Yuxarı

Qarabağ: Dağıdılmış şəhərlər necə qurulacaq?

Qarabağ: Dağıdılmış şəhərlər necə qurulacaq?

Qarabağ: Dağıdılmış şəhərlər necə qurulacaq?

Gözəl təbiəti olan rayon və qəsəbələrimizin, kəndlərimizin bir hissəsi işğaldan azad olundu.

Təəssüf ki, bəzi yaşayış məskənlərinin yerinə onarın xarabalıqları ilə qarşılaşdıq. İndi ölkəmizin qarşısında duran başlışa məsələlərdən biri də azad olunan bölgələrimizin yenidən qurulmasıdır. Bu istiqamətdə müxtəlif təklif və müzakirələr mövcuddur.

Bəzi ekspertlər hesab edir ki, bir sıra qəsəbələrin yerində şəhər salmaq olar. Qeyd olunur ki, məsələn, Hadrut qəsəbəsinin yerində 200 min əhalisi olan şəhər salmaq mümkündür.

Bu ərazilərin relyefi ərazidə böyük şəhərlərin salınmasına imkan verirmi?

Tarix, mədəniyyət abidələrinin bərpası üzrə mütəxəssis Aytəkin İmranova "Cümhuriyət” qəzetinin açıqlamasında bildirib ki, işğaldan azad olunan rayon və şəhərlərin qurulması ilə bağlı geniş ictimai müzakirələr aparılmalıdır:

"İctimai rəy öyrənilməlidir. Hesab edirəm ki, hər bir şəhərin, rayon mərkəzinin, kəndin özünəməxsusluğu qorunmaqla qurulmalıdır. Şəhərlərin, abidələrin fotoları qalmaqdadır. Abidələr bərpa ediliməlidir. Hər birinin öz görkəmi var idi. Doğrudur, müxtəlif sahələrdə müasir infrasturktur qurulmalıdır, müasir texnologiyalar tətbiq olunmalıdır. Ərazilərin həm iqlimi, həm relyefi nəzərə alınmalıdır. Düşünürəm ki, indi məcburi köçkünlər üçün tikildiyi kimi standart evlər tikilməməli, standart qəsəbələr salınmamalıdır. Müəyyən işlər var ki, onlar tez görülməlidir, amma şəhərsalma məsələsində geniş diskusiyalara ehtiyac var”.

Aytəkin İmranova qeyd edir ki, Mədəniyyət Nazirliyində dağıdılmış ərazilərin siyahısı var:

"Hər bir rayonun diyarşünaslıq müzeylərində zəngin abidələr var idi. Onlar talandı, dağıdıldı. Amma Zəngilanla Qubadlı arasında olan kurqan tipli abidələrdən qoç heykəlləri, qoyunbaşları heykəlləri - 200-300 abidə toplanmışdı. İndi onların harda olduğu məlum deyil. Hesab edirəm ki, beynəlxalq məhkəmələrə həm də daşınar və daşınmaz tarixi abidələrin dağıdılması ilə bağlı müraciət olunmalıdır, arxivlərdə olan fotolardan isitifadə olunmalıdır”.

Mütəxəssis işğaldan azad olunan rayonlarda yüksəkmərtəbəli binalar tikməklə böyük şəhərlər qurulmasına ehtiyac görmür:

"Rayon yerlərində standart, yüksəkmərtəbəli binaların tikilməsinə nə ehtiyac var ki... Balaca bir şəhərçik, qəsəbə salına bilər. Burada turistlər üçün hotellər tikilə bilər ki, onların da heç yüksək mərtəbəli olmasına ehtiyac yoxdur. Qalan torpaqlar isə sakinlər arasında bölünməli, insanların mülkiyyət hüquqları təsdiqlənməlidir və insanlar öz torpaqlarında öz təsərrüfatlarını, evlərini qurmalıdırlar. Həmin ərazilərin relyefi, təbiəti elədir ki, onu korlamağa ehtiyac yoxdur”.

Xatirə Nəsirova