Yuxarı

Tramp, yoxsa Bayden: Putin kimi seçəcək?

Tramp, yoxsa Bayden: Putin kimi seçəcək?

Tramp, yoxsa Bayden: Putin kimi seçəcək?

Noyabrın 3-də Amerikada prezident seçkiləri keçiriləcək.

Respublikaçılar Partiyasından namizəd hazırkı Prezident Donald Trampdır. Demokratlar Partiyasını isə sabiq vitse prezident Cozef Bayden təmsil edir. ABŞ Prezidenti Donald Tramp "Fox News”un efirində Rusiyanın seçkilərdə Cozef Baydeni dəstəkləyəcəyini bildirib. Tramp iddia edir ki, Rusiya ABŞ-ın yeni prezidenti kimi onu yox, Baydeni görmək istəyir. Ağ Evin rəhbəri bunu Rusiyaya qarşı sərt olması ilə əlaqələndirir. Tramp xüsusən "Şimal Axını- 2" və hərbi sahələrdə Rusiyaya qarşı sərt davrandığını düşünür. Ekspertlər isə Trampın çıxışındakı bu nitqi seçkiqabağı manipulyasiya olunmuş fikirlər hesab edir.

Politoloq Natiq Miri "Cümhuriyət”ə açıqlamasında deyib ki, Trampın fikirləri reallığı əks etdirmir: "Bu fikirlər seçkiqabağı bir siyasət aləti kimi istifadə olunur. Çünki Trampın 2016- cı ildə prezident seçkilərində qalib gəlməsində Rusiyanın mühüm rolu olduğu iddia edilir. Bügünün özündə də Demokratlar həmin ittihamdan Trampa qarşı istifadə edirlər. Hesab edirəm ki, Tramp da bu məsələni ən azı ictimai rəydə neytrallaşdırmaq üçün Baydenə qarşı oxşar iddialardan istifadə edir. Ona görə də bu məsələnin o qədər də həqiqətə söykəndiyini söyləmək olmaz. Düşünmürəm ki, Rusiya hazırkı vəziyyətində Baydeni ciddi şəkildə dəstəkləsin. Çünki Baydenin fikirləri və bütövlükdə Demokratların Rusiyaya münasibəti bəllidir. On görə də bu fikrin həqiqəti əks etdirmədiyini düşünürəm”.

Ekspert Trampın "Rusiyaya qarşı sərt olmuşam” iddiasına da münasibət bildirib: "Əvvəla, bunu birbaşa Rusiyaya qarşı olması kimi dəyərləndirmək doğru deyil. Çünki Trampın bütün amallarda Rusiyaya münasibəti müsbət olub. İkincisi, Trampın fikrində həqiqət odur ki, Respublikaçılar Partiyası bütün zamanlarda Rusiyaya qarşı olub. Ayrıca Respublikaçılar Partiyası, bilavasitə hərbi- sənaye rəhbərləri ilə əməkdaşlıq edir.

Yəni Respublikaçıların namizədləri əksər seçkilərdə məhz silah və hərbi- sənaye liderləri tərəfindən müdafiə olunur. Silah şirkətləri də bütün zamanlarda Rusiyaya qarşı olublar. Çünki Rusiya silah ticarəti ilə məşğul olanların rəqibi hesab olunur. Ona görə də Amerikanın Rusiyaya qarşı davranışını yalnız Trampın istəyi kimi təqdim etmək doğru deyil. Sadəcə, Tramp məcburiyyət qarşısında Rusiyaya qarşı addımlar atılmasına razı olub, bu qərarlara qarşı getməyib. Çünki bu qərarlara qarşı getmək Trampın Rusiyanın adamı olduğu iddiasını daha da gücləndirər və nəticədə Ağ Ev rəhbərinin Respublikaçılar Partiyasındakı siyasi mövqelərini sarsıdardı. Ona görə də Trampın ciddi mənada Rusiyaya qarşı olduğunu iddia etmək doğru deyil.

O ki qaldı, "Şimal Axını- 2” layihəsi ilə bağlı Trampın mövqeyinə, bu bütünlükdə Amerikanın geosiyasi maraqları ilə bağlıdır. Çünki ABŞ Avropanın enerji bazarında tək hakim olmaq və Rusiyanı buradan sıxışdırıb çıxarmağa çalışır. "Şimal Axını- 2” layihəsi ilə bağlı ABŞ Konqresinin hər iki palatası, eyni zamanda Respublikaçılar Partiyası, Prezident Adminstrasiyası və Trampın özü də bu sərt mövqe bildirib, bu layihəyə qarşı çıxdılar. Çünki ABŞ dövlət maraqlarından söhbət gedirsə, hansısa lobbi və ya qlobal maliyyə şəbəkələri rol ala bilmirlər. Bu layihə ABŞ maraqları ilə üst-üstə düşmədiyi üçün ona qarşı çıxılıb. Bu Trampın Rusiyaya qarşı öz mövqeyi ilə bağlı deyil”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da deyib ki, Rusiya Baydeni yox, Trampı hakimiyyətdə görmək istəyir: "Rusiyaya Baydendənsə, Tramp sərf edir. Sadəcə Tramp bu fikirləri manipulyasiya edir. Çünki Tramp seçildiyi gündən Rusiyaya ilə münasibətlərin normallaşmasına çalışır. O zaman da Rusiyanın hakerlər vasitəsi ilə seçkilərdə Trampa dəstək olduğu şayiələr yayıldı. Bunlar sübut olunmasa da ictimai fikrə təsir edir. İndi Rusiya niyə Trampın əleyhinə çıxsın ki? Putinin özünün Trampa rəğbəti var.

Hesab edirəm ki, Cozef Bayden prezident seçilərsə, Rusiya ilə onsuz da yaxşı olmayan münasibətlər daha da gərginləşəcək. Hazırkı sanksiyalara Tramp mane ola bilmədiyi üçün Rusiyaya tətbiq edilir. Çünki ABŞ rəhbərliyi təkcə Trampdan ibarət deyil. Baydenin gəlişi Rusiya ilə münasibətləri daha da gərginləşdirəcək, bu isə Kremlə sərf etmir. Ona görə də Tramp seçicilər qarşısında reytinqini artırmaq üçün elə görünməyə çalışır ki, guya Rusiya onun yox, Baydenin dostudur. Qaldı Trampın Rusiyaya qarşı sərt olması fikrinə, burda müəyyən qədər həqiqət var.

Tramp haqlı olaraq "Şimal Axını- 2” layihəsi ilə bağlı Almaniyaya irad bildirdi ki, sənin təhlkəsizliyini mən qoruyuram, NATO-ya ən çox maliyyə ayırıram və Rusiyaya sanksiya tətbiq edirəm, sənsə ondan qaz alırsan. Amma bu da Trampın Rusiyaya qarşı siyasətinin sərtləşməsi anlamına gəlməz. Rusiyaya sanksiyaları Tramp yox, Konqres qəbul edir. Yəni Rusiyaya qarşı sanksiyaları Konqres sərtləşdirir. Konqresin də böyük əksəriyyəti Trampın əleyhinədir. Konqres Trampın istədiyi kimi hərəkət etsəydi, bəlkə də Rusiyaya qarşı sanksiya tətbiq olunmazdı. Hərbi sahədə isə yenə də Trampın Rusiyaya qarşı ciddi təsiri olmayıb. NATO-nun Şərqə doğru genişlənmə layihəsi var ki, bu da Trampdan əvvəl qəbul edilib. Yəni Trampın elə bir addımı olmayıb ki, Rusiyaya qarşı hərbi təzyiq artsın”.

Əli Bədir





Həftənin ən çox oxunanları