Yuxarı

Ordumuz Xankəndinə qədər gedəcək: "Buna müdaxilə etmək...

Ordumuz Xankəndinə qədər gedəcək:

Ordumuz Xankəndinə qədər gedəcək:

Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azadetmə əməliyyatını böyük əzm və uğurlarla davam etdirir.

Artıq əməliyyatların həlledici mərləhəyə daxil olduğu bildirilir. Hər iki tərəfin də rəsmi açıqlamalarına görə, döyüşlər Ağdərə, Ağdam, Xocavənd, Qubadlı, Kəlbəcər və Şuşa istiqamətlərində davam edir. Əsas məsələlərdən biri də Xankəndinin azad edilməsidir. Təbii ki, Azərbaycan ona məxsus olan torpaqların hamısını azad edəcək. Lakin Xankəndinin azad edilməsini yalnız ermənilər deyil, onun havadarları da istəmir.

Ona görə də bunun həyata keçməməsi üçün əllərindən gələni etməyə çalışırlar. Çünki Xankəndinin relyefi strateji cəhətdən digər rayonların açarı hesab olunur.

Xankəndini azad edərkən Azərbaycan hansısa xarici təzyiqlərlə qarşılaşa bilərmi?

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov "Cümhuriyət”ə açıqlamasında deyib ki, hələlik belə bir tendensiya müşahidə olunmur:

"Bu rayonların hansının azad edilməsindən asılı olmayaraq, heç bir fərqi yoxdur. Çünki hamısı bizim işğal olunmuş rayonlardır. Bu baxımdan ermənilərin və ya başqalarının bunu necə qarşılayacağının biz üçün bir əhəmiyyəti yoxdur. Azərbaycanın öz mövqeyi var və biz, öz ərazilərimizi azad edirik. Qaldı xarici təzyiqlər məsələsinə, mən hazırda onları görmürəm. Bu Azərbaycanın öz ərazisində apardığı hərbi əməliyyatlardır və buna müdaxilə etmək beynəlxalq hüququn normalarını pozmaq olar”.

Məsələyə münasibət bildirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, heç bir xarici təzyiq gözlənilən deyil və biz bu məsələdə rahat ola bilərik:

"Biz Xankəndinin azad edilməsi ilə bağlı xarici təzyiqlərlə üzləşə bilmərik. Xankəndidə yerləşən hərbi obyektləri və texnikanı, Şuşadakı hərbi texnikaları dağıdırıq ki, onlardan bizə qarşı istifadə edə bilməsinlər. Bəlkə də bizim Şuşada və Xankəndində yerləşən hərbi obyekt və texnikaları hədəf almağımız ermənilərə yuxu kimi gəlir.

Çünki onlar yanlış olaraq beynəlxalq aləmin və Ermənistanın dostlarının onu müdafiə edəcəyini düşünürdülər. Göründüyü kimi, heç birindən səs çıxmadı. Səs çıxa da bilməz. Çünki biz ərazi bütövlüyümüzü təmin edirik. Biz ermənilər kimi mülki əhalini hədəf seçirik. Şuşa və Xankəndidə vurduğumuz yalnız hərbi obyektlərdir. Beynəlxalq aləm də bunu anlayır və heç bir təzyiq göstərmir. Eləcə biz Xankəndini azad edəndə də bu təzyiqlərlə üzləşməyəcəyik”.

Ekspert hesab edir ki, hətta müəyyən təzyiq elementləri olsa da, bu Azərbaycanın mövqeyinə təsir etməyəcək:

"Xaricdən səslənən müəyyən açıqlamalar ola bilər. Bu həmişə olub. Amma təzyiq olmayacaq. Bundan arxayın ola bilərik ki, bizi nəyəsə məcbur edə bilməzlər. Biz açıq şəkildə demişik ki, Qarabağda yaşayan mülki ermənilər istəsələr bizim qanunlarımızı qəbul edib, yaşaya bilərlər. İstəməsələr də çıxıb gedə bilərlər. Bu da bizim əsas şərtimizdir. Burda da biz beynəlxalq hüquqa zidd heç bir addım atmırıq. Hansı ölkə razılaşar ki, onun ərazisində yaşayıb qanunlarını qəbul etməsinlər? Yenə deyirəm, müəyyən açıqlamalar, təzyiq elementləri olsa da bu bizim mövqeyimizə elə də təsir göstərə bilməyəcək. Əslində biz böyük dövlətlərdən və beynəlxalq təşkilatlardan Ermənistana müraciət edib, qoşunlarını bizim torpaqlardan çıxarmasını tələb etmələrini gözləyirik. Yəni hər iki tərəfdan daha artıq itki olmasın deyə, Ermənistana başa salmalıdırlar ki, onsuz da bu torpaqları işğalda saxlaya bilməyəcəklər. Ona görə də qoşunlarını çıxarsın. Çox təəssüf ki, biz hələ də Ermənistanı bu məsələdə ağıllandıran Qərb dövlətlərindən hansınınsa mövqeyini görmürük. Bütün bunlara rəğmən, kimsə bizə Xankəndini nəzarət altında saxladığımız üçün təzyiq edə bilməz”.

Əli Bədir





Həftənin ən çox oxunanları