Yuxarı

Belarus üçün 3 "ssenari": Hansı daha realdır?

Belarus üçün 3

Belarus üçün 3 "ssenari": Hansı daha realdır?

Belarus lideri Aleksandr Lukaşenko yenidən əynində güllə keçirməyən gödəkçə və əlində avtomat silahla Müstəqillik Sarayının qarşısında görüntülənib.

Ekspertlərin əksəriyyəti Lukaşenkonun bu addımını müxalifət liderlərinə göndərilən mesaj kimi dəyərləndirirlər. Lakin bəzi ekspertlər də hesab edir ki, Lukaşenko silahlı şəkildə Müstəqillik Sarayının qarşısında görünməklə müxalifətin arxasında duran qüvvələrə hakimiyyəti uğrunda ölməyə də hazır olduğunu anlatmağa çalışır.

Maraqlıdır, Lukaşenko bu addımı göstəriş məqsədi ilə atır? Yoxsa Belarus lideri hakimiyyəti qorumaq naminə qan tökməyə hazırlaşır? O, hakimiyyətini zor gücünə nə qədər qoruya bilər?

"Lukaşenko onlara mesaj verir”

Politoloq Elşən Manafov "Cümhuriyət”ə açıqlamasında deyib ki, Lukaşenkonun əzələ nümayişinin məqsədi dinc xalqın qanını tökmək deyil, müxalifətin arxasındakı güclərə mesaj verməkdir:

"Lukaşenkonun əli silahlı dinc nümayişçilər qarşısına çıxması ona başucalığı gətirmir. Bütün hallarda vətəndaşların seçkilərin nəticəsi ilə bağlı münasibətin Lukaşenko qanunlar çərçivəsində yanaşmalı və tərəflar arasında dialoqun baş tutması üçün əlindən gələni etməlidir. Əslində, Lukaşenko belə bir təkliflə çıxış etdi. Yəni Lukaşenko seçkilərin nəticələrini tanımaq istəməyən müxalif tərəfə təkrar seçkilərin keçirilə biləcəyi təklifi ilə çıxış etdi. Tərəflər arasında razılıq əldə olunarsa ölkə qanunlarına da dəyişliklərin edilməsi zərurəti yaranacaq. Bu dəyişikliklər də xalqın müstəsna və suveren hüququdur. Bu baxımdan problemləri aradan qaldırmaq üçün Lukaşenkonun verdiyi təkliflər dəyərləndirilməlidir. Digər tərəfdən məlum məsələdir ki, ölkənin milli təhlükəsizlik məsələləri baxımından Lukaşenkonun münasibətində anlaşılan məqamlar var. Çünki müxalifəti seçkilərdə təmsil edən xanım Tixanovskayanın seçkilərdən bir ay əvvəl ölkə ictimaiyyəti tərəfindən tanınmadığı məlumdur. Hesab edirəm ki, bir sıra səbəblərə görə seçkilərin nəticəsi Belarus ictimaiyyətində və seçicilərdə ciddi narazılıq doğurur. Narazılığı doğuran əsas faktorlardan biri seçkilərin nəticəsi, yəni seçicilərin 80 faizinin Lukaşenkoya səs verməsi faktı oldu. Bu göstərici 55 faizə qədər olsaydı daha real görünərdi. Nəticədə müxalifət də bu nəticələrdən hiddətlənməzdi. Digər tərəfdən etirazların əsasında duran faktorlardan sosial olanı yoxdur. Yəni etirazçıların narazılığı əsəsən demokratik dəyərlərlə bağlıdır. Çünki Belarus əhalisinin vəziyyəti MDB-nin digər ölkələri ilə müqayisədə daha yaxşıdır. Bu ölkədə demək olar ki, işsizlik səviyyəsi yox dərəcəsindədir. Hətta sovet dövründə mövcud olan kolxoz sistemi orada qalmaqdadır. Burada əsas etiraz Qərbdəki kimi, siyasi müxalifətin dayanıqlı inkişafının olmaması, söz, vicdan, mətbuat azadlıqlarının olmaması, vətəndan cəmiyyəti institutlarının Qərbdən fərqli olaraq, Lukaşenkonun məsləhət bildiyi müstəvi üzərində fəaliyyət göstərməsi, ümumiyyətlə, Qərb dəyərlərinin ölkədə Belarus seçicilərinin istədikləri səviyyədə bərqərar olmaması ilə bağlıdır. Eyni zamanda Lukaşenkonun uzun müddət hakimiyyətdə qalması insanları psixoloji cəhətdən yorub. Belarusdakı etirazların arxasında geosiyasi faktorun dayandığı birmənalıdır. Qərbin etirazçılara 63 milyonluq maliyyə dəstəyi də bu faktı təsdiqləyir. Amma burada Rusiya faktoru da var. Onun da Belarusdakı marağı qətidir. Hazırda Belarusun Rusiyaya 14 milyard borcu var. Lukaşenko iqtidarı dönəmində bu borcun 100 milyarda da yaxınlaşdığı olub. Belarus uğrunda gedən mübarizə Rusiya- NATO, Rusiya- Qərb arasında gedən mübarizə anlamında qəbul olunmalıdır. Belarusun Qərb tərəfindən ələ keçirilməsi heç də onun qısa zamanda Qərbə inteqrasiyası deyil. Lakin biz proseslərin gedişatında Rusiyanın Belarusdakı strateji bazalarının Qərb tərəfindən sıxışdırılıb çıxarılmasının və NATO-nun Şərqə doğru genişlənmə siyasətində sürətli irəliləyişin şahidi olacağıq. Rusiya da bunu bilir. Suriya kimi uzaq məsafədə öz maraqlarını qoruyan Rusiya, onunla həmsərhəd olan və bufer zona hesab etdiyi Belarusu Qərbə güzəştə getməz. 3 gün əvvəl Putin Trampa zəng edib. Bu xəbərin ABŞ prezidentinə gec çatdırılmasına görə, Tramp camaatın içində Milli Təhlükəsizlik Məsələləri üzrə müşavirin üstünə qışqırıb. Məhz bu faktor ABŞ-da prezident seçkiləri ərəfəsində Ağ Ev rəhbərinin də Rusiya ilə münasibətlərə nə qədər önəm verdiyini və ona diqqətlə yanaşdığını göstərir.

Putinin Aleksandr Lukaşenkoya da zəng edib onun ad gününü təbrik etməsi göstərir ki, Rusiya Belarusdakı ixtişaşları yatırmaq üçün tədbirlər görüb. Hesab edirəm ki, Qərb Belarus faktorunda Rusiya ilə qarşıdurmaya getməyəcək. Zamanında Qərb Gürcüstanın sabiq prezidenti Saakaşviliyə də lazımı dəstək haqqında söz verdi. Lakin həlledici məqamda, yəni rus tankları Tiflisə 44 kilometrlik məsafədəykən Qərb geri çəkildi. Nəticədə, yaranmış problemin həlli üçün Qərb, Fransa Prezidenti Sarkozini Rusiya ilə danışıqlara göndərdi. Düşünürəm ki, Belarusla bağlı məsələnin də aqibəti eyni olacaq. Lukaşenkonun silahla əzələ nümayişinin məqsədi dinc xalqın qanını tökmək deyil, müxalifətin arxasındakı güclərə mesaj verməkdir”.

"O da Yanukoviç kimi qaçmasa…”

Politoloq, Aleksandr Lukaşenkonu Çilinin sabiq Prezidenti Salvador Allendeyə bənzədib:

"1973-cü ildə Birləşmiş Ştatlar Çilinin legitim və qanuni prezidenti Salvador Allendeni devirəndə, o zaman Salvador Allende başında kaska (qoruyucu papaq), əlində avtomat Prezident Aparatının qarşısında döyüşürdü və axıradək də özünün legitim və qanuni hakimiyyətini qorudu. Bu mənada Lukaşenkonun silahlı hərəkətini Prezindent Aparatı qarşısına əli silahlı çıxan Salvador Allende ilə müqayisə etmək istəyirəm. Hesab edirəm ki, Lukaşenkonun hakimiyyətini qoruyub saxlaması onun şəxsi keyfiyyətlərindən, xarizmasından və yaranmış vəziyyətdə qəbul edəcəyi qərarlardan asılı olacaq. Əgər Lukaşenko Viktor Yanıkoviç kimi ölkədə ona etibar etmiş seçkilərini qoyub qaçmasa, Rusiyanın da müdaxiləsi ilə özünün qanuni hakimiyyətini qoruyub saxlayacaq. Halbuki Lukaşenko çıxışında bəyan etdi ki, bu postda dövlət başçısı olaraq ölməyə hazırdır. Belarus iqtidarının gələcək müqəddəratı ilə bağlı məsələlərdə yekun qərarı Qərblə Rusiya arasında əldə olunmuş razılıq müəyyənləşdirəcək”.

"Fransadakı vəziyyət təkrarlana bilər”

E.Manafov Belarusda ortaq hökumətin qurulma ehtimalını da istisna etməyib:

"Belarusda müvəqqəti hökumət də qurula bilər. Lukaşenko müxalifətə bu barədə təklif də verib. Müqayisə üçün deyim ki, 1992-ci ilin əvvəlində də Azərbaycanda o zamankı müxalifət Mütəllibovun təklifini nəzərə alsaydı və koalisyon hökumətin təşkili istiqamətində müxalifətlə iqtidar arasında razılıq əldə olunsaydı, Azərbaycanın bir çox problemləri bu həddə gəlib çatmazdı. Belarusda isə belə deyil. Lukaşenko hakimiyyətinin imkanları daha yüksəkdir. Əgər Qərb özünün elektratına daha da irəli getmək üçün göstərişlər versə, ölkənin güc strukturları ilə qarşı- qarşıya qalacaq. Dinc nümayişçilərinin pərən- pərən edilməsi problem deyil. Fransada "Sarı jiletlilər” hərəkatının qarşısını Makron hakimiyyəti necə alıb iqtidarda qaldısa, eyni vəziyyət Belarusda da ola bilər. Hələ Fransadakı "Sarı jiletlilər hərəkatı daha geniş miqyaslı idi. Əgər müxalifət Lukaşenkonun koalisyon (ortaq) hökumətin təşkili ilə bağlı təklifini qəbul etməsə və etirazlar daha sərt xarakter alsa, məsələyə ölkənin güc strukturları müdaxilə edəcək. Bu məsələdə Rusiya da Lukaşenkoya dəstək verəcək. Lukaşenkonun bu tədbirləri görməsi bütünlüklə qanun çərçivəsində olacaq”.

Əli Bədir