Yuxarı

NATO-dan Kremlə cavab: Rusiyanın Ermənistana yolu kəsiləcək

NATO-dan Kremlə cavab: Rusiyanın Ermənistana yolu kəsiləcək

NATO-dan Kremlə cavab: Rusiyanın Ermənistana yolu kəsiləcək

Rusiya Ermənistana silah daşıya bilməyəcək”

NATO Gürcüstanda növbəti hərbi təlimlərə hazırlaşır. Rusiyanın genişmiqyaslı "Qafqaz-2020” hərbi təlimləri ilə eyni vaxtda NATO-nun Gürcüstanda analoji tədbiri həyata keçirməsi bölgədə siyasi hərarəti yüksəldə bilər. Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin 2-ci Süvari Alayının hərbçiləri 18-ci Hərbi Polis Briqadasının şəxsi heyəti ilə birlikdə Gürcüstana gəlib.

Cebhe.info-nun məlumatına görə, Amerika ordusunun zabit və əsgərləri sentyabrın 7-dən 18-dək Gürcüstanda keçiriləcək "Layiqli Tərəfdaş - 2020" beynəlxalq çoxmillətli hərbi təlimlərdə iştirak edəcək.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, bu il təlimlərə Gürcüstan və NATO üzvü olan dörd ölkədən - ABŞ, Böyük Britaniya, Fransa və Polşadan 2700-dən çox hərbçi qatılacaq.

"Layiqli tərəfdaş - 2020” beşinci çoxmillətli hərbi təlimlərinin Vaziani hərbi aerodromunda və poliqonunda, habelə Gürcüstanın Norio təlim bazasında keçiriləcəyi bildirilir. Bu təlimlərin məqsədi "Gürcüstan, ABŞ və tərəfdaş ölkələrin silahlı qüvvələrinin döyüş hazırlığını və uyğunluğunu artırmaqdır. Bundan başqa, təlimlərin Qara dəniz bölgəsində sabit və etibarlı bir mühitin qorunmasına kömək edəcəyi qeyd olunur. Təlimlərin əsas mesajı "Tərəfdaşlıqda güc”dür. Sentyabrın ortalarında Ukraynada NATO üzvü olan ölkələrin "Birgə səylər-2020” təlimləri də başlayacaq. Bu hərbi sınaq Rusiyanın "Qafqaz-2020” təlimlərinə cavab kimi palanlaşdırılıb.

Ona görə də sentyabr-oktyabr aylarında Cənubi Qafqaz və Qara dəniz bölgələrində NATO-Rusiya qarşıdurmasının artması gözlənilir.

Politoloq Fərrux Məmmədovun sözlərinə görə, bütün hərbi təlimlər siyasi xaraker daşıyır. Bu baxımdan, yüz illərlə Rusiyanın nəzarətində olan Cənubi Qafqazda bu gün ABŞ-ın rəhbərliyi ilə NATO-nun 2700 nəfərlik şəxsi heyətinin hərbi təlim keçməsi ciddi siyasi mesajdır:

"Bu mesaj strateji mövqeyinə görə Cənubi Qafqazın əsas dövlətlərindən biri olan, enerjinin daşınmasında əsas tranzit ölkə olan Gürcüstanın artıq NATO-ya üzvlüyünə qəbul edilməsinin astanasında dayandığını göstərir. Gürcüstan dövləti NATO-ya daxil olmağa hazır olduğunu açıq şəkildə bəyan edib. Doğrudur, Gürcüstanın ərazi bütövlüyünün problem olması və münaqişəli vəziyyətdə olması NATO-ya qoşulmağa əngəl yaradır. Lakin Rusiyanın Ukrayna siyasəti NATO-nun xarici siyasət strategiyasında bəzi dəyişikliklərə gətirib çıxartdı. Alyans Rusiyanın işğalçı siyasətinə qarşı yeni mövqe ortaya qoydu. Belə ki, namizəd ölkələrin ərazisində münaqişə olsa da NATO BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində onları üzvlüyə qəbul edir.

Bundan başqa, iki NATO ölkəsinin, yəni Türkiyənin və Gürcüstanın həmsərhəd olması Şimali Atlantika Alyansının şərqə doğru genişlənməsini, Azərbaycan və Mərkəzi Asiya istiqamətində irəliləməsini təmin edə bilər. Gürcüstanı üzvlüyə qəbul etməklə NATO-nun xəritəsi dəyişəcək. İlk dəfə olaraq, Türkiyə və Gürcüstan Avropanın xəritəsindən kənarda Cənubi Qafqaz, Mərkəsi Asiya və Yaxın Şərqə çıxışı təmin edən dəhlizi formalaşdıracaq. Rusiya da bu prosesi anladığı üçün sakit qarşılamayacaq. Həm Türkiyə, həm də Gürcüstan Qara dəniz və Aralıq dənizi vasitəsilə dünya okeanına çıxışa malikdir. Hər iki dövlətin NATO-nun sıralarında olması perspektivdə Dağlıq Qarabağ probleminin həllinə təsir göstərə bilər. Çünki Ermənistanın sabit saxlanılması, Azərbaycanın daha da güclənməsi kimi siyasi prioritetləri gündəmə gələcək. Gürcüstan NATO-ya daxil olduqdan sonra Rusiya bu ölkənin ərazisindən Ermənistana silah daşıya bilməyəcək. Daşınan hər silah NATO standartlarına uyğun olaraq gömrük yoxlamasından keçməlidir. Gürcüstan üzərindən Azərbaycana qarşı təxribat həyata keçirə bilməyəcək. Ona görə də Rusiya Qazaxıstan, Türkmənistan və İran üzərindən əlaqə saxlamalı olacaq. Bu isə maliyyə baxımından Rusiya üçün sərfəli deyil. Rusiya bunu istəmir. Rusiyanın təcavüzkar siyasəti bumeranq kimi özünə qayıdır. Çünki Rusiyanın işğalçılıq siyasəti NATO-nun daha da genişlənməsinə gətirib çıxartdı. Xüsusilə, Putinin hakimiyyəti dövründə NATO-ya daxil olan ölkələrin sayı 50 faizə qədər artıb. Gürcüstanda keçirilən təlimlər, Almaniyadan çıxarılacaq ABŞ silahlı qüvvələrinin Polşa, Rumıniya və Baltikyanı ölkələrdə yerləşdirilməsi təsadüfi deyil. bu proseslər bir-birilə əlaqəlidir. Nəzərə almaq lazımdır ki, Gürcüstan Azərbaycanla qonşu dövlətdir. NATO bu təlimləri keçirməklə Azərbaycana mesaj verərək bildirmək istəyir ki, Rusiyanın təhdidləri sənə qarşı deyil, mənə yönəlib. Rusiya Azərbaycanı sadəcə, şantaj edir. Bu savaş əslində Qərb və Rusiya arasında gedir. Gürcüstanın NATO-ya qəbulu prosesi tam yekunlaşıb. Bununla bağlı qısa vaxt ərazində qərar veriləcək. Gürcüstan hökuməti Rusiyaya nə qədər bağlı olsa da geriyə addım atmaq gücündə deyil. Artıq bütün Gürcüstan cəmiyyəti bunun tərəfdarıdır. 2021-ci ildə sənədlərin imzalanması ilə NATO və ABŞ əsgərlərinin Gürcüstana ayaq basmasının şahidi olacağıq. Amma Rusiya bu yaxınlarda işğal etdiyi Abxaziya və işğal etdiyi digər ərazilərə əlavə qoşun yerləşdirdi. Bu da NATO-nun təlimlərinə cavab addımı idi. Buna baxmayaraq, Rusiyanın belə hərəkətləri bumeranq effekti verir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları