Yuxarı

Belarusda Krım planı: Lukaşenkonu hansı aqibət gözləyir?

Belarusda Krım planı: Lukaşenkonu hansı aqibət gözləyir?

Belarusda Krım planı: Lukaşenkonu hansı aqibət gözləyir?

Belarusda baş verən hadisələr səngimək bilmir.

Nə müxalifət sakitləşir, nə də Aleksandr Lukaşenko hakimiyyətdən əl çəkir. Hətta Lukaşenko güc nazirliklərinə tam etibar etmək üçün bəzi nazirləri vəzifədən kənarlaşdırıb. Lakin etirazçı xalq Lukaşenkonun hakimiyyətdən əl çəkməsini qətiyyətlə istəyir. Eyni zamanda Qərb də bu etirazçıları dəstəkləyərək onlara maliyyə yardımı ayırır. Lakin etirazlar zamanı yaranmış polis- vətəndaş qarşıdurmasında ölən və çox sayda yaralananlar olub.

Siyasi ekspertlər hesab edir ki, Belarus xalqı bunu Lukaşenkoya bağışlamayacaq. Lukaşenko isə müxalifətə ortaq idarəçilik sistemi təklif etsə də eyni zamanda onlara "yeri gələrsə, hakimiyyətimi silah gücünə də qoruyaram” mesajını verir.

Lukaşenkonun rəqiblərinə və etirazçılara qarşı sərgilədiyi bu münasibət onun sonunu gətirə bilərmi?

Politoloq Elşən Manafov "Cümhuriyət”ə açıqlamasında deyib ki, Belarusdakı vəziyyətin müqəddəratını ancaq və ancaq Qərblə Rusiya arasında aparılan danışıqlar həll edəcək:

"Belarusda hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini iqtidarla müxalifət arasında aparılan danışıqlar aydınlıq gətirəcək. Bu mənada erkən seçkilərin keçiriləcəyi istisna deyil. İstər Belarus, istərsə də Rusiya rəsmilərinin açıqlamalarında Qərbin Miskdə rəngli inqilab keçirmək istəkləri ilə bağlı fikirlər ortaya qoyulub. Belarusda hakimiyyətin legitimliyi məsələsinə Qərblə Rusiya arasında gedən danışıqlar aydınlıq gətirməlidir. Beynəlxalq hüquq normaları baxımından bu məsələyə ilk növbədə Belarus xalqı münasibət bildirməlidir. Hər halda Belarus xalqının ən çox da Polşada təhsil alan gənc nümayəndələri seçkilərin nəticəsindən narazı qalıb. Baxmayaraq ki, yaşlı və orta yaşlı nəsil seçkilərin legitimliyini qəbul edir. Sözügedən gənclər ən çox ölkədə insan hüquq və azadlıqları ilə bağlı məsələlərə etiraz edirlər. Eyni zamanda etirazçılar avtoritar rejimə qarşı çıxırlar ki, bu aksiyalar da Qərb tərəfindən birmənalı şəkildə dəstəklənir. Belarusda baş verən hadisələrin arxa fonunda Ukraynadan fərqi olaraq ciddi sosial motivlər dayanmır. Etirazlar əslində Qərbin Belarusdakı hakimiyyəti dəyişmək, Rusiyanın Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı gələcək planlarının qarşısını almaq, NATO- nun Şərqə doğru genişlənməsi ilə bağlı bir addım atmaq və ya Rusiyanın bu məsələylə bağlı dirənişinin olub- olmayacağı məqsədini güdür. Ən əsası isə Qərb Belarusdan keçib Avropaya gedən enerji kəmərinin gələcək taleyi ilə bağlı məsələlərə aydınlıq gətirmək istəyir. Bir sözlə Qərb burada Rusiyaya siyasi təzyiq göstərmək, əgər Kreml bu addımlara cavab verməkdə tərəddüd edərsə, ardınca hərbi addımlar və MDB məkanında Rusiyanın təsir dairəsini kiçilmək istəyir. Ona görə də düşünürəm ki, Belarusdakı vəziyyətin müqəddəratını ancaq və ancaq Qərblə Rusiya arasında aparılan danışıqlar həll edəcək. Rusiya Krımı ilhaq etdi və bu məsələ indiyədək həllini tapmadı. Rusiya geri çəkilmək istəmir. Çünki Krımın əldən gedəcəyi təqdirdə NATO Sevastapolda özünün hərbi dəniz bazalarını yerləşdirəcək. Rusiya buna qətiyyən imkan vermək istəmir. Belarusda da prosesin bu vəziyyətdə inkişaf edəcəyini istisna etmirəm. Hər şey Belarusda etirazçıların hansı həddə dirəniş göstərəcəyindən və Qərbin onlara nə qədər maliyyə dəstəyi verəcəyindən də asılı olacaq”.

Ekspert hesab edir ki, Belarusda xalqın Lukaşenkonu dəstəkləyən hissəsi kömək üçün Rusiyaya müraciət edərsə, bu Kremlin Minskə hərbi müdaxiləsi üçün əlverişli və hüquqi zəmin yaradacaq:

"Eyni addımı Rusiya Suriyada və Venesuelada da atdı. Eyni zamanda Belarusun Rusiyaya 14 milyarddan artıq borcu var. Ona görə də Rusiya Belarus məsələsində kompromisə getmək üçün ona təklif edilən variantlar haqqında düşünə bilər. Rusiya müxalifətinin təmsilçisi Jirinovski qeyd edir ki, Belarusda baş verənlərə görə, Lukaşenko məsuliyyət daşıyır və Rusiyanın burada dirəniş göstərməsi yersizdir. Hətta Jirinovski qeyd edir ki, Qərb Belarusa yiyələnsə də Belarus xalqı ilin sonunadək Rusiyaya müraciət edib onun tərkibinə daxil olmaq istəyəcək. Görünür, Belarusun özü ilə bağlı da Krım layihəsinə bənzər layihə var. Yəni lazım olsa burda da referendum keçirib gələcəkdə Belarusla Rusiyanın vahid dövlət şəklində birləşdirilməsi baş verə bilər. Hər şey hadisələrin inkişaf istiqamətindən asılı olacaq”.

Əli Bədir





Həftənin ən çox oxunanları