Yuxarı

Suriya savaşı: qalib kim olacaq?

Suriya savaşı: qalib kim olacaq?

suriya1 Amerikalı ekspert: “Rusiya “İslam Dövləti”nə qalib gələ bilməyəcək”

Sentyabrın 30-dan başlayaraq Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın ərazisini bombalamaqda davam edir. Rusiya rəsmi dairələri və Kremlə yaxın KİV-lər bu hadisəni Rusiyanın Suriya ərazisində terrorizmə qarşı mübarizəsi kimi təqdim edir. Rusiya hakimiyyəti Yaxın Şərqdə “İslam Dövləti” terror qruplaşmasının mövqelərinə aviazərbələr endirdiyini bəyan edib. Ancaq Rusiya hərbi təyyarələri əməliyyata başladıqdan 1 saat sonra Fransa və ABŞ əslində İŞİD-in deyil, Bəşər Əsədə qarşı döyüşən Azad Suriya Ordusunun mövqelərinə hava zərbələri endirildiyi barədə bəyanat yaydı.

Bununla da Rusiyanın Suriyaya daxil olmaq üçün Qərbi və bu regiondakı dövlətləri aldatmaq niyyəti qısa müddətdə üzə çıxdı. Artıq siyasi mənzərə aydındır. Rusiya Bəşər Əsədin hakimiyyətdə qalmasını təmin etmək üçün bütün siyasi və hərbi resurslarını işə salıb. Buna nail olmaq üçün Bəşər Əsəd hakimiyyəti üçün başlıca təhlükə mənbəyi olan Azad Suriya Ordusunun məhv edilməsi ön planda dayanır. Prezident Putinin “dünyanı terrordan xilas etməyin vacibliyi” barədə ritorik çıxışlarına baxmayaraq, Rusiyanın “İŞİD-ə qarşı hər hansı hərbi əməliyyatlar keçirəcəyi inandırıcı görünmür. Çünki İŞİD faktiki olaraq, Əsəd rejiminə qarşı mübarizə aparmır. Bunun əksinə olaraq, İŞİD-in yerli müxalifət qüvvələri, o cümlədən ASO ilə döyüşməsi B.Əsəd rejiminin möhkəmlənməsinə şərait yaradır. İŞİD-in işğal etdiyi qərb ərazilərinə nəzarəti itirən Suriya prezidentini daha çox ölkənin şərq vilayətlərini nəzarətdə saxlamaq qane edir. Yəni Əsəd hakimiyyəti İŞİD- ilə qarşıdurmadan maksimum yayınmağa çalışır. Hazırda Rusiya təyyarələrinin əsasən Homs, Həma və Lazkiyə vilayətlərini bombalaması da bunu bir daha təsdiq edir. Həmin bölgələr isə şiələrin və ələvilərin kompakt yaşadığı ərazilərdir. Xatırladaq ki, B.Əsəd özü də Lazkiyədə anadan olub. Bu gün Suriya de-fakto etnik və məzhəbçi qrupların əlində olan bir neçə hissəyə bölünüb. Prezident Əsədin də son davranışı bu reallığı qəbul etməsindən xəbər verir. Əsəd rejiminin həmin ərazilərdə hökmranlığını davam etdirməsi isə Rusiyaya Aralıq dənizinə çıxış əldə etmək üçün mühüm dəhliz rolunu oynaya bilər. Lakin Rusiyanın Qərbin çağırışlarının ziddinə olaraq, İŞİD-ə qarşı mübarizə aparmadan öz fəaliyyətini yalnız Əsəd rejiminə dəstəyə yönəltsə, bunun qısa müddətdə Yaxın Şərqdə yeni siyasi və hərbi qarşıdurmaya səbəb olacağı qaçılmaz ola bilər. Ona görə də Rusiya Suriyada “xilaskarlıq funksiyası yerinə yetirdiyini” isbat etmək üçün təbliğat işinə öz müttəfiqlərini də cəlb edib. “Pravda.ru” xəbər saytı Rusiya təyyarələrinin Suriyanın “Hmeymim” aerodromundan havaya qalxaraq İŞİD terrorçularının mövqelərinə ilk dəfə aviazərbələr endirdiyini yazıb. Bu məlumatı şərh edən erməni politoloq Araik Stepanyan bildirib ki, Rusiyanın məsələni həll etməsi Vaşinqton üçün əlverişli deyil, çünki bu məkanı xaosa çevirməyə mane olur. Araik Stepanyanın sözlərinə görə, ABŞ-ın məqsədi bölgdə İŞİD-in mövcud olması və Bəşər Əsədi məğlub etməkdir. “Onlar Bəşər Əsədə hücum etməklə hakimiyyəti başsız qoymaq istəyirlər”-deyən erməni politoloq Rusiyanın hərəkətini “müdrik siyasət” adlandırıb. O, ABŞ üçün Suriya probleminin SSRİ-nin Əfqanıstanda düşdüyü vəziyyətə bərabər olduğunu deyib. Əfqanıstanda ABŞ-ın külli miqdarda vəsait xərclədiyini xatırladan A.Stepanyan artıq Amerikada insan resurslarının tükəndiyini iddia edib. ABŞ analitikləri isə Rusiyanın Suriya böhranına müdaxiləsinin daha ciddi problemlərə yol aça biləcəyini proqnozlaşdırır. “The Washington Post” qəzeti ABŞ-ın Suriyadakı yerini Rusiyaya verməyəcəyini yazır: “ABŞ Konqresindəki dinləmələr zamanı Rand Korporasiyanı təmsil edən Linda Robinson Obama adminstrasiyasının terrorizmə qarşı mübarizədə İran və Rusiya ilə birgə hərəkət etmək istəyini ciddi səhv adlandırıb. Putinin lovğa sözlərinə baxmayaraq, Rusiya “İslam Dövləti”nə qalib gələ bilməyəcək. Əksinə, İranla əməkdaşlıq edən rusların birgə müdaxiləsi üsyançı sünni icmasını daha da alovlandıra bilər. Məsələ burasındadır ki, ABŞ-ın regiondakı müttəfiqləri-İsrail, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı ABŞ-ın bölgədəki mövqeyini Rusiyaya güzəştə getdiyinə inanırlar ki, o halda regionda vəziyyət xaotik olar”. Fransanın “Le Monde” qəzetinə müsahibə verən NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya xəbərdarlıq edərək, münaqişənin həllində konstruktiv mövqe tutmağa və İŞİD-ə qarşı mübarizə aparmağa çağırıb. “Əsədə dəstək Rusiyaya heç nə verməyəcək”-deyən baş katib bildirib. Müşfiq Abdulla





Həftənin ən çox oxunanları