Yuxarı

"Belarus inqilabı”nın pərdəarxası: Kreml diqqəti daxildən yayındırır

Rusiyanın Xabarovsk vilayətində etiraz səngimir.

Xabarovsk sakinləri bölgədəki hadisələrdən narazılıqlarını bildirmək və həbs olunmuş keçmiş qubernator Sergey Furqala dəstək olmaq üçün yenidən küçələrə çıxıb. Lenin meydanındakı regional hökumətin binası qarşısına toplaşan etirazçılar sonra şəhərin mərkəzi küçələri boyunca bir yürüşə başlayıb.

İnsanlar "Putinə istefa!”, "Bu bizim seçimimizdir!”, "Azadlıq!”, "Xabarovskda ədalətli məhkəmə!” şüarlarını səsləndirib, plakatlar qaldırıb. Minlərlə sakinin etiraz aksiyalarına qoşulması digər şəhərləri də bu nümayişə dəstək verməyə sövq edir. Getdikcə güclənən nümayişlərin ölkə nüfuzunun böyük hissəsini əhatə etmək riski var.

Məsələ ilə əlaqədar "Cümhuriyət”ə açıqlamasında politoloq Qabil Hüseynli deyib ki, Xabarovsk aksiyalarının Rusiyanın digər şəhərlərinə də yayılmaq ehtimalı çoxdur: "Xabarovskda baş verən hadisələr ciddidir. Hər gün həmin aksiyalara 10 minlərlə insan qoşulur. Onlar Putinin istefasını istəyirlər. Vəziyyəti heç cür stabilləşdirmək olmur. Diqqət çəkən məqam odur ki, asayiş qüvvələri onlara ciddi şəkildə müdaxilə etmirlər. Bu etiraz dalğasının Yekaterinburqa və Vladivostoka da sıçradığı söylənilir. Eyni zamanda gələcəkdə ixtişaşların daha böyük regionları əhatə etmə ehtimalından danışılır. Ölkədə yoxsulluğun artması ilə əlaqədar olaraq Putinin reytinqi sürətlə aşağı düşür. Bu etirazlar həm də ölkədə oliqarxların meydan sulaması, siyasətə bütünlüklə nəzarət etməsiylə bağlıdır. Təbii ehtiyatlarla zəngin olan Rusiya əhalisinin problemləri həddindən artıq çoxdur və həmin problemlərin başında da maddi durumun aşağı səviyyədə olması dayanır”.

Bəzi siyasi icmalçılar Xabarovsk hadisələrindən diqqəti yayındırmaq üçün Rusiyanın Belarusda siyasi böhranı daha da dərinləşdirməyə çalışdığını bildirirlər. Qabil Hüseynli həmin ekspertlərin fikrində həqiqət payı olduğunu qeyd edib: "Putin hələlik gözləmə mövqeyi tutub, lakin bu etirazları səngidə biləcək məsələləri də nəzərdən qaçırmır. Ona görə də ekspertlərin Belarusdakı siyasi böhranın dərinləşməsində Rusiyanın əlinin olduğunu söyləmələrində həqiqət payı var. Çünki hələ seçkilər ərəfəsində Rusiyanın "Vaqner” qrupunun 33 nəfəri həbs edilmişdi. Amma Lukaşenko bəyan edib ki, "Vaqner”in 200-dən çox üzvü Belarusa daxil olub. Ona görə də Belarusdakı olaylarla Xabarovskdakı hadisələr arasında əlaqənin olduğunu demək mümkündür. Bu etirazların səngiməməsi də proseslərin daha dərinə işlədiyindən xəbər verir”.

Politoloq Rusiyada koronavirusun peyvəndinin tapılması xəbərinin də V. Putinin reytinqinin qaldırılmasına hesablanmış addım kimi dəyərləndirib: "Koronavirusa qarşı ilk peyvəndin Rusiyada qeydiyyata alınması xəbəri də Putinin reytinqini qaldırmaq üçün atılan siyasi addımdır. Demək istəyirlər ki, ölkə inkişaf edir, elm tərəqqidədir, biz dünyanı təlaşda saxlayan xəstəliyin vaksinini biz hazırladıq və sair. Onlar əsasən böyük rus millətçiliyini oyadacaq amillərə müraciət edirlər. Bundan təbliğat xarakterli vasitə kimi yararlanmağa çalışırlar”.
Əli Bədir





Həftənin ən çox oxunanları