Yuxarı

Trampın rəqibindən hiyləgər gediş: Seçkidə ona uğur qazandıracaq?

Trampın rəqibindən hiyləgər gediş: Seçkidə ona uğur qazandıracaq?

Trampın rəqibindən hiyləgər gediş: Seçkidə ona uğur qazandıracaq?

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Co Bayden xeyli davam edən axtarışlardan sonra Ağ Evin potensial ikinci rəhbərini tapa bilib.

Co Bayden noyabrın 3-də keçiriləcək seçkilərdə demokrat-senator Kamala Harrisi vitse-prezident postuna namizəd irəli sürüb. Bu qərara xanım Harrislə aparılan danışıqlar nəticəsində əldə olunub.

"Qərara aldım ki, Kamala Harris mənə Donald Tramp və Mayk Penslə mübarizə aparmaqda kömək edən və sonra 2021-ci ilin yanvarından başlayaraq bu millətə rəhbərlik edəcək ən yaxşı şəxsdir”-Co Bayden belə deyib. Kamala Harris son illər ABŞ prezidentinin ən sərt tənqidçilərindən biri kimi tanınır. Ona görə də Donald Trampın seçki qərargahından K.Harrisin vitse-prezidentliyə namizəd irəli sürülməsini sol radikalların ifrat niyyətləri ilə dolu boş qabıq adlandırıblar.

Qeyd edək ki, K.Harris bu ilin əvvəlində prezidentliyə namizəd kimi seçkilərə qatılsa da, praymerizdə uğur qazana bilməmişdi. Ona görə də xanım senator ilkin seçkilərdə namiədliyini geri götürməyə üstünlük verdi. Ancaq xanım Harrisin seçkiyə qatılması Baydenin Tramp qarşısındakı üstün mövqelərini gücləndirən amil kimi nəzərdən keçirilir.Əslində, Harris vitse-prezident postuna əsas namizədlərdən biri sayılırdı. Çünki Co Bayden prezident seçiləcəyi təqdirdə, müavininin qaradərili qadın olması istəyini ilk günlərdən açıqlamışdı. Hələ may ayının ortalarında "The "Washington Post” qəzeti Co Baydenin vitse-prezidentliyə namizəd kimi dörd nəfər afroamerikalı siyasətçidən birinin üzərində dayanacağını yazırdı. Onlar konqresmenlər Steysi Abrams və Val Dimayns, senator Kamala Harris və ABŞ-ın BMT-dəki keçmiş səfiri Syuzan Raysdır. Jurnalistin fikrincə, Harris Bayden üçün daha əlverişlidir. Çünki siyasət öz fikrini bildirməkdən çəkinməyən döyüşçü tələb edir. "Vitse-prezidentliyə namizədlər seçkinin nəticəsinə təsir göstərə bilməz. Lakin seçkiçilər kollegiyasında qalib gəlmək üçün daha çox səslərin lazım olduğu seçiciləri həyəcanlandıra bilər. Bayden qalib gəlmək istəyirsə, noyabr ayında afroamerikalıların seçki məntəqələrinə gəlməsini təmin etməlidir. Populyarlığına, demokratların seçki öncəsi debatlarında uzun müddət iştirak edərkən Baydeni əsasən sərt şəkildə tənqid edən Harris ümumiyyətlə, daha çox afroamerikalı seçicini cəlb etməyə kömək edə bilər”,-deyə adıçəkilən qəzetin analitiki Conatan Kapehard qeyd edirdi.

Nəhayət, vitse-prezident postu ilə bağlı razılaşma Co Baydenin məhz güclü namizədə üstünlük verdiyini göstərir. Kamala Harris eks-prezident Barak Obamanın xanımı Mişel Obamadan sonra demokratların düşərgəsində ən nüfuzlu qadın siyasətçilərdən biri sayılır. Lakin Mişel Obamanın Co Baydenin təklifini qəbul etməməsi Trampın rəqibini Kamala Harrisə anlaşmaya yönləndirdi. Xanım Harris seçki prosesində Trampa qalib gəəlmək üçün Co Baydenə bir sıra siyasi dividentlər gətirə bilər. Belə ki, praymerizdə Harris Baydenin əsas tənqidçilərindən biri kimi çıxış edib. Ona görə də onun vitse-prezidentliyə təqdim olunması Demokratlar Partiyasının Miluokidə keçiriləcək qurultayında Co Baydenə əlehdarların dəstəyini qazanmağa kömək edə bilər. Amerikalı ekspertlərin fikrincə, K.Harrisin vitse-prezidentliyə namizəd göstərilməsi məntiqli olmaqla yanaşı, riskli deyil. Çünki o, praymeriz zamanı Demokratlar Partiyasının mülayim və ultra sol qanadları arasında tarazlıq tapmağa çalışıb. Eyni zamanda, Qərb mediasının qeyd etdiyi kimi, nəticədə Harris nə birinə, nə də digərinə yaraşmayaraq mübarizəni tərk etməli oldu. Buna baxmayaraq, güman edilir ki, onun vitse-prezidentliyə namizəd olması nə mülayim Demokratlar arasında, nə də daha radikal sol fikirlərin tərəfdarları arasında narazılığa səbəb olmayacaq.

Kamala Harrisin afroamerikalı olması Co Baydenə qara dərili elektoratın səslərini qazanmaqda kömək edə bilər. Bu, çoxsaylı afroamerikalı seçiciləri cəlb etmək üçün Co Baydenə mütləq lazımdır. 55 yaşlı Kamala Harrisin atası Yamaykadan, anası isə İndiana ştatındandır. Ancaq xanım Harris Kaliforniya ştatından senator seçilib. May-iyun aylarında ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə qarşı baş verən etiraz aksiyasında fəal iştirak etməsi xanım Harrisin siyasi reytinqini xeyli artırıb. Seçki kampaniyasında onun debatlardakı rəqibi ABŞ-ın hazırkı vitse-prezidenti Mayk Pens olacaq. Mayk Pensin ikinci səlahiyyət sahibi olduğu Tramp adminstrasiyasının siyasətindən isə son vaxtlar narazılıq artmaqdadır. Eyni zamanda, ABŞ cəmiyyətində yüksək nüfuza malik olmayan M.Pens daha çox protestanlığın yevangelist məzhəbinin himayəçisi və prezident Trampın milli, dini və irqi ayrı-seçkilik baxışlarının qatı tərəfdarı kimi tanınır. Bu da bərabərlik vəd edən afroamerikalı Harrisə qələbə qazanmaqda kömək edə bilər. Onun Ağ Evin ikinci rəhbəri postuna layiq görülməsi respublikaçıların siyasi mövqelərinin güclü olduğu mərkəzi qərb ştatları ilə Baydenin problemini həll etmiş olar.

Həmçinin Kamala Harris seçkidə qalib gələrsə, ABŞ tarixində ilk vitse-prezident qadın olacaq. Bu mənada, xanım Harrisin namizədliyi amerikalı qadın elektoratın səslərinin əldə edilməsi baxımından mühüm rol oynaya bilər.
Müşfiq Abdulla





Həftənin ən çox oxunanları