Yuxarı

Güneydən Qarabağa dəstək: "Şuşaya bayraq sancılan kimi...”

Güneydən Qarabağa dəstək:

Güneydən Qarabağa dəstək:

Azərbaycanın diaspor nümayəndələri, xaricdə yaşayan soydaşlarımız Ermənistanın ölkəmizə qarşı təcavüzünə etiraz olaraq aksiyalar təşkil edir, müxtəlif şəhərlərdə Gəncə, Bərdə qurbanları yad edilir, müxtəlif ölkə rəhbərliyinə müraciət ünvanlanır.

Amma bunlar yetərli hesab olunmur. Diasporun dəstəyini qanedici hesab etməyənlər də var. Bu sırada xüsusi "umu -küsülər” Güney Azərbaycanda yaşayan soydaşlarımızla bağlı səslənir.

Baxmayaraq ki, cənubda yaşayan soydaşlarımızın torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə mənəvi dəstəyi ilk günlərdən hiss olundu, amma iddialar var ki, Güney Azərbaycan ayağa qalxmaqla Tehran rejimini Azərbaycana dəstəyə məcbur edə bilərdi.

Güneydə böyük etiraz aksiyalarının keçirilməsi imkanları nə qədərdir?

AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, səslənən fikirlərlə razı deyil:

"Soydaşlarımızın həm Qərb dünyasında, o cümlədən ABŞ-da göstərdiyi mübarizə əzmi, eləcə də Güneydəki qardaş-bacılarımızın göstərdiyi mövqe məni qane edir. İlk növbədə özümüzə sual verməliyik ki, biz bu işləri necə qurmuşuq. Azərbaycanda olan "beşinci kolon” bu proseslərin qarşısını alırdı. Avropa, Amerikada olan soydaşlarımızla iş prosesi lazimi səviyyədə deyildi, bu baxımdan da onlardan bundan artığını gözləmək mümkün deyil. Güneylə bağlı da ciddi siyasətimiz yox idi. Burada güney təşkilatları fəaliyyət göstərir, amma onların ora təsiretmə mexanizmi olduqca zəifdir. Bu təşkilatların əsas fəaliyyət istiqaməti güneylə bağlı tədbirlərin həyata keçirilməsi, dil məsələsinin gündəmə gətirilməsi, məktəbərdə Azərbaycan dilində təhsil və digər məsələlər olub. Güneydə Azərbaycan millətçiliyi uğrunda göstərilən çabalar onu deməyə əsas verir ki, orada istiqlala doğru bir proses gedir”.

Dilavər Əzimli soydaşlarımızın İran hökumətinin Ermənistanla bağlı siyasətinin dəyişməsinə nail olduqlarını deyir:

"Tehranda, Təbrizdə, Urmiyada mitinqlər keçirildi. Digər Cənubi Azərbaycan şəhərlərində bu cür aksiyaların qarşısını almağa nail oldular, amma Tehran, Təbriz öz sözünü dedi. Bunun nəticəsində İran hökuməti geri çəkildi, ordan Ermənistana göndərilən hərbi yardımların qarşısı alındı, mövqe dəyişikliyi baş verdi. Doğrudur, burada Azərbaycan ordusunun qələbələrinin rolu oldu. İran hökuməti bununla razılaşmalı oldu, amma Güneydəki prosesləri unutmayaq. Xudafərin kəndi azad olunan zaman ordakı soydaşlarımızın Azərbaycan ordusuna "at”, "vur” sözlərini, balaca oğlanın "bizim ordumuz” deməsini eşitdik. Bundan böyük həmrəylik olarmı? Amma aldığım məlumatlara görə, həmin ərazilərə əsgərlər düzüblər ki, soydaşlarımız burada gedən prosesləri dəstəkləməsinlər, amma bir qrup gəlib, həmin əsgərləri yarıb keçib. Bildiyimə görə burada Güneydən döyüşənlər də var, bir nəfər də şəhid olub. Bu proses gedəcək - artıq yüksəliş öz istiqamətini götürüb. Bizə qarşı qonşu dövlətlər - xüsusilə Rusiya, Ermənistan, İran tərəfindən çox haqsızlıqlar edilib. Bunlar sonu olmalıdır və artıq son gəlib çatıb. Şuşaya sancılacaq bayraq, sanki Təbrizə taxılacaq. Həmin bayraq taxılandan sonra görün Təbrizdə nələr baş verəcək. Bu baxımdan da İran hökumətinə üzümü tutub deyirəm - nə qədər ki, gec deyil yolunuzu düz tutun, orda ana dilimizdə məktəblər, bağçalar açın, siz özünüzü məhv edirsiz. Digər tərəfdən isə buradakılara sual vermək olar ki, siz Güney üçün nə etmisiniz. Dəfələrlə imkanlı adamlara müraciət etmişəm ki, ordakı kasıb ailələrə əl tutaq. İranda baş verən iqtisadi böhran nəticəsində Azərbaycanda oxuyan güneyli tələbələr təhsil haqlarını ödəyə bilmədilər və geri döndülər. Heç kim onlara kömək etmədi”.

Dilavər Əzimli deyir ki, Azərbaycanda eləcə də Orta Asiya türkləri ilə bağlı doğru siyasət qurulmayıb:

"Azərbaycanda "beşinci kolon” at oynadır. Azərbaycan, türk bayraqları ilə yanaşı Rusiya bayrağı altında yürüş keçirilməsi nə deməkdir - "20 Yanvar”ı unutdunuzmu?!”

Dilavər Əzimli deyir ki, güneydə aksiya keçirmək həddindən artıq çətindir:

"Bu ölümlə üz-üzə gəlmək deməkdir. Aksiya keçirənlər bilirlər ki, buna görə onları həbsə atıb, orda da öldürə, ailələrini məhv edə bilərlər. Onlar bunu göz önünə alıb aksiya keçirirlərsə, qəhrəmandırlar. Orda elə bir sistem var ki, bunları həyata keçirmək qeyri-mümkündür, amma onlar bunları edirlər. Onların həbsxanalarında olan vəhşilikləri, qızların başlarına gətirilən oyunları görsəniz dəhşətə gələrsiniz. Niyə görə onlar "Traktor” komandasının oyununda bu qədər qışqırırlar - onlar enerjilərini burada çıxarırlar. Bizim onlardan inciməyə haqqımız yoxdur. Onlar bizim yanımızdadır, hər gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Tvitter” səhifəsini izləyirlər, azad olunan kəndlərin adı açıqlananda sevinib, qışqırırlar. Bu ən böyük həmrəylikdir. Onlar 50 milyonluq xalqın Prezidenti kimi İlham Əliyevi görürlər”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları