Yuxarı

Rəfail Becanov: "Bu, mafioz qrup, 5-ci kolon, xarici kəşfiyyatın əlində alət olmaqdır”

Rəfail Becanov:

Rəfail Becanov:

Azərbaycan Prezidentinin Ermənistan hakimiyyətini tənqid etməsi ilə əlaqədar Ermənistan mediası, Milli Şuranın rəhbərləri və xaricdə yaşayan bəzi fəallar müəyyən iddiallarla çıxış edirlər.

Onlar bildirirlər ki, Ermənistan hakimiyyəti haqqında Prezident İlham Əliyevin irəli sürdüyü fikirlər Azərbaycan hakimiyyətinin özünə aiddir.

Beləliklə də Milli Şuranın sədri Cəmil Həsənli, bu qurumda təmsil olunmuş digər fəalların, habelə keçmiş səfir Arif Məmmədov kimi xaricdə yaşayan bəzi şəxslərin hakimiyyətə qarşı deyil, artıq dövlətə qarşı mübarizə aparması üzə çıxmış olur. Onlar "Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır” prinsipindən çıxış edərək, öz iddialarını gerçəkləşdirmək üçün hətta işğalçı Ermənistanı təbliğ etməkdən, vətənlərini isə ləkələməkdən belə çəkinmirlər.

Milli Şura, "Yurd”, xarici ölkələrdə yaşayan bəzi fəalların Ermənistan mediasının irəli sürdüyü iddialarla sinxron çıxış etməsinin arxasında hansı maraqlar və amillər dayana bilər?

"Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov "Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, belə halın olması böyük təəssüf doğurur: "Özünü müxalifət adlandıran qüvvə təbiidir ki, hakimiyyəti tənqid etməlidir. Ancaq bu tənqid haqlı olmalıdır. Belə olanda, insanların da marağını cəlb edir. Eyni zamanda, düzgün tənqid həmin qüvvənin sosial bazasının formalaşmasına da böyük təsir göstərir. Tənqid qərəzli və yalan üzərində qurulanda, həmin siyasi qüvvənin özünə qarşı yönəlmiş olur. Biz bilirik ki, Azərbaycanda pandemiya ilə mübarizə çox nümunəvi şəkildə təşkil edilib. Təəssüf ki, bizim radikallar bu yöndə bizimlə Ermənistan arasında paralellər aparmaq istəyirlər. Eyni paralelləri Ermənistan mediası da aparır. Onları başa düşürük, cünki bizimlə informasiya mübarizəsi aparırlar, bəs bizimkilər buna niyə gedir? Bu, həm də absurd müqayisədir. Ermənistan hazırda tam böhran vəziyyətindədir. Demək olar ki, ölkə dövlət böhranı içərisindədir. Belə bir ölkəni Azərbaycanla müqayisə edib, onlara haqq vermək heç bir əndazəyə sığmır. O qüvvələr ki, bunu yalnız satistika və hökuməti şərləmək xatirinə edir, bu, onların öz əleyhinə işləmiş olacaq”.

Baş redaktorun sözlərinə görə, bu, hakimiyyətə yox, dövlətə müxaliflikdir:"Müxalifət hakimiyyəti tənqid etməlidir, ancaq dövlətin dayaqlarını sarsıdan fəaliyyət göstərmək yolverilməzdir.

Dövlət bizim hamımızındır. Bu dövlətin qurulmasında biz hamımız hansısa formada yaxından iştirak etmişik. "Nə olursa olsun, dövlət də dağılmış olsa belə, mənim iddialarım təmin olunsun” prinsipi siyasi mübarizə metodlarına sığmır. Belə siyasi mübarizə prinsipi olmur. Bu, artıq mafioz qrup, 5-ci kolon, hansısa xarici kəşfiyyatın əlində alət olma prinsipidir. Cəmiyyətin sağlam qüvvələri buna qarşı daim mübarizə aparacaq. Təbiidir ki, qəbul edilməyən məsələlər var, tənqid edilməlidir. Bunu digər müxalif qüvvələr də edir. Lakin dövlətə şər atıb, onu aşağılamaq olmaz. Dövlət bizim başımızın tacıdır və daim yuxarıda dayanmalıdır. Mən bu cür fəaliyyəti siyasi etikaya uyğun saymıram”.





Həftənin ən çox oxunanları