Yuxarı

Türkiyəyə qarşı məkrli PLAN

Türkiyəyə qarşı məkrli PLAN

Türkiyəyə qarşı məkrli PLAN

Türkiyənin ərazisi hesab olunan Şərqi Aralıq dənizinə Yunanıstanın əsassız iddia qaldırması və bu məsələdə anti-türk bloku yaratmaq cəhdi məsələnin ədalətli çözüm yolu ola bilməz.

Türkiyə hər zaman bu məsələdə Yunanıstana qarşı humanizm göstərməsinə, dialoq təklif etməsinə baxmayaraq, Afinanın danışıqlardan qaçması, onun haqsız mövqeyindən xəbər verir. Yunanıstanın mövqeyi onu deməyə əsas verir ki, Şərqi Aralıq dənizi məsələsində haqsızdır.

Çünki bölgədə haqqı olmayanın masada deməyə sözü də yoxdur. Haqsız olmasına baxmayaraq, Yunanıstanın bu mövqeyindən yararlanıb Suriyadakı və Liviyadakı məğlubiyyətlərinin acığını Türkiyədən çıxmağa çalışan Fransa kimi dövlətlər də ona havadarlıq edirlər.

Hətta NATO çərçivəsində danışıqlara dəvət olunan Yunanıstan bundan da qaçıb. Xəbər verildiyi kimi, cümə axşamı NATO-nun Baş katibi Yens Stoltenberqin yaydığı bəyanatda bildirilirdi ki, Türkiyə və Yunanıstan Aralıq dənizində vəziyyətin tənzimlənməsi üzrə NATO çərçivəsində texniki danışıqlara başlamaq barədə razılığa gəliblər. Lakin bundan sonra "Afina Makedoniya” xəbər agentliyinə məlumat verən Yunanıstan hökuməti Türkiyə ilə Yunanıstan arasında NATO çərçivəsində danışıqların olmadığını bildirib.

"Yunanıstan və Türkiyə arasında NATO-da guya texniki danışıqlar haqqında elan edilən məlumat həqiqətə uyğun deyil", - deyə agentliyin diplomatik mənbələri bildiriblər.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Cümhuriyət”ə açıqlamasında bildirib ki, Yunanıstan Şərqi Aralıq dənizi məsələsində haqsız olduğunu bildiyi üçün danışıqlardan qaçır:

"Yunanıstan qorxur ki, bu müzakirələr NATO- da başlasa, Türkiyənin xeyrinə qərar veriləcək. Çünki Türkiyə bu məsələdə haqlı tərəfdir. Yunanıstan istəyir ki, öz sərhəddini Aralıq dənizindəki yüzlərlə adadan hesablasın. Bu da mümkün deyil. Yunanıstan hiyləgərlik işlədərək Avropa İttifaqından dəstək alır. Səbəb isə Avropa İttifaqında Türkiyənin olmamasıdır. NATO- da isə Türkiyə var. NATO Türkiyənin əleyhinə addım atıb siyasət yürütməz. NATO uzağı dialoq təklif edə bilər. Dialoq isə NATO çərçivəsində olduğu üçün Yunanıstanın maraqları ilə uzlaşmır. Yunanıstan çalışır ki, anti- türk bloku formalaşdırsın. İndi arxasında Fransa var. Anti- türk blokunu isə bir neçə dövlətdə formalaşdırır. Bu məsələyə Merkelin də dəstək verməsinə baxmayaraq, Almaniya ehtiyatlı davranır. Merkelin özü Fransa kimi Türkiyəyə düşmən olmaq istəmir. Fransa NATO üzvü olmasına baxmayaraq, açıq şəkildə düşmənçilik siyasəti yürüdür. Amma Merkelin mövqeyi Fransadan fərqlidir. Almaniya tam şəkildə Türkiyənin əleyhinə addım atmaq istəmir. Türkiyə heç bir şərt irəli sürmədən Şərqi Aralıq dənizi məsələsində hər zaman Yunanıstanı dialoqa dəvət edib. Amma Yunanıstan bundan qaçır. Hətta Merkel bir zaman demişdi ki, Türkiyə hələlik Aralıq dənizinə kəşfiyyat gəmisi göndərib enerji yataqlarının aşkarlanmasına başlamasın. Türkiyə buna razılaşdı. Lakin Yunanıstan tez gedib Misirlə qanunazidd anlaşma imzaladı ki, burada mən də varam. Halbuki Şərqi Aralıq dənizinə Yunanıstanın haqqı iddia etmək hüququ yoxdur. O Türkiyənin sahəsidir. Yunanıstanı qıcıqlandıran odur ki, nəyə görə keçmişdə bu ərazilərdə fəal olmayan Türkiyə, indi aktivləşib? Amma keçmişdəki Türkiyə ilə indiki də çox fərqlənir. Keçmişdə Türkiyə bu qədər güclü deyildi, "soyuq müharibə” vardı və Amerikadan asılı idi. İndi Türkiyə müstəqil oyunçudur və öz haqlarını müdafiə etməyə çalışır. Bunu çox təəssüf ki, Yunanıstan və Fransa anlamır”.

Əli Bədir