Yuxarı

Ermənilər razılaşmanı pozsa: "Bu, onlar üçün intihara bərabərdir”

Ermənilər razılaşmanı pozsa:

Ermənilər razılaşmanı pozsa:

Sentyabrın 27-dən Azərbaycanın apardığı Vətən müharibəsi noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan tərəflərinin imzaladığı 9 bəndlik müqaviləyə əsasən dayandırıldı.

Yəni artıq aktiv hərbi əməliyyatlara son verildi. Məlum olduğu kimi, müqaviləni Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Bu gün əsəs məsələlərdən biri də Paşinyan devrilərsə, müqavilənin taleyinin necə olacağıdır. Çünki gedişat Paşinyanın devriləcəyini göstərir deyə bilərik.

Baxmayaraq ki, Paşinyan istefa verməyəcəyini bildirir. Lakin erməni xalqı birmənalı şəkildə Paşinyanı onları aldatmaqda ittiham edir və istefasını istəyirlər. Bu da o deməkdir ki, Ermənistana yeni rəhbər gələcək. Yeni rəhbərin Rusiyanın qəbul etdiyi və ona sadiq adamın olacağı da ayrıca müzakirə mövzusudur. Lakin bunu da 100 faizlə demək çətindir.

Ola bilər ki, gələn yeni rəhbər Paşinyanın imzaladığı müqavilələri tanımaqdan imtina etsin. Ermənistan bundan öncə də belə addımlar atıb və hakimiyyəti dəyişərək razılaşmaları pozub.

Maraqlıdır, Paşinyan devrilərsə, 10 noyabrda imzalanmış 9 maddəlik Qarabağ müqaviləsi pozula bilərmi?

1992-93-cü illərdə mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş siyasi şərhçi Oqtay Qasımov "Cümhuriyət”ə açıqlamasında deyib ki, 10 sentyabrda Qarabağla bağlı imzalanan müqavilədən sonra Ermənistanda yaranan vəziyyət Paşinyanın hakimiyyətdən gedəcəyinin kifayət qədər real göründüyünü deməyə əsas verir:

"Sentyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış müqavilə İrəvanın qarışmasına səbəb olub. Ermənilər bu müqaviləyə imza atan Nikol Paşinyanın istefasını tələb edirlər. Mövcud vəziyyət Ermənistanda hazırkı hakimiyyətin gedişini real edir.

Ermənistan cəmiyyəti özünün nasist, radikal millətçi və terrorçu təfəkkürü ilə bu məğlubiyyəti qəbul etmək istəmir. Onlar özləri haqqında böyük miflər yaradıb, onun təsirində yaşayırlar. Ermənilər elə düşünürlər ki, guya 90-cı illərdə bizim rayonları öz hesablarına işğal ediblər. Lakin bunu hər kəs bilir ki, o torpaqlar kimin hesabına erməni işğalına düşüb və onlara kimlər havadarlıq edib. Təbii ki, belə illuziyalarla yaşayan ermənilər mövcud məğlubiyyəti Paşinyana və onun komandasına bağışlamayacağını bildirirlər. Məlum olduğu kimi, hələ bu müqavilədən bir müddət əvvəl də Paşinyanın hakimiyyətdən əl çəkməsi tələb olunurdu. Bu çağırışı ilk dəfə açıq şəkildə Ermənistanın keçmiş Baş naziri Vazgen Manukyan etmişdi. O bildirirdi ki, ölkədə hakimiyyət dəyişməli, hərbçilərə verilməli və "Qurtuluş Komitəsi” yaranmalıdır. Guya həmin komitə aparılan savaşda hansısa dönüş nöqtəsi edəcəkdi. Ondan sonra baş verən hadisələr, Ermənistan ordusunun darmadağın edilməsi erməni cəmiyyətini və siyasi qüvvələrini hərəkətə gətirdi. Nəticədə Ermənistanın 17 partiyası Paşinyanın istefa verməsi tələbi ilə çıxış etdi”.

Ekspert əlavə edib ki, Şuşanın azad edilməsi ermənilərin və bütün dünyanın Azərbaycan ordusu haqqındakı fikrini dəyişdi:

"Şuşanın azad edilməsi, özü də hansı şərtlər daxilində azad edilməsi ermənilərin və dünyanın ordumuz haqqındakı fikrini dəyişdi. Ermənilər deyirdilər ki, guya Azərbaycan ordusu torpaqları dronların köməyi ilə geri alır. Lakin Azərbaycan ordusu Şuşanı artilleriyasız, dronsuz, dumanlı hava şəraitində azad edəndən sonra ermənilər qorxuya düşməyə başladılar. Rusiya və digər dövlətlərin mətbuat orqanlarının yazdıqlarından da bu heyrəti görmək olur. Əgər Rusiya bu şəkildə müdaxilə edib, sülhməramlı adıyla əsgərlərini Qarabağa yerləşdirməsəydi, Azərbaycan ordusu 1 və ya 2 gün ərzində Xankəndini də azad edəcəkdi. Çünki Xankəndi digər ərazilərlə müqayisədə daha az müdafiə olunurdu. Bundan sonra Nikol Paşinyan və Arayik Harutyunyan vəziyyəti dəyərləndirib, gələcəkləri üçün doğru addım atdılar. Beləliklə də müqaviləni imzaladılar. Çünki müqavilənin imzalanmayacağı təqdirdə Dağlıq Qarabağ ərazisində heç bir erməni terrorçusu qalmayacaqdı. Bunu qondarma rejimin rəhbəri Arayik Harutyunyan da etiraf etdi. Hər halda Nikol Paşinyanın hakimiyyətdən gedəcəyi realdır. Baxmayaraq ki, onun verdiyi açıqlamalar müqaviləni imzalama səbəblərini izah edir”.

O.Qasımov hesab edir ki, Ermənistan parlamenti Nikol Paşinyanın imzaladığı müqaviləni ratifikasiya etməzsə və müharibəyə başlayarsa, o zaman Azərbaycana Rusiyanın sülhməramlı adı ilə Dağlıq Qarabağa yerləşdirdiyi hərbi birləşmələri də mane ola bilməz:

"Paşinyan devriləcəyi halda Ermənistan parlamenti əgər onun imzaladığı müqaviləni ratifikasiya etməyib, ləğv edəcəksə, bu, o demək olacaq ki, ermənilər müharibəni davam etdirməyin tərəfdarıdırlar. Buna getsələr, o zaman Azərbaycan ordusunu heç nə saxlaya bilməz. Belə olan halda, Dağlıq Qarabağda və digər ərazilərdə olan erməni terrorçuları son nəfərinədək Azərbaycan ərazilərinin kənarına çıxarılacaq. Hətta bunun qarşısını Rusiyanın sülhməramlı adı ilə Dağlıq Qarabağa yerləşdirdiyi hərbi birləşmələr də ala bilməz. Çünki bu zaman məsuliyyət Rusiyanın üzərinə düşür. Rusiya ya Ermənistandakı siyasi qüvvələri, parlament mənsubu olan partiyaları inandırmalıdır ki, onlar bu addıma getməməlidir və gedəcəkləri halda bir daha Azərbaycan ordusunun ağır zərbələrini yemək məcburiyyətində qalacaqlar. Əgər inandıra bilməsə, onda Rusiya sülhməramlıları bizim qarşımızdan çəkilməlidirlər və biz problemimizi özümüz həll etməliyik. Hesab edirəm ki, Rusiyanın da imzaladığı bu razılaşmadan Ermənistanın imtina etməsi faktiki onların intiharı olar”.

O. Qasımov son olaraq Ermənistanın hərbi əməliyyatlara başlayacağı təqdirdə Rusiya sülhməramlılarının aqibətinin necə olacağından da danışıb:

"Əgər Ermənistan bu razılaşmanı pozub hərbi əməliyyatlara başladığını bildirsə, Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının mövqeyinin necə olacağı sual doğurur. Hər halda bu diplomatik yolla həll edilən məsələdir. Rusiya qoşunlarının bura gəlməsini ən çox istəyən Ermənistan olub. Paşinyan həm özünün müsahibələrində, həm də Rusiya prezidentinə yazdığı rəsmi məktubda bildirmişdi ki Rusiya qoşunlarının sülhməramlı formada Qarabağda yerləşdirilməsi münaqişənin həllində ən optimal variant ola bilər. Rusiyanın da regionun böyük ölkəsi olaraq hər iki tərəfin qəbul etməsi ilə burada böyük məsuliyyəti var. Ermənistan siyasiləri də vəziyyəti müzakirə edib razılaşmanın pozulmasının qarşısını almalıdır. Əgər Kreml bu istiqamətdə Ermənistana sözünü keçirə bilməyəcəksə, hesab edirəm ki, Azərbaycan və Rusiya tərəfləri qısa müddətdə bu məsələdə razılığa gələ bilərlər. Rusiya sülhməramlıları kənara çəkilə bilər. Nəticədə Ermənistan silahlıları Azərbaycan ordusunun qarşısına buraxılar və ordumuz da davamlı olaraq ağır zərbələri endirər. Onsuz da Rusiya olmasaydı 10-15 günə işğal olunmuş torpaqlarımızdakı Ermənistan hərbi qüvvələri tamamən darmadağın olunacaqdı”.

Əli Bədir





Həftənin ən çox oxunanları