Yuxarı

Makron Qarabağda savaşı alovlandırır

Makron Qarabağda savaşı alovlandırır

Makron Qarabağda savaşı alovlandırır

Dağlıq Qarabağ probleminin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupuna üzv dövlətlər yenə də Azərbaycanın öz torpaqlarını azad etməsini qəbul edə bilmirlər.

Halbuki onların yekdilliklə imzaladığı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) dörd qətnaməsi Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd- şərtsiz boşaldılmasını tələb edir. 27 ildən çoxdur aparılan danışıqların yeganə nəticəsi Ermənistanın ərazi bütövlüyünü təkrar pozaraq təxribat törətməsi oldu.

Buna görə də Azərbaycan Silahlı Qüvvələri əks- hücuma keçərək düşmənə cavab verməyə və işğal altındakı torpaqlarımızı azad etməyə başlayıb. Bunu görən erməni hamiləri yenidən əl- ayağa düşüblər.

Xüsusən Fransa Prezidenti Emmanuel Makron açıq şəkildə işğalçı Ermənistanın mövqeyini dəstəklədiyini bildirib. Bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin liderləri Dağlıq Qarabağdakı vəziyyətlə bağlı birgə bəyanat yayıblar. Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron tərəfindən imzalanan bəyanatda deyilir:

"Minsk Qrupunu təmsil edən ölkələr Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində gücün eskalasiyasını ən qəti şəkildə qınayır. Ölənlərin və yaralıların ailələrinə başsağlığı veririk. İştirakçı tərəflərin silahlı qüvvələri arasında hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq”.

Həmsədr ölkələrin liderləri, həmçinin, Ermənistan və Azərbaycan rəhbərlərini ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqları vicdanla və heç bir ilkin şərt irəli sürmədən dərhal bərpa etməyə dair üzərlərinə öhdəlik götürməyə çağırıblar.

Minsk Qrupunun savaşı dayandırmaq mexanizmi varmı? Yoxsa onların 27 ildə edə bilmədiklərini Azərbaycanın 5 gündə bacardığını qəbul edə bilmirlər?

Politoloq Qabil Hüseynli "Cümhuriyət”ə açıqlamasında deyib ki, sözügedən bəyanatı imzalayan 3 dövlətin bu gün danışmağa mənəvi haqqı çatmır:

"ATƏT- in Minsk Qrupunun əlində ancaq sülhyaratma mexanizmi var idi, onu da istifadə etmədi. Təəccüblüdür ki, Putin, Tramp, xüsusən də Makron nəyə görə bu qədər canfəşanlıq edir? Bəs Ermənistan Azərbaycanın bu torpaqlarını işğal edəndə, Xocalı soyqırımını törədəndə, 1 milyondan artıq insanı öz yurd-yuvalarından didərgin salanda bu üç dövlət harada yatmışdı? Nəyə görə susurdular? Bu gün onların danışmaq üçün mənəvi haqları yoxdur. Çünki onlar vaxtında o qədər xristian təəssübkeçliyi ilə ikili standartlara yol veriblər ki, Azərbaycanın tarixi torpaqlarının işğalında böyük rolları olub. Onların məsləhətlərinə ehtiyac yoxdur. Biz öz torpaqlarımızda döyüşürük. Bəyanatı yayan bu 3 həmsədrə sual vermək lazımdır ki, erməni əsgərləri Azərbaycan torpaqlarında nə gəzir? Əgər işğaldan danışırlarsa, işğalı kim törədib? Niyə işğalçının adı çəkilib, cəzalandırılmır? Deyilməli söz çoxdur. Yekdilliklə 4 qətnamə imzalayıblar. Bu gün Azərbaycanın öz torpaqlarını azad etməsinə qarşı çıxırlarsa, onda heç həmin qətnamələri də imzalamazdılar”.

Ekspert hesab edir ki, Azərbaycanın öz torpaqlarını xilas etməsi uğrunda apardığı döyüşlərə qarşı çıxmaq birbaşa beynəlxalq hüququn normalarını pozmaq hesab olunur:

"Əgər Azərbaycana öz torpaqları uğrunda apardığı döyüşlərə görə həmsədrlər tərəfindən təzyiqlər olunarsa, bu beynəlxalq hüququn normalarının tapdalanmasıdır. Beynəlxalq hüquq isə ancaq Azərbaycanın tərəfindədir. Heç 4 qətnamə də Azərbaycana maraqlı deyil. Biz öz torpaqlarımıza soxulmuş, minlərlə vətəndaşımızı qətlə yetirmiş, var- dövlətini talamış bir faşist xunta rejimi ilə mübarizə aparırıq. İndi Ermənistanın harayına qaçan dövlətlər zamanında niyə irəli gəlib inları sülhə məcbur etmirdilər? Ona görə də onların nə hüquqi, nə də mənəvi haqqı yoxdur”.

Qabil Hüseynli bilririb ki, Makron Fransa Prezidenti yox, erməni diasporasının sədri kimi çıxış edir:

"BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkənin prezidenti Ermənistanın diaspora sədri kimi çıxış edir. Makron Ermənistan üçün əldən- ayaqdan gedir. Makronun ermənilərə sevgisi varsa, başqa yerdə bəyan etsin. Daha ortalığa girib vəziyyəti daha da qızışdırır. Makronun hərəkətlərini diplomatik kontekstdən də izah etmək mümkün deyil. O, sözün əsl mənasında normal insana yaraşmayan bir formada aranı qatmaqda davam edir”.

Əli Bədir





Həftənin ən çox oxunanları