Yuxarı

"Belarus cəbhəsi”: "Bəyaz inqilab” baş tutacaq?

Belarusda prezident seçkiləri başa çatsa da səsvermənin nəticələrinə ictimai etirazlar davam edir.

Avqustun 11-də səhərə yaxın milis Minsk, Qrodno və Novopoltsk şəhərlərindəki aksiyaları dağıdıb. Əməliyyat nəticəsində xeyli sayda aksiya iştirakçısı saxlanılıb və xəsarət alıb. Lakin etirazçılar yenidən toplaşmaq məqsədilə "Sabah” deyə qışqıraraq küçə və meydanları tərk ediblər. Səhər Belarusda ümummilli tətil elan edilib. Onlar hakimiyyətdən Svetlana Tixanovskayanın prezident seçkilərinin qalibi kimi tanınmasını, siyasi məhbusların azadlığa buraxılmasını və yeni prezident seçkilərinin keçirilməsini tələb edirlər.

Belarusu tərk edərək Litvaya sığınan S.Tixanovskaya isə öz tərəfdarlarına müraciət edərək bu qərarı müstəqil verdiyini deyib. O, etirazçılardan öz həyatını, sağlamlığını qorumağı xahiş edib. Müxalifət liderinin ölkəni tərk etməsinə baxmayaraq, Lukaşenko rejiminin əleyhdarları S.Tixanovskayanın siyasi qələbəsini təmin etmək üçün mübarizə aparır. Ona görə də Belarusda baş verən nümayişlər hər hansı lider tərəfindən idarə olunmadığından spontan proses təsiri bağışlayır. Ancaq Qərbdən gələn bəyanatlar, Tixanovskayanın himayə olunması, prezident Aleksandr Lukaşenkonun etirazların Polşa, Çexiya və Britaniyadan idarə edilməsi barədə açıqlaması Belarusdakı aksiyaların arxasında sanki hansısa qüvvənin dayandığına dair rəy yaradır. Yəni S.Tixanovskayanın Litvaya getməsi fonunda etirazların dava etməsi müxalifətin namizədinin seçkilərin nəticəsi ilə barışması anlamına gəlmir. Litvanın xarici işlər naziri Linas Linkyaviçusun açıqlaması da göstərir ki, onun ölkəni tərk etməsi daha çox təhlükəsizliyini təmin emək məqsədi daşıyıb.

Belarus Dövlət Təhlükəsizlik Komitəsinin Tixanovskayaya naməlum adamlar tərəfindən sui-qəsd hazırlanması barədə açıqlaması isə onun ölümlə təhdid edildiyini göstərir. Xanım Tixanovskayanın seçki qərargahından da bildiriblər ki, onu ölkədən Belarus hakimiyyəti məcburi çıxarıb. Qeyd edilənlər müxalifətin namizədinin Litvaya göndərilməsi barədə əvvəlcədən Lukaşenko hökuməti ilə Qərb arasında gizli razılaşma əldə olunduğunu göstərir.

Lakin Belarusda baş verən toqquşmalar hələlik nə Lukaşenko hakimiyyətinin, nə də müxalifətin geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir. Seçkidən əvvəl qarşıdurma daha çox rəsmi Minsk ilə Rusiya arasında gedirdisə, səsvermədən sonra bu mübarizə Qərb-Lukaşenko münasibətləri müstəvisinə keçib. Rusiya prezidenti Vladimir Putinin seçkidən dərhal sonra A.Lukaşenkonu təbrik etməsi mövcud status-kvonun Kremli qane etdiyini deməyə əsas verir. Çünki digər variant Belarusda demokratik inqilabın baş verməsi və Qərbin namizədi S.Tixanovskayanın hakimiyyətə gəlməsi ola bilər. Bu isə Rusiya üçün daha təhlükəlidir. Putinə ikinci Ukrayna lazım deyil. Belarusun Qərbin təsir dairəsinə düşməsi ABŞ-ın və NATO-nun bu bölgədə mövqelərini gücləndirə bilər. Bu isə Rusiyanın Ukraynaya təzyiq imkanlarının zəifləməsi deməkdir. Ukrayna ilə münaqişədən sonra Belarus Rusiya üçün Rusiyanın Avropa bazarlarına nəql etdiyi neft və təbii qazın əsas enerji dəhlizinə çevrilib. ABŞ-ın "Şimal-axını-2” qaz kəməri layihəsinə sanksiya tətbiq etməsindən sonra Rusiyanın Belarusa ehtiyacı bir qədər artıb. Ona görə də bu bölgədə münaqişənin baş verməsi Kremlin maraqlarına cavab vermir.
Belarusda Qərbyönlü qüvvələrin hakimiyyətə gəlməsi bu ölkənin Avropaya inteqrasiyasını sürətləndirə bilər. Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatına üzv olan Belarusda Qərbin "məxməri” inqilab etməsi bu təşkilatların mövcudluğu üçün perspektivdə problem yaratmış olar. Yəni Tixanovskayanın prezident olduğu Belarusun Rusiya tərəfindən yaradılmış həmin təşkilatlardan çıxması mümkündür. Bu da post-sovet məkanında Rusiya-Qərb münasibətlərində qüvvələr nisbətini dəyişə bilər.

Həmşinin, Belarusun ABŞ-ın və Avropa Birliyinin təsir dairəsinə düşməsi Rusiyanın Baltikyanı ölkələrə və Polşaya yaratdığı təhlükədən müdafiə olunmaq üçün bufer zonanı gücləndirəcək. Bu baxımdan, Belarus küçələrində baş verən toqquşmalara geosiyasi maraqların qarşıdurması fonunda nəzər salmaq lazımdır. Bu prosesdə inzibati resurslar Lukaşenkonun əlində olsa da onun mövqeləri getdikcə zəifləyir. Belə ki, Qərbin təzyiqləri qarşısında Lukaşenkonun sıxışdırıldığını görən Rusiya yaranmış situasiyadan çox güman ki, istifadə etməyə çalışacaq. Yəni Moskva Lukaşenkoya onun hakimiyyətini himayə etmək müqabilində bir sıra siyasi və iqtisadi güzəştlər qəbul etdirə bilər.

Eyni zamanda, Lukaşenkonu inqilabla təhdid edən Qərb Belarusun Rusiyadan birmənalı şəkildə imtina edib xarici siyasət vektorunu Qərbə yönəltmək üçün razılaşma əldə etmək imkanı yaranıb. Aleksandr Lukaşenko həmin şərtləri qəbul edəcəyi təqdirdə ABŞ və Avropa Birliyinin onun hakimiyyətdə qalması ilə barışacağı istisna edilmir.

Rusiyanın baş verən hadisələrdən istifadə edib son illər ondan uzaqlaşmış Belarusu yenidən özünün siyasi orbitinə çəkməsi Qərbi qane etmir. Son hadisələr Qərbin Belarusu Rusiyanın əlindən almaq niyyətini açıq nümayiş etdirir. ABŞ-ın dövlət katibi Mayk Pompeonun bu ilin yanvar aylında Belarusa rəsmi səfəri və diplomatik əlaqələrin bərpa edilməsi ilk növbədə, ABŞ-ın bu bölgəyə marağının artdığını təsdiq edirdi. Ona görə də prezident seçkilərində Rusiya və ABŞ-ın maraqlarının toqquşacağı gözlənilən idi. Belarusda "məxməri” inqilabın baş verməsi Lukaşenko hakimiyyətinə bu planda hansı yerin ayrılmasından asılıdır. Əgər ABŞ Belarusun Rusiyadan qoparılmasında Lukaşenkonu maneə hesab edirsə, o halda inqilabın baş verəcəyini söyləmək olar. Ağ Ev Belarus prezidentinin siyasətini bu prosesdə özü üçün problem hesab etmirsə, müəyyən şərtləri qəbul etdirməklə seçkilərin nəticəsini tanıya bilər. Hazırda baş verənlər Qərbin Lukaşenkonu heç də arzu olunan şəxs hesab etmədiyini göstərir.

Müşfiq Abdulla