Yuxarı

Kremlin "bazarlıq cəhdinə" Bakıdan ETİRAZ

Kremlin

Kremlin "bazarlıq cəhdinə" Bakıdan ETİRAZ

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Moskvaya və Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya səfərlərindən sonra bölgədə vəziyyət yenə də gərgin olaraq qalır.

Ermənistanın cəbhəxəttində atəşkəsi pozmaqda davam etməsi danışıqlarda rəsmi Bakı ilə Moskva arasında ciddi razılaşmanın olmadığını deməyə əsas verir. Rusiyanın Ermənistanı silahlandırması Azərbaycana qarşı növbəti təxribatın hazırlandığı barədə məlumatların yayılmasına səbəb olub.

Tovuz hadisələri baş verəndən dərhal sonra iyulun 17-dən etibarən "İl 76" təyyarələri vasitəsiylə Rusiyadan Ermənistana Mozdok-Minvod-Aktau -Türkmənbaşı- Mehri- İrəvan istiqamətində silahların daşınması həyata keçirilir. Ermənistanın müdafiə naziri David Tonoyan isə Rusiyadan müasir "SU-30SM” qırıcılarının alınması üçün danışıqlar getdiyini deyib. Qeyd edək ki, Ermənistan 2018-ci ildə "4+” nəslinə aid edilən bu təyyarələrdən dörd ədəd alıb. İndi Rusiya Ermənistana 12 ədəd, yəni bir eskadrilya "SU-30SM” satmağı təklif edir.

Bundan başqa Rusiya Ermənistana məxsus dörd ədəd "Su-25” döyüş təyyarəsinin təmirini öz üzərinə götürüb. Azərbaycan tərəfinin yaranmış vəziyyətlə bağlı rəsmi qaydada kəskin reaksiyalar veririr. Prezidentin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də, Rusiya tərəfindən bu xüsusda verilən açıqlamaların Azərbaycanı tam şəkildə qane etmədiyini bildirib:

"Bizim suallarımız açıq olaraq qalmaqdadır. Bu məsələlərdə biz daha səmimi və açıq şəkildə məsələnin izah olunmasını gözləyirik. Nəyə görə, hansı əsaslarla və məqsədlərlə Ermənistanın intensiv şəkildə silahlandırılması davam edir?! Ermənistanın Tovuz hadisələrindəki törətdiyi təcavüzü, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi açıq şəkildə bu dövlətin xislətini göstərməkdədir. Ona görə də suallarımız açıq olaraq qalır. Guya ki bu uçuş reysləri vasitəsilə Ermənistanda olan Rusiya hərbi bazası üçün tikinti materiallarının daşınmasıyla əlaqədar olan məqamlar da bizi qane etmir. Hesab edirik ki, tikinti materiallarının daşınması üçün intensiv şəkildə hava uçuşlarını həyata keçirilməsinə ehtiyac yoxdur. Bunun üçün daha effektiv və digər vasitələr də mövcuddur. Son dövrdə müşahidələrimiz onu da deməyə əsas verir ki, Ermənistan ərazisindən Yaxın Şərq ölkələrinə intensiv şəkildə silah-sursatın daşınması həyata keçirilir. Bu, xüsusilə Suriya istiqamətində olan uçuşların həyata keçirilməsiylə bağlıdır. Ermənistan Silahlı Qüvvələri Suriyada olan hərbi əməliyyatlarda iştirak edirlər. Bu əməliyyatlarda iştirak edən çox az sayda ölkələrdən biri də Ermənistandır. Bu istiqamətdə olan layihələri diqqət mərkəzində saxlamaq çox vacibdir. Azərbaycanın işğal olunmuş əraziləri var ki bu ərazilər də nəzarətdən kənardır və Ermənistan bundan da istifadə edir". Prezidentin köməkçisi eyni zamanda son günlərdə Ermənistanda "opelçeniya" adı altında hərbiləşdirilmiş mülkilərdən ibarət hərbi qruplaşmaların yaradılması ilə bağlı qəbul olunmuş qərara da toxunub. O bildirib ki, bu qərar da Ermənistanda demoqrafiyaya bağlı olan kəskin böhran vəziyyətinin növbəti nümunəsi kimi qeyd edilməlidir: "Bu da Ermənistan Silahlı Qüvvələrinin öz şəxsi heyətinin komplektləşdirilməsində üzləşdiyi ciddi çətinliklərin bilavasitə göstəricisidir. Onlar mülki insanları müxtəlif hərbi təyinatlı dəstələrə cəlb edirlər. Bu eyni zamanda onu göstərir ki, Ermənistanın indiki rəhbərliyi bolşeviklərə xas olan bir formada özü üçün hərbi dəstələr yaratmağa çalışır. Ölkədaxili siyasətdə də bu hərbi dəstələrdən çirkin məqsədlər üçün istifadə edir. Tovuz hadisələrində də biz şahidi olduq ki, Ermənistan Silahlı Qüvvələri iki ölkənin sərhədi boyunca törətdiyi hərbi avantüra və Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli cavabları çərçivəsində onlar şəxsi heyəti komplektləşdirə bilmirlər. Ona görə də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən şəxsi heyəti həmçinin də Yaxın Şərq ölkələrindən olan muzdlu insanları ön xətdə yerləşdirməyə çalışırdılar. Ermənistanın da siyasəti ondan ibarətdir ki, ön xətdə muzdlular yerləşdirilsin. Onların hərbi əməliyyatlar nəticəsində ölməsi halında isə bu faktları sadəcə olaraq gizlədirlər. Çünki həmin şəxslər Ermənistan Silahlı Qüvvələrində qeydiyyatda deyillər. Nəticə etibarilə də bunu belə təqdim etmək istəyirlər ki, guya Ermənistan Silahlı Qüvvələrində itkilər yoxdur".

Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Cənubi Qafqazdakı geosiyasi prosesləri Rusiyanın son mövqeyi Azərbaycan üçün təhlükə törədir. Ona görə də Azərbaycan və Rusiya arasında münasibətlərin soyuması müşahidə edilir. Bunu nəzərə alaraq, rəsmi Bakı Türkiyə ilə daha da yaxınlaşmalıdır.

"Rusiyanın Ermənistan silah tüdarükü hazırda davam etməkdədir.Bununla Rusiya Ermənistanı silahlandırmaqla, Qarabağ müharibəsində çalışır ki, məğlubiyyətə uğramasın. Çünki Azərbaycanın son aylarda hərbi aktivliyi artıb və Tovuz döyüşlərində Ermənistana ciddi zərbələr endirdi. Həmçinin Türkiyənin regionda güclənməsi Azərbaycanla hərbi təlimlər keçirməsi Rusiyanı narahat edir. Moskva və Bakı arasında aparılan danışıqlar və müdafiə naziri Sergey Şoyqunun ölkəmizə səfəri porseslərə aydınlıq gətirmədi. Rusiya Ermənistana hərbi kömək etdiyini gizlədir və açıq şəkildə yalan danışdı. Məhz Hikmət Hacıyevin bu mövqeyi göstərir ki, Rusiya ilə danışıqlarda istənilən cavab və təminat almamışıq. Rusiya Azərbaycandan özlərinə sərf edən "siyasi bazarlıq" etməyə çalışdı. Məhz Azərbaycanın Türkiyə ilə birgə olması bu "bazarlığa" yox deməsi ilə nəticələndi. Moskva təcavüzkar Ermənistanı silahlandırmaqdadır. Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağa gəlib və burada yeni hərbi hissələrin tikilməsi ilə bağlı göstəriş verib. Bu da yeni silahlar deməkdir. Deməli, bu silahlar Rusiyadan Ermənistana verilir və Qarabağda yerləşdirilir. Azərbaycan rəhbərliyinin Rusiya qarşısında prinsipallığı və yenə də bu məsələdə aydınlıq tələb etməsi, Bakı ilə Moskva arasında şimaldan "soyuq küləklərin" əsdiyini göstərir.

Hesab edirəm ki, Bakı Moskvanın şərtlərini qəbul etməməli və əvvəlki kimi Qarabağla məsələdə Rusiyanı dinləməməlidir. Rusiya açıq şəkildə işğalını bizə qarşı silahlandıır. Bu da Azərbaycana imkan verir ki, manevr siyasətini artıq kənara qoyub Ankara ilə prosesləri birgə idarə etsin. Rusiya Ermənistanın əli ilə Azərbaycana qarşı növbəti dəfə təxribatlar törədə bilər. Rəsmi Bakı diqqətli olmalı, cəbhə xəttində, o cümlədən dövlət sərhəddi boyunca ordunu yüksək döyüş hazırlığı vəziyyətində saxlamalıdır. Qeyd edim ki, regionun siyasi coğrafiyasının xəritəsi yenidən çəkilir və Rusiya bu prosesdə təhlükəsizliyi təhdid edir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları