Yuxarı

Rusiya-İŞİD savaşı:Azərbaycan təhlükə zolağında

Rusiya-İŞİD savaşı:Azərbaycan təhlükə zolağında

ISIDRusiyanın anti-İŞİD əməliyyatları Azərbaycan üçün real təhlükə idi. Çünki, təşkilat rəhbərliyi Moskvaya cavab olaraq, özünü Şimali Qafqazda göstərməyə çalışacaq. Bölgənin Azərbaycan sərhədlərində yerləşməsi ölkəmiz üçün təhlükəni daha da artırır. Zaman-zaman dini müstəvidə Dağıstan və Çeçenistanda radikalizm özünü göstərib. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakı səfərində “Rusiya və Azərbaycan İŞİD-ə qarşı birgə mübarizə aparmalıdırlar” deməklə bu təhlükənin formasını müəyyən etdi.   Azərbaycanın coğrafi özəllikləri, Şərqlə Qərb arasında strateji məntəqə rolu və təbii sərvətləri həmişə qlobal güclərin diqqət mərkəzində olub. Yaxın Şərqdə baş verən proseslərdə enerji resursları və silah tranziti üçün strateji məntəqələrin təyinedici faktor olduğunu nəzərə alsaq, Azərbaycan real təhdidlə qarşı-qarşıyadır. Buna görə, Azərbaycanın İŞİD-in hədəfində olması uzaq ehtimal deyil. Milli Təhlükəsizlik Nazirliyi və hüquq mühafizə orqanlarının ölkədə İŞİD tərədarlarına qarşı keçirdiyi əməliyyatlar da bunu sübut edir. Son əməliyyatlarda çoxlu sayda “İslam Dövləti” tərəfdarları həbs olundu. Bu, Azərbaycan dövlətinin potensial terror təhlükəsinə qarşı hazırlıqlı olduğunu göstərir. Yəni, istənilən halda Azərbaycan üçün İŞİD təhlükəsi var. İŞİD rəhbəri Əbu Bəkir əl-Bağdadinin açıqladığı hədəflərində də Azərbaycanın adı var. Rusiyanın İŞİD-in Suriya mövqelərinə qarşı mübarizəyə başlaması isə Azərbaycanı hədəf taxtasına bir qədər də yaxınlaşdırır. Suriya əməliyyatlarına görə, İŞİD-in Rusiyaya cavab verəcəyini ehtimal edilir. Bu cavab Şimali Qafqazda terroru körükləməklə ola bilər. Məlumdur ki, Bağdadi Şimali Qafqazı “İŞİD-in Əmirliyi” elan edib və Maqomed Süleymanovu “Qafqaz əmiri” təyin edib. Hazırda bölgədəki İŞİD qruplaşması fəaliyyətini passiv müstəvidə həyata keçirsə də, istənilən halda Suriyadan verilən tapşırıq üzərindən bunu açıq müstəviyə keçirə bilər. Bu, Rusiyayla yanaşı Azərbaycana da təhlükə yaradacaq.   Rusiya Silahlı Qüvvələrinin sabiq Baş qərargah rəisi Yuri Baluevski maraqlı məqama diqqət çəkib. O, bəzi MDB dövlətlərinin İŞİD-lə mübarizəyə qoşulacaqlarını deyib. “Niyə bu ölkələr İŞİD-ə qarşı başladılan əməliyyatlardan kənar qalmalıdırlar? Onlar da İŞİD-in məhv edilməsində maraqlıdırlar. Çünki bu təşkilat da onlar üçün təhlükə yaradır”, - deyə Y. Baluevski qeyd edib. Onun fikrincə, belə əməliyyatların potensial iştirakçısı kimi Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan ola bilər.   Baluevskinin açıqlaması ona hesablanıb ki, Rusiya özünü İŞİD təhlükəsindən sığortalamaq üçün terror təhdidini bu ölkələr arasında bərabər bölüşdürmək istəyir. Xüsusilə bu təhdid Azərbaycan üçün daha ciddi ola bilər. Azərbaycandan İŞİD sıralarında kifayət qədər döyüşçülərin olduğunu və Şimali Qafqazın ölkəmizin sərhədlərində yerləşdiyi faktorunu nəzərə alsaq, rəsmi Bakı Rusiyanın İŞİD əməliyyatlarına qoşulmaq ehtimalının üzərindən xətt çəkməlidir.   Politoloq Orxan Qafarlı maraqlı iddia ilə çıxış edib. O, Azərbaycanın Rusiyanın Suriya əməliyyatlarına dəstək üçün öz hava məkanını Rusiyaya açdığını deyib. “Rusiya ordusu rəsmi qaydada Yaxın Şərqə girdi. Suriyadan sonra İŞİD-in İraq mövqelərinə qarşı da əməliyyatlara hazırlaşır. Bəs, Rusiya təyyarələri hansı yollardan istifadə edir? Bu da məlumdur. Azərbaycan hava məkanını Rusiyanın üzünə açıb”, - deyə Orxan Qafarlı qeyd edib. Rusiya təyyarələrinin Azərbaycanın hava məkanından keçməklə Suriyaya getməsi ətrafında aparılan müzakirələrə rəsmi münasibət bildirilməlidir. Əks halda bu Azərbaycan üçün baş ağrısına çevrilə bilər. Azərbaycan Yaxın Şərq regionu yaxınlığında yerləşir və Türkiyə ilə sərhəddir. Türkiyədə İŞİD tərəfdarlarının sayı Azərbaycandan qat-qat çoxdur. Bir neçə ay əvvəl Surucda baş verən qanlı aksiyanı xatırlamaq lazımdır. İŞİD kamikadzesi kommunist kürdlərin keçirdiyi aksiyada özünü partlatdı və çoxlu sayda nümayişçi öldürüldü. PKK rəhbərliyi baş verənlərə görə, AKP-ni ittiham edərək qanlı aksiyalara start verdi. Yəni, İŞİD təhlükəsi Azərbaycan sərhədlərinədək irəliləyib və bunu nəzərə alaraq, Rusiyanın Suriya əməliyyatlarına dəstək vermək lazım deyil. Kreml istənilən halda Azərbaycan və digər ölkələri yanında görmək üçün dezinformasiyalar yayacaq. İndiki halda da İŞİD-in Azərbaycanı hədəf alması barədə də ən çox məlumat yayan məhz Kremlə yaxın media qurumlarıdır.   İŞİD-in xüsusilə neftlə zəngin ölkələrə fokuslanması gələcəkdə Azərbaycanı da hədəfə alması riskini artırır. Bağdadi əbəs yerə “İŞİD Xilafəti”nin xəritəsinə Azərbaycanın adını daxil etməyib. Xəritəyə əsasən, Azərbaycanın bir hissəsi “Kürdüstan”, qalan hissəsi “Qafqaz  Əmirliyi” daxilində “İŞİD-in tərkibi”ndə göstərilib. Bu, faktiki olaraq hansısa güclərin Azərbaycanı dövlət kimi xəritədən silmək planının olduğunu göstərir.   Ən əhəmiyyətli faktor isə, İŞİD-in Rusiyada aktiv olmasıdır. Rusiya Yaxın Şərq İnstitutunun rəhbəri Yevgeni Satanova görə, Suriyada İŞİD sıralarında döyüşən terrorçuların sonradan ölkəyə geri qayıtmaları Qafqaz bölgəsində terror təhdidi yaradır. Rusiya Xarici İşlər Nazirliyinin hesabatına əsasən, Rusiya Tunis, Səudiyyə Ərəbistanı və Mərakeşdən sonra İŞİD sıralarından ən çox vətəndaşı olan 4-cü ölkədir. Yəni, bu gün Rusiyanın İŞİD-ə qarşı keçirdiyi əməliyyatları özüylə yanaşı ətraf ölkələr üçün də fəlakət yarada bilər. Beləliklə, Azərbaycan Rusiyanın İŞİD əməliyyatlarına qoşulmamalıdır.   Əfqan





Həftənin ən çox oxunanları