Yuxarı

XİN-də "təmizləmə əməliyyatı": "Biznesmen diplomatlar"ın sonu çatır

XİN-də

XİN-də "təmizləmə əməliyyatı":


Azərbaycan Prezidenti İlham Əliyevin iradlarından sonra Xarici İşlər Naziriliyi sistemində araşdırmalara başlanılıb.

Səfirliklər, konsulluqlar və digər diplomatik nümayəndəliklərdə yoxlamaların aparıldığını Xarici İşlər naziri Ceyhun Bayramov da təsdiq edib. "Cənab Prezidentin tapşırığına uyğun olaraq, Xarici İşlər Nazirliyinin (XİN) həm aparatının, eyni zamanda xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərimizin işi, fəaliyyəti artıq təhlil olunur. Qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçiriləcək”- Ceyhun Bayramov belə deyib.

Onun sözlərinə görə, XİN-in mərkəzi aparatı, onun struktur bölmələri və xarici diplomatik nümayəndəliklər arasında koordinasiya işi ciddi formada təhlil edilməlidir: "İşin həcmi və hədəflər düzgün müəyyən edilməlidir və cənab Prezidentin müəyyən etdiyi əsas prioritet istiqamətlərə yönəlməlidir”.

Nazir bildirib ki, əsl peşəkar və vətənpərvər kadrların şəffaf, ədalətli seçim əsasında önə çəkilməsi xüsusi prioritet olacaq.

Bu isə yaxın vaxtlarda Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında ciddi kadr dəyişikliklərinin aparılacağını deməyə əsas verir. Qeyd edək ki, Prezident İlham Əliyev sabiq xarici işlər naziri Elmar Məmmədyarovun nazir olduğu dövrdə aparılmış kadr təyinatını ciddi tənqid etmişdi. Dövlət başçısı həmin şəxslərin, əsasən, şəxsi sədaqət, dostluq prinsipləri işə götürüldüyünü, hətta bəzi diplomatların xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən ələ alındığını bildirmişdi. Ona görə də nazir Bayramovun qarşısında qoyulan əsas tapşırıqlardan biri XİN sistemini yarıtmaz kadrlardan təmizləmək olub. Hətta onların bəzilərinin rüşvət müqabilində işə götürüldüyünə dair məlumatlar var.

Ümumiyyətlə, illər boyu XİN sistemi bəzi vəzifəli məmurların ailə üzvləri və yaxın qohumları üçün iş yeri funksiyasını daşıyıb. Bir çoxları isə bu sahəyə diplomatik immunitet və diplomatik pasport qazanmaq vasitəsi kimi baxıb. Nazirliyə rəhbərlik edən şəxs isə kadrları təyin edərkən ştat yerlərini, onların bilik və bacarıqlarını nəzərə almayıb. Doğrudur, elə diplomatlar var ki, onların yüksək biliyə malik olmasına şübhə edilmir. Ancaq onların təyinatında valideyn himayəsi az rol oynamayıb. Məsələn, Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Emin Eyyubov əvvəllər Azərbaycanın Avropa Birliyi yanında daimi nümayəndəliyə rəhbərlik edib. İndi isə Emin Eyyubov Azərbaycanın Avropa Şurasındakı səfiri postunu tutur.

Redaksiyamıza daxil olan məlumatlara görə, diplomatik rütbə verilən şəxslər arasında idmançıların, əvvəllər "Azəriqaz” İstehsalat Birliyində, Meliorasiya və Su Təsərrüfatı ASC-də, Mədəniyyət Nazirlyində işləmiş şəxslər var. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Büblbüloğlu isə müğənnidir və 2006-cı ildən bu vəzifəni tutur. Hər bir səfirin diplomatik səlahiyyət müddəti 3 il olduğu halda, Polad Bülbüloğlunun 14 ildir Azərbaycanın Rusiyadakı əsas təmsilçisi olaraq qalması sual doğurur. Yəni doğrudanmı, 75 yaşlı Polad Bülbüloğlunu əvəz edəcək bir nəfər də olsun, cavan diplomat yoxdur? Rusiya Azərbaycana qarşı imperialist iddialarla çıxış edən böyük və güclü dövlətdir. Ermənistanın hərbi-siyasi müttəfiqi olan Rusiya Azərbaycan ərazilərinin işğalının siyasi rejissorudur, Cənubi Qafqazda aktiv geosiyasi və kəşfiyyat fəaliyyəti var. Ona görə də Azərbaycanın Moskvadakı səfiri çox təcrübəli diplomat olmalıdır. Polad Bülbüloğlunun fəaliyyəti isə Rusiyada konsertlər verməklə yadda qalıb.

Azərbaycan 29 ildir müstəqil dövlətdir və bu müddət ərzində Xarici İşlər Nazirliyinin kifayət qədər kadr bazası formalaşdırmaq imkanı olub. Artıq Azərbaycan özü diplomat kadrlar yetişdirir. Azərbaycan Diplomatik Akademiyası, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsi, Dövlət İdarəçilik Akademiyasının məzunları XİN sistemi üçün bilikli gənc kadrlar hazırlayır. Yalnız onu qeyd etmək kifayətdir ki, 2018-ci ildə ADA-nı 530 nəfər, 2019-cu ildə isə 406 məzun bitirib. Onların əksəriyyəti azərbaycanlıdır. Həmin məzunların arasında diplomatiya və beynəlxalq münasibətlər üzrə xeyli sayda ixtisaslaşmış gənclər var. Görünür, XİN bu kadrlardan lazımi səviyyədə istifadə etməyib. Çünki nazirlikdə daha çox şəxsi mənafe prinsipinə üstünlük verənlər monopoliya yaradıb. Səfirlərin xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul olması, qeyri-rəsmi münasibətdə olduğu qadına bahalı brillyant üzük bağışlayan İbrahim Nəbioğlu, Qüdsi Osmanov kimi konsullar barədə məlumatlar yayılıb. Məsələn, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışan oğlu Anar Məhərrəmovun qanunsuz kommersiya ilə məşğuul olması 2018-ci ildə özünün və atasının işdən azad edilməsi ilə nəticələnib.Məlum olub ki, səlahiyyətlərindən sui-istifadə edib şərab biznesinə girişən Anar Məhərrəmov Azərbaycana qanunsuz yolla çaxır idxal edirmiş.

2016-cı ildə isə Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalovun həyat yoldaşı Nəzirə Zeynalovanın yol hərəkəti təhlükəsizliyi müfəttişinə 500 avro rüşvət təklif etməsi diplomatik "skandala" səbəb olub. Hətta səfir bu cinayət əməlinə Azərbaycansayağı bəraət də qazandırmağa çalışaraq polisə rüşvət deyil, 50 avro hədiyyə təklif edildiyini bildirib. Nəticədə Prezident İlham Əliyev E.Zeynalovu cəzalandıraraq səfir vəzifəsindən azad edib.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu yaxınlarda "Cümhuriyət” qəzetinə və Cebhe.info-ya açıqlamasında vaxtilə rəhbərlik etdiyi strukturda yaranmış vəziyyəti belə təsvir edib:

"Əslində, xarici siyasətin icrası həm Mərkəzi Aparata, həm də xarici nümayəndəliklərə aiddir. Təəssüflər olsun ki, koordinasiya işləri çox aşağı səviyyədədir. Təlimatlar çox nadir hallarda olur. İş demək olar ki, aparılmır. Məqsədli şəkildə dövlətimizin xarici siyasət qurumunu iflas vəziyyətinə gətiriblər”.

Ona görə də XİN-in biznesmen səfirlərdən, vəzifəli ataların övladlarından, imkanlı "dayı”ların qohumlarından təmizləmək üçün real imkan yaranıb. Bu dəyişiklikləri həyata keçirmək üçün Azərbaycan Prezidenti yeni nazirə bütün tapşırıqları da verib. Həmin səlahiyyətlər diplomatik immunitet qazanmış səfirlər və konsullar üçün əsl "antibiotik” rolu oynaya bilər. Sadəcə, bundan vaxtında və yerində istifadə etmək lazımdır. Əks təqdirdə, Azərbaycanın xarici siyasətini virus kimi sarmış "diplomatlar” onu məhv edə bilər.

Müşfiq Abdulla