Yuxarı

Qarabağ savaşı yeni müstəviyə keçir

Qarabağ savaşı yeni müstəviyə keçir

Qarabağ savaşı yeni müstəviyə keçir

Ermənistan Azərbaycana qarşı təxribatları durdurmaq bilmir.

Bir tərəfdən Livanda yaşayan ermənilərin, digər tərəfdən isə PKK-nın Dağlıq Qarabağa yerləşdirilməsi və 21 sentyabrda əsgərimizin də şəhid edilməsi artıq Ermənistanın danışıqlar prosesini heçə saydığının bariz göstəricisidir. Ermənilər havadarlarının dəstəyi ilə Azərbaycana əzələ nümayiş etdirməyə, onun suveren ərazilərini terror yuvasına çevirməyə çalışır.

Digər tərəfdən onsuz da 26 ildən çoxdur ki, heç bir mənası olmayan danışıqlar prosesinin dayanması da vəziyyətin nə yerdə olduğundan xəbər verir.

Ölkə başçısı İlham Əliyev də Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, onlar (ermənilər) yeni böyük müharibəyə hazırlaşırlar. Bizdə operativ kəşfiyyat məlumatı var.

Belə oluğu halda Azərbaycan antiterror əməliyyatlarına başlamalı, yoxsa yenə də sülh danışıqlarına ümid bağlamalıdır?

Politoloq Natiq Miri "Cümhuriyət”ə açıqlamasında deyib ki, Azərbaycan qabaqlayıcı tədbir olaraq gözlənilmədən antiterror əməliyyatlarına başlamalıdır:

"İdarəçilikdə risklərin idarə olunması anlayışı var. Azərbaycan üçün hazırkı vəziyyətdə önləyici tədbirlərin görülməsi əsasdır. Azərbaycan müharibənin və ya təxribatın olub- olmamasından asılı olmayaraq bütün həmlələrə hazır olmalıdır. Bu hazırlıq təkcə Ermənistana qarşı deyil, onun havadarlarına qarşı da olmalıdır. Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını öz gücünə işğal etməyib. Onun arxasında konkret böyük güclər var ki, bu gün Ermənistanı müharibəyə təhrik edən də onlardır. Söhbət konkret olaraq Rusiyadan gedir. Ona görə də ordunun nizamını və təchizatını gücləndirməklə bərabər, Ermənistanın arxasındakı gücü də neytrallaşdırmaq üçün mütləq mənada müəyyən tədbirlər görülməlidir. Bu məsələdə Azərbaycanın yeganə dəstəkləyicisi qardaş Türkiyədir. Ona görə də hesab edirəm ki, bu məsələdə Türkiyə ilə lazım olan bütün addımlar atılmalıdır. Əgər sözügedən böyük müharibə gözlənilirsə, Azərbaycan təcili qaydada bütün təchizatını tamamlamalıdır. Bu təchizat isə Türkiyədən alınmalıdır. Çünki perspektivdə Rusiyadan alınan silahların ehtiyat hissələri ilə bağlı süni problemlər yaradıla bilər. Ona görə Azərbaycan bu istiqamətdə də qəti qərarını verib, istiqamətini 180 dərəcə dəyişməlidir. Çünki bu məsələdə səmimi olaraq yalnız qardaş Türkiyə Azərbaycana yardım edə bilər. Ən nəhayət Azərbaycan Ermənistanın bu aqressiv siyasətini bütün dünyaya bəyan etməli, eyni zamanda Rusiyanın yardımı ilə başqa ölkələrdən müxtəlif terror qruplaşmalarının Qarabağa gətirilməsini dünyaya duyurmalıdır. Bundan doğa biləcək nəticələrin məsuliyyəti isə Ermənistanın və onun havadarlarının üzərinə qoyulmalıdır. Çünki Ermənistanın bu addımı beynəlxalq hüquqa daban- dabana ziddir. Məhz bundan sonra Azərbaycan qardaş Türkiyə ilə birgə işğal altında olan ərazilərimizdə lojistik təlim mərkəzi yaradıb, terror qruplaşmalarına qarşı antiterror əməliyyatı başlatmalıdır. Əgər Qarabağ ərazisində terror ocaqları yaradılırsa və o yerləşdirilən PKK terrorçuları Türkiyəyə təhdiddirsə, onda Azərbaycan beynəlxalq hüquq çərçivəsində tanınmış hüquqlarından istifadə edib, öz ərazisində antiterror əməliyyatı başlatmalıdır. İndi əlimizdə konkret faktlar var. Sabah bu olmaya da bilər. Əldə olan görüntülər və digər faktlar beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunmalıdır. Bundan sonra Azərbaycan öz ərazilərində antiterror əməliyyatı keçirmə hüququnu özündə saxladığını bəyan etməlidir.

Ekspert hesab edir ki, Azərbaycan antiterror əməliyyatlarına başlayacağını da Türkiyə ilə razılaşdırmalıdır:

"Ayrıca, bu gün Türkiyə dövləti İraqın və Suriyanın şimalında antiterror əməliyyatları keçirməklə PKK-nı o ərazilərdə sıxışdırıblar. Hazırda Türkiyədə barmaqla sayıla biləcək qədər PKK terrorçuları qalıb. Onlar da başqa dövlətlərin ərazilərində "lojistik” təlim mərkəzləri yaradırlar. Bu mərkəzlərdən biri əgər İraqın şimalındakı Qəndil idisə, artıq terrorçular kütləvi şəkildə ordan da Sincar əyalətinə qaçırlar. Çox güman ki, Türkiyə tezliklə Sincara qarşı da antiterror əməliyyatı keçirəcək. Belə olan təqdirdə PKK terrorçularının Ermənistana və işğal altındakı Azərbaycan torpaqlarına qaçmaqdan başqa çarəsi qalmır. Bunu qətiyyən diqqətdən qaçırmaq olmaz. Bəzi siyasilər terrorçuların Ermənistana və Qarabağa yerləşdirilməsini əzələ nümayişi kimi dəyərləndirir. Amma belə deyil, həqiqətən də PKK və ASALA terrorçuları Ermənistan ərazilərində, Dağlıq Qarabağda yerləşdirilir. Məhz bu terrorçular çox rahatlıqla İran ərazisindən Ermənistana köçürülürlər. Yüzlərlə PKK terrorçusunun bu gün İran ərazisində dayanıb nə zaman Ermənistana köçəcəkləri haqqında konkret məlumatlar var. Bu da həm Azərbaycan, həm Türkiyə, həm də bütövlükdə bütün region üçün ciddi təhlükədir. Bu təhlükəni bəyan etdikdən sonra Azərbaycan Ermənistanın nə zaman təxribat törədəcəyini gözləməli deyil. Türkiyə öz təhlükəsizliyini antiterror əməliyyatlarına başladığı kimi Azərbaycan da başlamalıdır. Bu əməliyyatla Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməklə prosesi bitirə bilər. Bundan sonra konkret Dağlıq Qrabağ problemini masa arxasında həll etmək Azərbaycan üçün daha rahat olacaq. Ona görə də hesab edirəm ki, Azərbaycan qabaqlayıcı tədbir olaraq qəflətən antiterror əməliyyatına başlamalıdır və istiqmətdə məsələ Türkiyə ilə razılaşdırılmalıdır. Düşünürəm ki, əgər Azərbaycan belə bir qərar verərsə, Türkiyə də öz qardaşının yanında olacaq”.

Əli Bədir





Həftənin ən çox oxunanları