyni zamanda, İdlib vilayətindəki müşahidə məntəqələri vasitəsilə Türkiyə demək olar ki, Suriyanın şimal-qərbindəki ən böyük vilayətini nəzarətdə saxlayır. Bu da Bəşər Əsədə hakimiyyətini bütün ölkədə bərqərar etməyə mane olur. Yanvar ayında İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds” ordusunun komandanı Qasim Süleymaninin öldürülməsi və İraqda Tehran rejimi əleyhinə başlanmış etirazlar fonunda İranın Suriyadakı mövqeləri xeyli zəifləyib. Bu baxımdan, rəsmi Ankara Rusiya ilə yanaşı, Suriyada həlledici söz sahibinə çevrilib. Görünür, Kreml Bəşər Əsədə "pərdə arxası”ndan atəş verməklə Suriyada geniş ərazilərə nəzarət edən Türkiyənin bölgədə rolunu azaltmağa çalışır. Kremlin qeyd edilən siyasəti Suriyada fəallığını artlırmağa çalışan İranın da maraqlarına cavab verir. İdlibi Həma şəhərinin şimalı ilə birləşdirən yolun türk patrullarından alınıb Əsəd ordusunun nəzarətinə verilməsi İran üçün də əlverişlidir. Çünki Həma şəhərinin şimalında İrana bağlı paramilitan qüvvələr mövqe tutub.

Digər amil Rusiyanın İdlib vilayətindən keçən M4 və M5 magistral yollarına nəzarəti ələ keçirmək planı ilə bağlıdır. Həmin yolların açılması Hələblə paytaxt Dəməşq arasında və Hələb-Lazkiyə istiqamətində kommunikasiyaların bərpası deməkdir. Rusiyanın əsas hərbi bazaları Lazkiyə vilayətində yerləşdiyindən, Moskva ölkənin şərqi, şimalı və mərkəzini birləşdirən kommunikasiyaların bərpasına çalşır. Türkiyə sözügedən avtomagistralların açılmasına etriaz etmir. Amma Ankara M4 və M5-in Əsəd rejiminin nəzarəti altına keçməsini istəmir. Bu məsələdə isə Rusiya ilə Türkiyənin mövqeləri toqquşur. Rusiya avtomagistralları Əsəd hakimiyyətinin idarəçiliyə verməklə ölkənin bütün şərq vilayətlərini ələ keçirmək, Türkiyəni İdlibdən sıxışdırıb çıxartmaq və eyni zamanda Suriya rejiminin bütün ölkəyə nəzarətini tamamlamaq istəyir. İdlibin tamamilə Suriya ordusunun nəzarətinə keçməsi 100 minlərlə qaçqının Türkiyə və Avropa istiqamətində hərəkətinə təkan verə bilər. Rusiya qaçqın axını yaratqmaqla Avropanın təhlükəsizliyini təhdid altına almağa çalışır. Qərbin də Türkiyəyə Əsəd rejiminə qarşı dəstəyi məhz bu problemlə bağlıdır.

Rəsmi Ankara isə İdlib uğrunda müharibəyə başlayacağını bəyan etməklə geri çəkilməyəcəyinə dair mesaj verir. Ərdoğan hakimiyyəti Putin-Əsəd ittifaqını dayandırmaq üçün Soçi razılaşmasına istinad edir. Ancaq Rusiya prezidenti qeyd edilən sənəddə Türkiyə prezidentinin tələbindən yayınmağa imkan verən hüquqi və siyasi boşluq yarada bilib. Rəsmi Moskva Soçi bəyannaməsində M4 və M5 magistral yollarına dair bəndin olmadığını əsas gətirərək Bəşər Əsədin hərbi əməliyyatlarına legitimlik yaradır. Yəni Rusiyaya hücumları davam etdirmək üçün manevr imkanı əldə edib. Bu səbəbdən də, artıq Soçi razılaşmasını qüvvədən düşmüş hesab etmək olar.

Türkiyəni narahat edən digər məqam hərbi əməliyyatların İdliblə yekunlaşmaycağına dair narahatlıqdır. Əgər Rusiya və Əsədə tabe olan ordu İdlibi ələ keçirsə, Türkiyə ilə sərhəddəki Bab əl-Hava sərhəd-keçid məntəqəsinə çıxa bilər. Hazırda Türkiyə hərbçilərinin nəzarətində olan bu yaşayış məntəqəsi sərhədlərin təhlükəsizliyi və terrorla mübarizə baxımından rəsmi Ankara üçün strateji əhəmiyyət daşıyır. Bəşər Əsəd Bab-əl-Havanı zəbt edəcəyi təqdirdə, hətta Türkiyədən hərbi əməliyyatlar nəticəsində ölkənin şimalı boyunca terrorçulardan azad etdiyi ərazilərdən çıxmağı tələb edə bilər. Ona görə də Türkiyənin bu məsələdə güzəştə gedəcəyi inandırıcı görünmür.

Üçüncüsü, Rusiyanın Türkiyəni Suriya ilə qarşı-qarşıya gətirməklə dərin münaqişəyə cəlb etmək niyyətində olduğu istisna olunmur. Son zamanlar Ərdoğan iqtidarının ABŞ və NATO ilə münasibətlərinin pisləşməsindən istifadə edən Kreml Türkiyəni Yaxın Şərqdəki geosiyasi mövqelərdən sıxışdırmaq və təhlükəsizlik baxımından zəif duruma salmağa çalışır. Yəni Türkiyəyə "S-400” sistemləri satan Kremlin daha uzunmüddətli planı işə saldığı müşahidə olunur. Moskva NATO ilə münasibətləri pozulmuş Türkiyəni Suriyadan çıxartdıqdan sonra yenidən terror problemi ilə üzbəüz qoymaq və təhlükəsizlik məsələsində özündən asılı vəziyyətə salmağa çalışır.

Lakin Türkiyənin ABŞ-la dərhal diplomatik təmaslara keçməsi Ərdoğan hakimiyyətinin manevr imkanlarının tükənmədiyini göstərir. Buna həm Türkiyənin coğraf mövqeyi, həm də NATO üzvü kimi strateji əhəmiyyəti imkan verir. Türkiyə Suriya ilə münaqişənin baş verəcəyi halda NATO-nun dəstəyini almağa səy göstərir. Ankara NATO-nu nizamnaməsinin 4-cü və 5-ci maddələrinə əsasən alyansın təcili toplantısının çağırılmasını və Türkiyəni müdafiə məqsədilə Əsəd rejiminə qarşı birgə hərbi əməliyyatların başlanmasını təklif edir. NATO-nun bu məsələdə Rusiya ilə açıq hərbi qarşıdurmaya gedəcəyi təbii ki, inandırıcı görünmür. Amma ABŞ bölgədəki maraqlarını reallaşdırmaq üçün Türkiyəyə müəyyən hərbi və siyasi dəstək verə bilər. Vaşinqton İlk növbədə, Türkiyə-Rusiya-İran formatının dağılmasında maraqlıdır. Bu da ABŞ üçün İranın Suriyadan çıxarılmasını asanlaşdıracaq bir addımdır. Ona görə də Ağ Ev hərbi dəstək müqabilində Türkiyə ilə müəyyən şərtləri razılaşdıra bilər. Artıq ABŞ-ın Əsəd ordusunun Suriyadakı mövqelərinə aviazərbələr endirməsi tərəflər arasında ilkin razlaşmanın əldə olunduğunu deməyə əsas verir. ABŞ prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin də Ankaraya səfəri zamanı Türkiyəyə dəstək verdiyini bəyan etməsi Suriyadakı proseslərin yeni mərhələyə daxil olduğunu göstərir.

Politoloq Fərrux Məmmədovun fikrincə, Putin hakimiyyətinin Bəşər Əsədə "Vur” əmrini verməsi Rusiya-İran-Türkiyə formatı daxilindəki münasibətlərin barışmaz müstəvidə olduğunu təsdiq edir:

"Bəşər Əsədin ordusunu formalaşdıran Rusiyadır. Rusiyanın hərbi yardımı olmadan Əsəd rejimi Türkiyə ilə döyüşə bilməz. Ərdoğan Rusiya və İranla yaradılmış ittifaqın böyük bir oyun olduğunun artıq fərqindədir. Lakin geriyə dönüş siyasəti mümkün deyil. Ona görə də NATO nizamnaməsinin 5-ci maddəsinin qüvvəyə minməsini istəyir. Lakin bu məsələ müzakirə olunmur. Birincisi, NATO Rusiya ilə açıq savaşa girməz. İkincisi, bu savaşda ABŞ da açıq şəkildə rol oynamaz. ABŞ-ın Rusiyaya təyin etdiyi yeni səfirin açıqlaması ondan ibarətdir ki, prezident Trampın ona əsas tapşırığı ikitərəfli münasibətlərin düzəldilməsinə yönəlib. Ancaq bu o demək deyil ki, ABŞ müttəfiqi Türkiyəni müdafiəsiz buraxacaq. Çox güman ki, ABŞ və Türkiyə arasında müəyyən razılaşmalar əldə olunacaq. Bu şərtlərdən biri Türkiyə hərbçilərinin təhlükəsizliyi ilə bağlı ola bilər. Rusiyanın bu anlaşmaya münasibətdə nə qədər real addım atacağını zaman göstərəcək. Amma Türkiyənin vəziyyəti gərgindir. Əgər Türkiyə ABŞ-ın və Avropa Birliyinin dəstəyini almasa, hərbi əməliyyatlarda daha ağır zərbələr ala bilər. Çünki Türkiyənin bu cəbhədə qarşısına çıxan Suriya deyil, Rusiya və İrandır. Türkiyənin xarici siyasət konsepsiyası Türkiyənin daha cəld, strateji və sərt qərarlar qəbul etməsini tələb edir. Türkiyənin zərbələri dəqiq olmalıdır. Ankara mövqeyini gücləndirdikdən sonra danışıqlar masasına oturmalıdır. Suriyadakı neft yataqlarını ABŞ hərbçiləri qoruyur. Vaşinqton həmin ərazilərin Rusiyanın nəzarətinə keçməsinə razı ola bilməz. Amerika Türkiyəni yalnız buraxmayacaq. Çünki hər iki ölkə hərbi müttəfiqdir. ABŞ Türkiyə ilə milli təhlükəsizlik və kəşfiyyat məlumatlarını paylaşacaq. Tramp administrasiyası bu məsələdə Ərdoğana açıq dəstək verəcək. NATO-nun Baş katibi də Suriya rejimini qınayıb. Lakin NATO nizamnaməsinin 5-ci maddəsi işə salınmayacaq. Çünki Türkiyə ərazisinə hərbi müdaxilə olunmayıb. Bu günkü qarşıdurma Rusiya ilə Türkiyə arasında baş versə də, faktiki olaraq, NATO ilə münaqişə deməkdir. Ona görə də Türkiyəyə qarşı həmlələri etməklə Putin "mən ABŞ-a və NATO-ya qarşı savaşıram” mesajını verir. Lakin Türkiyənin Suriyada geri addım atacağını düşünmürəm. Ərdoğanın geriyə çəkilməsi özünün siyasi karyerasına zərbə vura bilər. Bu səbəbədn Türkiyə ordusunun hücuma keçərək əlavə bəzi əraziləri də nəzarətə götürəcəyi gözlənilir. ABŞ-la aparılan danışıqlarda qəbul olunan qərarlardan sonra Türkiyənin Suriya siyasətini daha dərindən təhlil etmək olar. Çox güman ki, ABŞ Türkliyənin Suriyadan sıxışdırılmasına icazə verməyəcək. ABŞ üçün Suriya xüsusi strateji əhəmiyyət kəsb edir. Yəqin ki, Suriya bir neçə dövlətə və ya federasiyaya bölünəcək. Bu vəziyyətdə Türkiyə özünün milli təhlükəsizliyinə daha ehtiyatla yanaşmalıdır. Lakin ABŞ Türkiyəni Rusiyanın qarşısında tənha buraxmayacaq. Çünki Türkiyənin məğlubiyyəti ABŞ-ın Yaxın Şərqdə və Əfqanıstanda məğlubiyyəti deməkdir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları