Yuxarı

Ağ evdən gələn hədə: ÜST pulla bərabər təsirini də itirəcək?

Ağ evdən gələn hədə: ÜST pulla bərabər təsirini də itirəcək?

Ağ evdən gələn hədə: ÜST pulla bərabər təsirini də itirəcək?

ABŞ prezidenti Donald Tramp Konqresə ölkənin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması ilə əlaqədar rəsmi bildiriş göndərib.

Amma bu dəfə də Prezidentin bildirişi birmənalı qarşılanmayıb.Trampın hərəkətlərini "xaotik və uyğunsuz” adlandıran senator Bob Menendes "Bu, amerikalıların həyatını və maraqlarını qorumayacaq.ABŞ-ı xəstə və tək qoyacaq” - deyə "Tvitter” səhifəsində yazıb.

Xatırladaq ki, daha əvvəl də Prezidentin qərarına çıxan siyasi qüvvələr olub. O cümlədən də ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Trampın ÜST-nı tərk etməyə dair qərarını pisləyərək, bu qərarı mənasız adlandırıb.

Qeyd edək ki, ABŞ Prezidentinin Ümumdünya Səhiyyə Təşkilatına qarşı çıxışları hələ bir neçə ay öncədən başlanmışdı.May ayında verdiyi açıqlamasında isə Donald Tramp ABŞ-ın təşkilatdan çıxdığını bəyan edib:

"ABŞ ÜST rəhbərliyinə ətraflı şəkildə müvafiq islahatlar aparılmasını izah edib, lakin ÜST rəsmiləri lazımi tədbirlər görmədilər və buna görə də Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırmaq və ona ayrılan vəsaitləri digər sağlamlıq proqramlarına yönəltmək qərarına gəldik".

Eləcə də Tramp ÜST-ün baş direktoru Tedros Adanom Gebreyesusa göndərdiyi məktubda ABŞ-ın islahatların həyata keçirilməsinə zəmanət vermək üçün təşkilata 30 gün vaxt verməyə hazır olduğunu söyləyib.ABŞ Prezidenti həm də Çinin ÜST-ə nəzarət etdiyini iddia edib.Artıq ölkənin ÜST-dən çıxmasının rəsmiləşdirilməsi istiqamətində addımlar atılır.

Bəs, ABŞ-ın təşkilatdan ayrılması ÜST-ün nüfuzuna necə təsir edəcək?

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında Donald Trampı mövqeyində haqlı hesab etdiyini bildirib:

"Məlum oldu ki, Ümumdünya Səhiyyə Təşkilatı məsələyə səhlənkar yanaşıb, ilkin açıqlamaları da bu oldu ki, virus insandan insana keçmir.Hətta məlumatlar var ki, təşkilat Çin hakimiyyəti ilə məsələnin geniş yayılmaması üçün "əlbir” olub.Amma vaxtında üstünə düşsəydilər, epidemiya başqa ölkələrə yayılmazdı.Əlbəttə ki, ÜST-nin böyük günahları var və təkcə ABŞ-da deyil, digər dövlətlərdə də təşkilat tənqid olunur”.

ABŞ çıxmasının təşkilat üçün böyük zərbə olduğunu deyən politoloq bildirir ki, ÜST-nin ən böyük donoru ABŞ-dır:

"Ən böyük donoru təşkilatı tərk edir. ABŞ yüz milyon dollarla illik üzvlük haqqı verirdi.Bu üzvlük haqqının hesabına təşkilat həm işçilərini saxlayırdı, həm də müvafiq tədbirlər görürdü.Düşünürəm ki, ABŞ-ın ardınca digər ölkələr də təşkilatı tərk edə bilər ki, bu da növbəti zərbələr olacaq.Hesab edirəm ki, indiki vəziyyətdə təşkilatın nüfuzunu qoruması üçün yeganə yol toplantı keçirib, rəhbər heyətini dəyişməkdir.Bu olmayacaqsa, təşkilata inam getdikcə azalacaq və gələcəkdə təşkilatın dağılması ehtimalı da artacaq”.

Donald Trampın ÜST-dən çıxmaqla bağlı təklifinin ABŞ-da birmənalı qarşılanmamasına gəlincə, Elxan Şahinoğlu bunu da normal hesab etdiyini dedi:

”Trampın hansı təklifi ABŞ-da birmənalı qarşılanır ki.. Donald Trampın rəqibləri, tənqidçiləri çoxdur.Dünyanın heç bir yerində verilən təkliflər tam dəstək almır.Ola bilsin ki, Trampın təklifi Demokratlar, konqresmenlər tərəfindən ciddi tənqid olunsun.Amma o artıq qərarını verib. Amma gələcəkdə virus aradan qalxandan sonra və ya Tramp seçkilərdə məğlub olarsa və onun yerinə məsələn, Co Bayden gələrsə, ABŞ-ın yenidən başqa formada təşkilata qatılma perspektivi müzakirə oluna bilər”.

ABŞ təşkilatı tərk edəcəyi təqdirdə, ÜST-ün indiki diqtəsi qalacaqmı?

Politoloq deyir ki, təşkilatın nüfuzuna çox ciddi zərbə dəydiyi aydındır:

"Epidemiya təşkilatın nüfuzunu zədələdi. Bunu bərpa etmək çox çətin olacaq.ÜST ya ciddi təkliflər ortaya qoymalı, peyvəndlə və dərmanla bağlı ciddi təşəbbüsləri olmalıdır və ya hər hansı bir ölkə dərman və ya peyvənd icad edərsə, onun dünyanın bütün nöqtələrinə, ən kasıb ölkələrinə də çatdırılmasını təmin etməlidir.Bunu da edə bilməsə, nüfuzunu xilas etməsi çətin olacaq”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları