Yuxarı

Belarusda partizan savaşı başlaya bilər: Ölkəni uçuruma sürükləyən razılaşma

Belarusda partizan savaşı başlaya bilər: Ölkəni uçuruma sürükləyən razılaşma

Belarusda partizan savaşı başlaya bilər: Ölkəni uçuruma sürükləyən razılaşma

Belarusda xalqın hakimiyyətə qarşı etirazları artır.

Müxalifət liderləri Lukaşenkonun sərt siyasətinə qarşı atacağı addımları açıq şəkildə sadalayır. Bu addımlar isə Belarusu çıxılmaz bir uçuruma aparır. Avropa Birliyi Lukaşenkonun legitimliyini tanımadığı kimi, ABŞ da sanksiyalar hazırlayır. Belə ki, ABŞ-da hər iki siyasi partiyanı təmsil edən 13 senatordan ibarət qrup Belarusda dinc etirazçılara divan tutmaq üçün məsuliyyət daşıyan rəsmilərə sanksiya qətnaməsi hazırlayıb.

Qətnamədə Aleksandr Lukaşenkonun altıncı müddətə Prezident elan olunduğu 9 avqust seçkisinin "azad və ədalətli keçirilmədiyi” bildirilir və Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələr etibarsız elan edilir. Eyni zamanda Ukraynda bu sanksiyalara qoşulacağını bildirib. Digər tərəfdən Rusiya da Belarusa Xüsusi Təyinatlı Milis Dəstələri (XTMD, "OMON”) dəstələrinin yeridilməsi barədə Lukaşenko ilə razılaşıb. Bu isə Belarusda qarşıdurmanın daha sərt şəkil alaraq dərinləşəcəyindən xəbər verir.

"Qarşıdurma yeni mərhələyə keçəcək”

Məsələ ilə əlaqədar Politoloq Qabil Hüseynli "Cümhuriyət”ə açıqlamasında deyib ki, əgər Kreml Belarusun daxili işlərinə bu cür qaydasız formada müdaxilə etməkdə davam edərsə, bu Rusiya-Qərb qarşıdurmasının yeni mərhələsini gətirəcək:

"Putin Belarusla bağlı sərt qərarlar verməyə başlayıb. Bu qərarların başında Belarusda Konstitusiyanın dəyişdirilməsi və Prezidentin uzunmüddətli seçilməsi ilə bağlı müddəanın ora daxil edilməsi barədə tövsiyə verməsi, Lukaşenkonun da bunu qəbul etməsi gündəmi dəyişən hadisədir. Amma ən ciddi hadisə Belarusa seçilmiş "OMON” dəstələrindən ibarət qoşun yeridilməsi ilə bağlı əldə edilmiş razılaşmadır.

Əgər Kreml Belarusun daxili işlərinə bu cür qaydasız formada müdaxilə etməkdə davam edərsə, bu Rusiya- Qərb qarşıdurmasının yeni mərhələsini gətirəcək. Sanksiyalar isə təkcə Belarusa qarşı deyil, Rusiyanın özünə də tətbiq ediləcək. Öldürücü sanksiyaların tətbiq edilməsi gündəmdədir. Bu sanksiyalar içində ən qorxulusu Rusiyanın dünya banklar sistemi ilə anlaşmasının ləğv edilməsi və bunun nəticəsində rəsmi Moskvanın SVİFT sistemindən çıxarılması olacaq. Bu Rusiyanın maliyyə sisteminə, xaricə satdığı neftin, qazın, meşə materiallarının pullarının ölkəyə gətirilməsinə, eləcə də xaricdən özünə lazım olan malların göndərilməsi ilə bağlı sistemin dayandırılması demək olacaq. Bu Rusiyanın maliyyə sistemini alt- üst edəcək. SVİFT sistemi vasitəsi ilə hansısa bank avtomatik olaraq digər banklara pul köçürə bilir. SVİFT sistemi ilə böyük məbləğdə pulu Rusiyadan hər hansı bir ölkəyə 5 dəqiqə ərzində göndərmək olur.

İndi Rusiya bu hüquqdan məhrum edilə bilər. Üstəlik, əgər "OMON” qoşunları Belarusa daxil olarsa, əhalinin müqaviməti də sərtləşəcək. Əhali elan edir ki, onlar da partizan müharibəsinə keçəcəklər. Partizan fəaliyyəti əvvəlcə kiberhücumlarla başlanacaq. Yəni Rusiya və Belarusun bank sistemləri sıradan çıxarılacaq. Belarus İkinci Dünya Müharibəsində də partizan müharibəsinin mərkəzlərindən biri olub. Müxalifət elan edir ki, Belarusda partizan müharibəsi ənənələrini yenidən dirçəldəcəklər. Yəni ölkədə qarşıdurma daha da dərinləşəcək. Bu qarşıdurmanın elektron müharibəyə, kibermüharibəyə, daha sonra isə isti müharibəyə çevrilmə ehtimalı var. Hesab etmirəm ki, Rusiya bütün bunları bilərək Belarusa qoşun yeritsin. Əgər bu baş verəcəksə, Rusiya uzunmüddətli qarşıdurmaya cəlb ediləcək. Bu da indiki şəraitdə Rusiya üçün dağıdıcı rol oynaya bilər”.

"Lukaşenkonun ölkəni idarə etməsi mümkünsüz olacaq”

Politoloq hesab edir ki, hakimiyyət boşluğu ilə müşayiət olunan idarəetmə sistemi sıradan çıxacaq:

"Bəs bu Belarus üçün nə vəd edir? Belarus onsuz da prezident seçkilərinin nəticələri yaranmış hakimiyyət boşluğunu doldura bilməyəcək. Yəni yeni prezident seçkiləri keçirilmədən indiki prezidentin legitimliyi qəbul edilməyəcək və bu cür qeyri-legitim, hakimiyyət boşluğu ilə müşayiət olunan idarəetmə sistemi yavaş-yavaş müflis olacaq. Nəticədə ölkədə daha böyük etirazlar və kütləvi çıxışlar formalaşacaq. Belə şəraitdə Lukaşenkonun ölkəni idarə etməsi mümkünsüz olacaq”.

Əli Bədir