Yuxarı

Ruslar Putinə əvəz tapıb: Kremlin yeni türk soylu sahibi?

Ruslar Putinə əvəz tapıb: Kremlin yeni türk soylu sahibi?

Ruslar Putinə əvəz tapıb: Kremlin yeni türk soylu sahibi?

2017-ci illə müqayisədə 2019-cu ildə Rusiya Prezidenti Vladimir Putinə əhalinin etimadı azalıb və onun siyasi reytinqi aşağı düşüb.

"Levada Mərkəzi”nin apardığı sorğular göstərir ki, son iki ildə prezidentin etimadı 59%-dən 35%-ə düşüb. Putinin yerini isə müdafiə naziri Sergey Şoyqu tutmağa başlayıb. 2019-cu ilin sentyabrından Şoyqunun reytinqi artmağa başlayıb. Əgər əvvəl bu rəqəm 13 faiz idisə, 2019-cu ilin sentyabrında 19 faizə yüksəlib. Mətbuatda yayılan bəzi xəbərlərdə Putinin indiki ümdafiə naziri, türk söylu Şoyqunu öz xələfi seçəcəyi bildirilir. Lakin siyasi ekspertlər fərqli düşünür.

"Cümhuriyət”ə açıqlamasında politoloq Elşən Manafov deyib ki, Putinin xələfi prezident seçkilərinə qədər baş verəcək sosial-siyasi və iqtisadi hadisələr nəticəsində ortaya çıxacaq:

""Levada Mərkəzi”nin apardığı sorğunun obyektivliyinə şübhə ilə yanaşıram. Çünki Şoyqu siyasətçi deyil. O, daha çox hərbi sahədə Putinin həyata keçirdiyi siyasətinin icraçısı kimi qəbul olunmalıdır. O, Rusiyanın digər siyasətçiləri ilə müqayisədə kifayət qədər ciddi siyasi reytinqə malik olmayıb. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Şoyqu Rusiyanın Suriyada kifayət qədər möhkəmlənməsində böyük rol oynasa da, bu Putinin cızdığı siyasi plan əsasında mümkün olub. Yəni Rusiyanın hərbi planlarının həyata keçirilməsində Şoyqu məsulliyət daşıyan və icraçı şəxs olub. Yəni Rusiya ordusunun əldə etdiyi uğurlar bütövlükdə Şoyqunun xidməti deyil. Rusiyanın beynəlxalq bir dövlətə çevrilməsi bütün hallarda Putinin həyata keçirdiyi siyasətlə əlaqədardır. Rusiya Dövlət Dumasında təmsil olunun ayrı-ayrı partiya liderlərinin, yəni Vladimir Jirinovski və Gennadi Züqanovun hərbi sənaye kompleksinə münasibətləri heç də Şoyqunun bu sahəyə münasibətindən aşağı səviyyədə deyil”.

Politoloq bildirib ki, Sergey Şoyqu prezident seçilə bilməz:

"Sergey Şoyqu hərbi sahədə perspektivli şəxs olsa da, Rusiya əhalisi tərəfindən prezident kimi qəbul olunacaq fiqur deyil. Amma Putin yüksək çinli məmurlar sırasında daha çox Şoyquya etimad göstərir. Hətta Dmitri Medvedyevin Baş nazir vəzifəsindən kənarlaşdırılmasından sonra Putinin xələfinin Şoyqu olacağı xəbəri gündəmə gəldi. Amma Putinin xələfinin kim olacağı barəsində qəti fikir söyləmək çətindir. Nəzərə alaq ki, Rusiyada prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Bu müddət ərzində Rusiyanın həm öz daxilində, həm də beynəlxalq miqyasda yürütdüyü siyasət Putinin qəti olaraq kimi öz xələfi kimi təyin edəcəyinə aydınlıq gətirəcək. Putin hətta ən çox Şoyquya etibar edib onu xələfi kimi görmək istəsə belə, iqtidar və müxalifət qüvvələri içində olan iş adamlarının da Putinin bu seçimini dəstəkləyib-dəstəkləməyəcəyi məlum deyil. Yəni bu məsələ Putinin təkbaşına qəbul edəcəyi qərar deyil. Onun da bu məsələdə məsləhətləşəcəyi şəxslər var. Putinin xələfi prezident seçkilərinə qədər Rusiyanın sosial-iqtisadi və siyasi həyatında baş verəcək dəyişikliklər nəticəsində müəyyən olunacaq. Əhali sosial durumuna və gəlirlərinə görə hazırkı iqtidardan məmnun deyil və prezident seçkilərinə qədər bir sıra kadr islahatları gedəcək. Yəni Putinin xələfi həyata keçirələcək bu islahatların effektindən asılı olacaq”.

Ekspert hesab edir ki, Vladimir Putinin reytinqinin aşağı düşməsi sosial-iqtisadi problemlərlə bağlıdır:

"Krımın Rusiyaya ilhaqından sonra Putinin reytinqi xeyi artmışdı. Bu gün Putinin reytinqinin sürətlə aşağı düşməsi onun imperiyapərəst siyasəti və bu siyasətdən məmnun olmayan əhalinin güzaranı ilə bağlıdır. Yəni əhalinin gəlirləri azalmaqdadır. Səbəb isə ABŞ-la mübarizəyə duruş gətirmək üçün Putinin hərbi sənaye kompleksinə böyük miqdarda ayırdığı puldur. Yəni hərbi sahəyə böyük miqdarda pulun ayrılması sosial sahəyə ayrılan məbləğin azalmasına səbəb olur. Bu isə gəlirləri azalmaqda olan əhalini məmnun etmir. Digər tərəfdən sanksiyalardan əziyyət çəkən iş adamlarının da Putinə münasibəti əvvəlki kimi müsbət deyil. Hətta Qərbdə düşünürlər ki, Rusiyanın siyasi-iqtisadi səhəsində gizli bir sözdələşmə əldə edilə və bunun əsasında Putin Kremldən götürülə bilər. Çünki iqtisadi sanksiyalardan Rusiya dövləti ilə yanaşı onun maliyyə oliqarxiyası da əziyyət çəkir. Putin də bunlardan xəbərsiz deyil. Rusiyanın böyük şəhərlərində əhalinin gəliri yüksək olmaqla yanaşı bu şəhərlərdə Putinə münasibət yaxşı deyil. Ona görə də prezident seçkilərinə qədər baş verə biləcək hadisələr, yəni Rusiyanın beynəlxalq miqyasda ABŞ-la qarşıdurmada necə duruş gətirəcəyi, NATO-nun şərqə doğru genişlənmə siyasətinə necə müqavimət göstərəcəyi və əhalinin sosial rifahının yaxşılaşdırılması Putinin xələfinin müəyyən olunmasına konkret təsir edəcək”.

Əli Bədir