Yuxarı

Paşinyanın dağılan demokrat imici və Qərbin susqunluğu - Rəfail Becanov yazır

Paşinyanın dağılan demokrat imici və Qərbin susqunluğu - Rəfail Becanov yazır

Paşinyanın dağılan demokrat imici və Qərbin susqunluğu - Rəfail Becanov yazır

"Paşinyanın "demokratiya surəti" yavaş-yavaş açılır. Əslində bu, öncədən proqnozlaşdırılırdı. Sadəcə, demokratiyanı imitasiya qəti fikir söyləməyə mane olurdu. Bir neçə gün əvvəl "Çiçəklənən Ermənistan” Partiyasının sədri, Ermənistan parlamentindəki "Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığının parlament tərəfindən ləğv edilməsi ilə Paşinyanın əsl kimliyi üzə çıxdı”.

Cebhe.info xəbər verir ki, bunu Ermənistanda baş verən son prosesləri şərh edən Cebhe.info xəbər portalının baş direktoru, "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

Onun fikrincə, baş verənlər Baş nazir Nikol Paşinyanın demokratik dəyərlərdən nə qədər uzaq olduğunu sübuta yetirən faktlardan biridir:

"Artıq Sarukyan istintiqa cəlb edilib və onun həbs ediləcəyi gözlənilir. Bəs Paşinyanın məqsədi nədir? Paşinyan zor gücünə özünün avtoritar rejiminin ömrünü uzatmaq istəyir. Sarukyanın tənqidi və maliyyə imkanları onun istəyinin gerçəkləşməsinə mane olurdu. Ona görə də Paşinyan əsas rəqiblərindən birini zərərsizləşdirmək fikrinə düşüb. Siyasi düşüncələrinə görə təqiblərin açıq müstəviyə keçməsi göstərir ki, Paşinyan Ermənistanda yeni bir xunta rejimi formalaşdırmağa çalışır. Paşinyan bu addımları ilə həm də Qarabağ danışıqlarını pozmağa cəhd edir. İndi də daxili vəziyyəti bəhanə edib danışıqlardan yayınmağa çalışacaq. Əslində, baş verənlər planlı hərəkətin tərkib hissəsidir və beynəlxalq təzyiqlərdən özünü sığortalamaq cəhdidir. Digər tərəfdən isə məlumdur ki, Ermənistanda böyük bir böhran yaşanır. Həm siyasi, həm iqtisadi böhranı pandemiya daha da sürətləndirib. Ermənistanda virusa yoluxanlar həndəsi silsilə ilə artır. Paşinyan hakimiyyəti prosesi önləyə bilmir və isterikadadır. Bu da onun rejimini daha da aqressivləşdirir. Çünki siyasi bacarığı, təcrübəsi olmayan Paşinyan dövlət idarəçiliyini populizmlə səhv salır”.

Baş redaktor beynəlxalq qurumları, özlərini demokratiyanın "xaç atası" hesab edən Qərb dövlətlərini baş verənlərə laqeyd yanaşmaqda qınayıb:

"Onlar hadisələri susqunluqla izləyirlər. Vətəndaş cəmiyyətinin etiraz aksiyaları polis dəyənəyi ilə dağıdılır, KİV nümayəndələri zorakılığa məruz qalır, amma Avropa Şurası Parlament Assambleyası susur, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsindən səs-soraq yoxdur, Qərb ölkələrinin Ermənistandakı səfirliklərindən heç bir etiraz eşidilmir. Əslində isə beynəlxalq təşkilatlar işğalçı ölkənin yeni diktatorunun bu hərəkətlərinə dərhal və kəskin qiymət verməliydi. Onun demokratiya pərdəsinə bürünmüş surətini aşkara çıxarmalı və repressiyaları dayandırmağa məcbur etməlidir. Ardınca isə Qarabağ danışıqlarındakı manipulyasiyalardan çəkindirməli və irtica rejimini Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmağa məcbur etməlidir. Təəssüf ki, bunu hələ görmürük...”





Həftənin ən çox oxunanları