Yuxarı

Elman Nəsirov: "Pandemiya dövründə müxalifət və iqtidarın birgə fəaliyyətinə ehtiyac var” - MÜSAHİBƏ

Elman Nəsirov:

Elman Nəsirov:

İqtidar-müxalifət görüşləri yenidən başlayıb.

Cari ilin aprel ayından etibarən başlayan bu proses çərçivəsində ölkənin siyasi gündəmində də ciddi aktivlik müşahidə olunub. Hesab edilir ki, əsas məqsəd ümumilli məsələlərdə iqtidar və müxalifətin vahid mövqedən çıxışını təmin etməkdir.

Dünya və ölkəmiz koronaviurus bəlası ilə üz-üzə qaldığı bir zamanda pandemiya ilə mübarizədə iqtidar-müxalifət əməkdaşlığı görünürmü?

Mövzu ilə bağlı "Cümhuriyət” qəzetinin suallarını Milli Məclisin deputatı, YAP Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov cavablandırıb.

"Hər bir siyasi partiya ümummilli bəlaya qarşı mübarizədə öz töhfəsini verməlidir”

-Elman müəllim, iqtidar-müxalifət təmasları yenidən başlayıb. Ötən həftə 3 partiya sədri ilə yenidən görüş keçirildi. Partiyaların sənəd, nizamnamə və ad məsələləri Ədliyyə Nazirliyi tərəfindən təsdiq edildi. Bu proses perspektivdə cəmiyyətə nə vəd edir?

-Məlum olduğu kimi, artıq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin partiya sədrləri ilə görüşü yenidən başlanıb. Bu təşəbbüsün müəllifi isə ölkə prezidenti cənab İlham Əliyevdir. Bu təşəbbüsün əsas mahiyyəti odur ki, ölkəmizdə siyasi islahatların dərinləşməsi prosesində partiyalararası dialoqa xüsusi önəm verilməlidir. Bu da nəticə etibarilə ona xidmət edir ki, ölkəni narahat edən istənilən məsələ geniş, partiyalararası müzakirələr predmeti olsun. Eyni zamanda mövcud problemlərdən birgə çıxış yolları axtarılsın. Ümummilli məsələlərdə ortaq mövqedən çıxış təmin edilsin. Bu təmaslar nəticəsində partiyaların üzləşdiyi, onların qeydiyyatı ilə bağlı yaranmış problemlər, fəaliyyətləri ilə bağlı ortaya çıxan çətinliklər və digər məsələlər də diqqət mərkəzində saxlanılır. Hesab edirəm ki, indiki vəziyyətdə belə görüşlərin keçirilməsi pandemiyaya qarşı mübarizə çərçivəsində də bütün siyasi qüvvələrin eyni nöqtədən çıxış etməsi və ümumi bəlaya qarşı səylərin birləşməsi anlamını da ifadə edir. Yəni pandemiyaya qarşı mübarizə təkcə iqtidarın problemi deyil. Bu, bütövlükdə dövlətimizin, xalqımızın problemidir. Hər bir partiya siyasi mənsubiyyətindən və baxışından asılı olmayaraq, ümummilli bəlaya qarşı mübarizədə öz töhfəsini verməlidir. Təbliğat, təşviqat məsələləri ilə bağlı töhfə, öz partiya üzvlərinin məhsuliyyətə çağırışı ilə bağlı ola bilər. Pandemiyaya qarşı mübarizədə birlik, həmrəylik və məsuliyyətin gücləndirilməsi və sair məsələlərlə bağlı olmalıdır.İndiki halda, bu məsələnin çox böyük aktuallığı var. Təbii ki, bu gözlənilən idi. Çünki artıq partiyalararası dialoq məsələsinə xeyli vaxtdır ki, start verilib. Çoxpartiyalı sistemin formalaşdırılması əsas hədəflərdən biridir.Bu məsələ ölkə parlamentindən artıq öz əksini tapıb.Bilirsiz ki, parlamentin vitse-spikeri, komitə sədri, komitə sədrlərinin müavinləri səviyyəsində müxtəlif müxalif partiyalar təmsil olunur. Ölkəmizdə artıq siyasi dialoq mühiti formalaşmaqda və möhkəmlənməkdədir. Bu da nəticə etibarilə hesab edirəm ki, ölkəmizin tarixi nailiyyəti olar və siyasi sabitliyin, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyinin daha da gücləndirilməsinə xidmət göstərər. Eyni zamanda bu təmaslar və siyasi dialoq ölkəmizdə səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini pozmaq istəyən qüvvələrə qarşı da bir cavabdır. Yəni bu addımlar bütün siyasi partiyalar öz iradələrini ortaya qoyurlar ki, ümummilli məsələlərdə heç bir iqtidar, müxalifət yanaşması yoxdur.Bu cür məsələlərdə hər kəs eyni mövqedən çıxış edir. Bu baxımdan da hesab edirəm ki, bu görüşlərin çox böyük siyasi əhəmiyyəti var.

"Birgə fəaliyyətə böyük ehtiyac var”

-Çox maraqlı məqama toxundunuz. Pandemiya ilə mübarizədə iqtidar və müxalifətin birgə fəaliyyət göstərməli olduğunu dediniz.Hazırda koronavirusla mübarizədə bu birgəliyi qənaətbəxş hesab etmək olarmı?

-Yaxşı sualdır. Hesab edirəm ki, pandemiya dövründə müxalifət və iqtidarın bu prosesdə birgə fəaliyyətinə çox böyük ehtiyac var. Amma indiki vəziyyət qənaətbəxş deyil. Ölkə başçısı cənab İlham Əliyev, I vitse-prezident Mehriban Əliyeva gecə-gündüz bu problemin həlli ilə məşğuldurlar.Bu qədər sistemli, ardıcıl tibbi, sosial müdafiə, iqtisadiyyatın qorunub saxlanılması, regional və beynəlxalq səviyyəli addımlar atılır. Azərbaycan prezidenti BMT-nin Baş Məclisinin xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edir və onun keçirilməsinə nail olmaqdadır. Bu qədər irimiqyaslı işlərin fonunda müxalif partiyaların koronavirusla bağlı nə işlə məşğul olmasından şəxsən mənim xəbərim yoxdu.Onlar hansı töhfəni verib, bundan xəbərsizəm.Amma bəzi radikal siyasi qruplaşmalar isə insanları çaşdırmaq istəyirlər, "dezinformasiya maşınlarını" işə salıblar və böhtan xarakterli məlumatlar yayırlar. Xüsusilə də xarici ölkələrdə özünə sığınacaq tapmış və özlərini siyasi mühacir kimi təqdim edənlər isə, ümumiyyətlə, bütün əndazəni aşıblar. Faktiki olaraq onların pandemiya dövründəki davranışı hesab edirəm ki, cinayət məsuliyyəti yaradır. Bu məsələyə də hesab edirəm ki, xüsusi diqqət ayrılmalıdır. Çox istəyərdim ki, bu gün Azərbaycan dövlətinin, iqtidarının pandemiyaya qarşı apardığı mübarizə çərçivəsində digər siyasi partiyalar da qoşulsun. Çünki burada söhbət millətin təhlükəsizliyindən gedir. Bu, artıq milli təhlükəsizlik məsələsidir.İnsanların həyatının xilası ilə bağlı mübarizədir. Yəni insan taleyi həll olunur. Belə bir vəziyyətdə qətiyyən iqtidar-müxalifət bölgüsü olmaz. Hesab edirəm ki, pandemiya ilə mübarizədə iqtidar-müxalifət bölgüsü yoxdur, bu prosesdə hamı bir yumruq kimi birləşməli və bu bəlaya qarşı mübarizə aparmalıdır. Cənab Prezidentin məhşur bir fikri var: Biz birlikdə güclüyük! Bu, eyni zamanda pandemiya ilə mübarizədə müxalifətə birlikdə olmaq çağırışıdır.Biz çox istəyərdik ki, müxalif siyasi qüvvələr də bu vəziyyəti düzgün qiymətləndirib pandemiyaya qarşı mübarizədə xalqımızın, dövlətimizin qələbəsinin təmin edilməsinə gətirib çıxaracaq addımlara imza atsınlar.

"Onlar qərəzli olmalı deyil”

-Müxalifət partiyaları nə etməlidir? Bununla bağlı sizin təklifiniz maraqlı olardı...

-Müxalif partiyalar adından da göründüyü kimi fərqli düşüncənin daşıyıcılarıdırlar. Müxalif partiyaların əsas işi iqtidarın yürütdüyü siyasətdə hansısa qüsurlar varsa, onları üzə çıxarmaq, söyləmək, ifadə etməkdir. Eyni zamanda da həmin vəziyyətlə bağlı təkcə tənqidlə kifayətlənməyib, həm də konstruktiv mövqe ortaya qoymalıdır.Hesab edirəm ki, əsas məsələ budur. Ümumilli məsələlərdə isə onlar iqtidarla birləşib, onun yanında olub öz təklifləri, tövsiyələri ilə prosesə töhfə verməlidirlər. Bunları təklif edərdim.Bəzən görürük ki, radikal qüvvələr indiki məqamda koronavirusla bağlı heç bir konkret təklifi, tövsiyəsi yoxdur. Ancaq işləri, "Azərbaycanda insan haqları tapdalandı”, "hökumət pandemiyadan istifadə edib hüquqları məhdudlaşdırır” və sair kimi iftira və yalan yaymaqdır. Doğrudan da xalqa, Azərbaycan dövlətinə, dövlətçiliyinə bağlısansa, konstruktiv təkliflərini ortaya qoy.Biz necə edək ki, qısa zamanda qalib statusuna yüksələk? Bununla bağlı təkliflər verilməlidir. Ona görə də hesab edirəm ki, bu gün konstruktiv müxalif qüvvələr məsələlərə yanaşmada elə konstruktiv ortaya qoymalıdırlar.Konkret təklif və tövsiyələrlə çıxış etməlidirlər. Eyni zamanda iqtidarın bu istiqamətdəki hər hansı bir səhvi və ya qüsuru varsa, onu da göstərməlidirlər. Amma burada qərəzli olmalı deyillər, hər şeyi obyektiv göstərməlidirlər.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları